• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Diqqətli olun! Yağ bazarında işlər yağ kimi gedir...?

  • 25.06.2021, 16:15, Baxış sayı:
  • 606
Diqqətli olun!  Yağ bazarında işlər yağ kimi gedir...?
Kərə yağını
necə tanımalı? –Araşdırma

Ekspertlər uyğunluq sertifikatı olmayan, ucuz yağları almamağı məsləhət görürlər
Son günlərdə ölkənin ərzaq bazarında saxta yağların satılması haqda məlumatlar ara vermir. Məlumatlarda qeyd olunur ki, Azərbaycana 50 min tona yaxın "Palma" yağı idxal olunub ki, kq-ı dünya bazarında 60 qəpik olan bu yağ ticarət mərkəzlərində əhaliyə kərə yağı adı ilə 2-5 manata satılır. Bundan başqa, ticarət mərkəzlərində kütləvi şəkildə kərə yağı adı ilə kərə yağı əvəzedicilərindən istifadə edilməklə hazırlanan süni yağlar da satılır. Bu xəbərlər istehlakçıların narahatlığına səbəb olub. Bəs, alıcılar bu vəziyyətdə nə etməlidirlər, saxta və təhlükəli "kərə yağlarını" necə tanımaq olar, belə yağların sağlamlıq üçün hansı təhlükələri var?
Bu suallara aydınlıq gətirmək üçün mütəxəssislərlə kiçik bir araşdırma apardıq.
Azərbaycanda əhalinin kərə yağına olan illik tələbatı təxminən 35 min tondur. Rəsmi məlumatlara görə, bunun üçdə ikisi ölkədə istehsal olunur, qalanı xaricdən gətirilir. Ölkəyə əsasən, Rusiya, Ukrayna, Belarus, Almaniya, Avstraliya və Yeni Zellandiyadan yeyinti yağı idxal olunur. Lakin mətbuatda yayılan məlumatlara görə, satışda olan yağların 90%-dən çoxu burada qablaşdırılır və xarici yağ adı altında istehlakçılara satılır.
Qeyd olunur ki, ucuz qiymətə (2-5 manat arasında) satılan bu yağların tərkibinin əsas hissəsi trans yağlardır, bitki yağları və palma yağlarıdır ki, onlara da xüsusi maddələr qatılaraq kərə yağının dadı və ətiri alınır. Onların tərkibinə kərə yağı əvəzedici kimi tanınan kimyəvi maddələr vururlar ki, bu da sağlamlıq üçün çox təhlükəlidir.
Kərə yağı adı ilə satılan bir çox yağların tərkib məlumatlarında açıqca kərə yağı əvəzedicisindən hazırlandığı yazılır. Bəzilərinin üzərində qeyd olunur ki, kərə yağının iştirakı ilə (с сливочное масло) hazırlanıb. Yəni, bu məhsulun tərkibinə bir qədər kərə yağı da qatılıb. Sadəcə adı kərə yağı olduğundan əksər alıcılar, kiçik hərflərlə yazılmış tərkib məlumatları oxumadan bu məhsulu təbii kərə yağı zənn edərək alırlar.
Azərbaycanda kərə yağı istehsalı ilə məşğul olan şirkətlərin məhsullarının keyfiyyəti ilə bağlı da ciddi şübhələr var. İddia olunur ki, yerli istehsal yağlar da təbii tərkibli deyil və müxtəlif kimyəvi qatqılar vasitəsilə hazırlanır.
Bəzilərinin üzərində açıqca qeyd olunur ki, kərə yağı ilə hazırlanıb (yəni tərkibində bir az kərə yağı da var), ya da "kərə yağı dadlı" qeydi vurulur, lakin bunlar alıcılara kərə yağı adı ilə satılır.
Məsələn, "Kərəm" adlı yağ 2,5 manata satılır ki, bu da sübut edir ki, bu kərə yağı deyil. Bu, 2-6 manat arasında satılan bütün yağlara da aiddir.
Yeni Zelandiyadan gəmi ilə 2 aya gətirilən yağ necə olur 4 günə gəlr?!
Bəzi yağlar xarici marka adları altında satılır, lakin ölkədə düzəldilib. Məsələn, "Bestgov" və "Newland" adlı yağları misal göstərmək olar. Hətta rast gəldiyimiz bir nümunədə "Newland" yağının üzərində 4 gün qabaq istehsal olunduğu qeyd olunub və Yeni Zelandiya məhsulu olduğu yazılıb. Halbuki, Yeni Zelandiyadan Azərbaycana yağ gəmi ilə gətirilir və təxminən 2 aya çatır. "Bestgov" yağının isə üstündə Yeni Zelandiya yazılıb, lakin arxasında xırda hərflərlə rekvizit məlumatlarında Azərbaycanda istehsal olunduğu qeyd olunub.
İş o yerə gəlib çatıb ki, bəzi mağazalarda qiyməti 2 manat göstərilən "kərə" yağları satılır və bu yağın üzərinə "Moskva" və ya "Rusiya" kərə yağı yazılıb. Ən adi məntiqə əsaslansaq məlum olar ki, maya dəyəri bir yana qalsın, həmin qiymət bu məhsulun Rusiyadan idxalına çəkilən rəsmi və qeyri-rəsmi xərci güclə ödəyər.
Bir çoxları yağın üzərinə rus adları yazmaqla alıcılarda bu yağın Rusiya istehsalı olması haqda təəssürat yaratmağa çalışırlar, lakin çox xırda hərflərlə yazılmış rekvizit məlumatları oxuyanda görürsən ki, bu yağı hansısa filan fiziki şəxs hazırlayır.
Demək dəqiq aydındır ki, burada hansısa cinayətkar şəbəkə iqtisadi təxribat törədib əhalini və dövləti aldadır. Müvafiq orqanlar bu faktlar əsasında ciddi tədbirlər görməlidir.
Maya dəyərindən ucuz "kərə yağı" nece olur?
Məlumdur ki, 1 kq kərə yağının istehsalı üçün azı 20-22 litr yüksək keyfiyyətli südə ehtiyac var. Südün topdansatış bazar qiyməti isə 30 qəpikdən az deyil. Bu halda 1 kq kərə yağının maya dəyəri üzərinə istehsal, daşınma və satış xərcləri, vergilər, müəssisənin qazancını da əlavə etsək, onun 1 kq-nın maya dəyəri 7 manatdan az ola bilməz. Təkcə bu təkzibedilməz fakt Azərbaycanda 2-6 manat arasında satışda olan istisnasız olaraq bütün kərə yağlarının, o cümlədən bitki yağlarının saxta və keyfiyyətsiz olduğunu söyləməyə imkan verir. Mütəxəssislərin dediyinə görə, təbii bitki yağı 2-4 manata başa gələ bilməz, bu praktiki olaraq mümkün deyil.
Sabirabad bazarında da saxta kərə yağları satılır
Sabirabadın bazarında da alıcıların çoxu kərə yağı adı ilə aldıqları yağların nədən hazırlanmasından xəbərləri yoxdur.
Bu barədə aydın mənzərə yaratmaq üçün Sabirabad bazarında (keçmiç kolxoz bazarında) araşdırma apardıq. Təbii kərə yağı satan bir neçə yaşlı qadınla söhbət etdik: “Bəzi kərə yağlarını əridəndə qəribə qoxu gəlir. Marqarin kərə yağ adı ilə camaata satılır. Bunun üçün müxtəlif fırıldaqlara əl atılır. Marqarini, ən çox da “Palma“ yağını su ilə çalxalayıb, dondurub kərə yağı adı ilə satırlar. Bir az insaflıları isə marqarinin gözünə bir az təbii kərə yağı qarışdırıb satırlar ki, əridəndə xoşagəlməz qoxusu çox da bilinməsin”.
Satışda "kərə yağı" adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur
Mütəxəssislərin sözlərinə görə, ölkənin əmtəə bazarının yağ seqmentində ciddi problemlər var və kərə yağı adı ilə əhaliyə satılan yağların əksər hissəsinin tərkibi orqanizm üçün zərərlidir: Satışda "kərə yağı" adı ilə təklif olunan məhsulların əksəriyyətinin əslində kərə yağı ilə heç bir əlaqəsi yoxdur. Bu yağların bir qismi naməlum heyvanların iç yağı, piylər və bitkilərdən, digər qismi isə, mənşəyi bilinməyən kimyəvi materiallardan hazırlanır. Bunların tərkibinə isə əhalini aldatmaq üçün kərə yağının dadını və qoxusunu verən xüsusi maddələr qatılır. Belə yağların istehsalında quru süddən də geniş istifadə olunur ki, bu da sağlamlıq üçün təhlükə yaradır.
Yayılan məlumatlarda palma yağının konseragen olması və xərçəng də daxil olmaqla təhlükəli xəstəliklər yaratdığı qeyd olunur. Ekspert bildirir ki, palma yağı ancaq texniki istehsal üçün yararlıdır, birbaşa əhaliyə satış üçün nəzərdə tutulmayıb. Əsl kərə yağı ancaq inək südündən hazırlanır. "Palma" yağı isə bitki yağları, konservləşdirilmiş süd, dondurmanın istehsalı, o cümlədən tortların kremində, şirniyyatların hazırlanmasında istifadə oluna bilər. Təmiz kərə yağının yağlılıq faizi 82%-dən az ola bilməz.
Əsil kərə yağını necə tanımalı?
Yerli və xarici yağları ayırd etmək üçün məhsulun üzərində yazılan ştrix-kodlara diqqət etmək lazımdır. Belə ki, Azərbaycan məhsulları 476, Yeni Zelandiya 940-949, Rusiya isə 460-469 barkod prefiksi ilə öz məhsullarını satışa çıxarır. Hər bir istehlakçı aldığı yağın məhz inək südündən hazırlanan kərə yağı olduğuna əmin olmalı, tərkibində bitki yağı olan və kərə yağı adı ilə satılan spredləri fərqləndirməlidir.
Ü. NƏSİRLİ,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter