Redaksiyamıza müraciət edən oxucularımızın bildirdiyinə görə, demək olar ki, bir sıra ərzaq məhsulları yerə qoyulub satılır. İradlar əsasən belədir:
“Alverçilərin çoxu piştaxtaya görə ayrıca pul vermirlər. Buna görə də limonu, göyərtini, ən çox da balıqları yerə qoyub satırlar”.
Bu mövzu ilə əlaqədar danışan mütəxəssislər bu qaydada satılan məhsulların insan sağlamlığına ciddi şəkildə mənfi təsir etdiyini deyirlər:
“Xüsusən də ət və ət məhsulları, göyərtilər və ya ağartı məhsulları antisanitar vəziyyətdə satılırsa, bu, birbaşa həmin məhsulların keyfiyyətinə təsir göstərir. Təbii ki, bu şəraitdə satılan məhsullardan bir çox xəstəliyə tutulmaq və ya zəhərlənmək mümkündür. Bundan başqa, toz-torpağın içərisində çirkli şəraitdə satılan göyərtilərin üzərində toplanan bir çox bakteriyalar insan orqanizminə keçir və orqanizmdə müxtəlif fəsadlara gətirib çıxarır”.
Rayonda balıq məhsulları adətən bazarın arxa giriş hissəsində satılır. Mütəxəssislərin sözlərinə görə, bu balıq məhsulları insanlarda zəhərlənməyə səbəb ola bilər.
“Tozdan və ya çirkli sudan balığın qəlsəmələrinə yapışan mikroblar insan sağlamlığına mənfi təsir edə bilər. Saxlanıldığı sudan da balığın bədəninə zəhərli maddələr sorula bilər ki, bu da insanlarda balıq yedikləri zaman zəhərlənməyə səbəb olur. Ona görə də bu məhsulları alanda təzə olması ilə yanaşı, harada, hansı şəraitdə satılmasına da diqqət etmək lazımdır”.
Aidiyyatı qurumlar, xüsusilə rayon Gigiyena və Epidemiologiya Mərkəzi bu barədə təsirli tədbir görməlidirlər.
“Muğanın səsi”