Hər il may ayından sentyabra qədər balıq ovuna qadağa qoyulur. Artıq həmin qadağa müddəti bitib. Bu isə o deməkdir ki, sənaye məqsədilə balıq ovuna icazə verilib. Bununla belə bəzi balıq növlərinin ovlanması indi də qadağan olaraq qalır. Söhbət hansı balıqlardan gedir? Ümumiyyətlə, qadağan olunan vasitələrlə balıq ovlayanları hansı cəzalar gözləyir?
Satış məqsədi ilə su hövzələrində balıq ovuna icazə verilsə də, bəzi balıq növlərinin ovlanmasına qadağa qüvvədə qalır.
Su Nəqliyyatında Polis İdarəsinin Brokaniyerliyə qarşı mübarizə və balıq ehtiyatları mühafizə bölməsinin rəisi Aydın Şəkərəliyev deyir ki, Xəzər dənizinin balıq ehtiyatı azalır. Buna görə də, indiki dövrdə təbii su hövzələrində balıq ehtiyatlarının qorunması vacibdir
Ov zamanı zəhərli, kimyəvi və partlayıcı maddələrdən, sintetik tor və elektrik cərəyanından istifadə etmək olmaz. Üstəlik, sənaye balıq ovu ilə məşğul olan şəxslər ayrılan kvotaları aşmamalıdır. Bu tələblərə əməl etməyən brokaniyerlər Su Nəqliyyatında Polis İdarəsi tərəfindən məsuliyyətə cəlb edilirlər.
Aydın Şəkərəliyev bildirdi ki, əgər balıq ovu zamanı dövlətə dəyən zərər 1000 manatı ötürsə, bu zaman həmin şəxs cinayət məsuliyyətinə cəlb edilir. Həmin şəxslər qadağan olunmuş vasitələrlə balığın kütləvi məhvinə səbəb olarlarsa, 3-6 min manat arasında cərimələnirlər. Balıq ovunu qrup halında əlbir olaraq həyata keçirən hər bir şəxs isə 6-9 min manat arasında cərimələnə, və ya 2 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası ala bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirildi ki, sənaye balıq ovu ilə məşğul olanlar mütləq icazə almalıdırlar.
Həmçinin ov zamanı istifadə edilən üzən vasitələr qeydiyyatdan keçirilməli, ovlanmış balıq və digər su bioresursları barədə məlumatları əks etdirən vətəgə jurnalında gündəlik qeydiyyat aparılmalıdır.