“Muğanın səsi” qəzetinin ilk nəşr tarixi 1930-cu il avqustun 8-dən başlayırGiriş
148 il əvvəl əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan mətbuatı ötən hər ildə yeni-yeni keyfiyyət göstəriciləri əldə edib. Prezident İlham Əliyevin qayğısı sayəsində milli mətbuatımız sürətlə inkişaf edir. Dövrün nəbzini tutmağı bacaran, əsl həqiqətləri dünya ictimaiyyətinə dolğun şəkildə çatdıran jurnalist kadrlar yetişib. Bu isə özünü bölgə nəşrlərinin timsalında da göstərir.
Bu gün Azərbaycan Respublikasında söz, fikir azadlığı bərqərar olmuş, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün geniş imkanlar yaranmışdır. Belə bir zamanda mətbu orqanlar içərisində Sabirabad rayonunun “Muğanın səsi” qəzetinin öz layiqli yeri vardır. Azərbaycanın qocaman mətbu orqanlarından olan“Muğanın səsi”nin yaşı və təcrübəsi bu günə, sabaha örnəkdir.
QƏZET İLK DƏFƏ “PAMBIQ CƏBHƏSİNDƏ” ADI İLƏ BURAXILIBSabirabad mətbuatının tarixi 1930-cu il avqustun 8-dən başlayır. Əvvəllər iki səhifəlik olan bu qəzet 1930-cu ildə “Pambıq cəbhəsində” adı ilə buraxılmışdır. Əslində rayon qəzetini zaman özü yaratmışdır. Ötən əsrin əvvəllərində dairə kimi ayrı-ayrı qəza və mahalların tərkibində fəaliyyət göstərən Petropavlovkaya 1930-cu ildə inzibati rayon statusu verilməklə onun rəsmi mətbu orqanını təsis etmək barədə qərar qəbul olunmuşdur. Bir il sonra rayona Azərbaycanın böyük satira ustası M.Ə.Sabirin adı verilmişdir. Qəzet bir vərəq, yəni iki səhifə həcmində, A-3 formatında buraxılmışdır. Materiallar əl şriftləri ilə yığılır, mexaniki üsulla çap olunurdu. Əvvəllər qəzetin tirajı 500 nüsxədən yuxarı olmamışdır. Qəzet yalnız iki nəfərin hazırladığı materiallar əsasında buraxılmışdır: redaktor və məsul katib. Qəzetin şöbələri yox idi. Qəzetin ilk redaktoru Qafur Yəhyayev olmuşdur. Q.Yəhyayev həmin qəzetdə on ildən artıq redaktorluq etmişdir.
Böyük Vətən müharibəsi illərində “Pambıq cəbhəsində” qəzeti də bir sıra çətinliklərlə qarşılaşmışdır. Müharibə başlanan kimi redaktor Q.Yəhyayev cəbhəyə getmişdir. Qəzetə Yusif Məhərrəmov rəhbərlik etməyə başlamışdır. Müharibənin qızğın dövründə Rusiyanın kağız istehsal edən müəssisələri ilə əlaqə kəsildiyindən 1942-ci ilin oktyabrında qəzetin mətbəəsi müvəqqəti bağlanmış, 1943-cü ilin əvvəlindən isə onun işi yenidən qaydaya düşmüşdür.
“Pambıq cəbhəsində” qəzeti müharibə illərində arxa cəbhənin qüvvəsini daha çox kənd təsərrüfatı məhsulları istehsal etmək uğrunda mübarizəyə səfərbərliyə almışdır. “Hər şey cəbhə üçün”, “Arxa ilə cəbhənin birliyi”, “Cəbhə sizdən gərgin işləməyi tələb edir” və s. rubrikalar altında qəzetin hər nömrəsində materiallar dərc edilmişdir. Bununla yanaşı, döyüş cəbhəsində həmyerlilərimizin göstərdikləri şücaət və qəhrəmanlıq haqqında qəzetin səhifələrində müntəzəm olaraq yazılar verilirdi.
...”Pambıq cəbhəsində” qəzetinin istər müharibə illərində, istərsə də bərpa və quruculuq dövründə göstərdiyi təbliğatçılıq, təşviqatçılıq və təşkilatçılıq işi diqqəti cəlb edir.
Qəzetin keçmişi haqqında digər maraqlı faktları toplamaq məqsədilə M.F.Axundzadə adına Milli Kitabxanada oldum. Təəssüf ki, kitabxanada qəzetin 1930-cu ildən 1948-ci ilədək çıxmış nömrələrini tapa bilmədim. Beləliklə, qəzetin ilk nömrəsinin hansı ayda buraxılmasını da dəqiq öyrənmək heç cür mümkün olmadı. Lakin qəzetin keçmiş redaktorları mənə demişdilər ki, Sabirabad mətbuatının ilk nəşr tarixi 1930-cu il avqustun 8-dən başlayır.
Kataloqa baxdıqda məlum oldu ki, 1946-47-ci illərdə qəzetin bir neçə nömrəsi kitabxanaya göndərilmişdir. Lakin görünür, bəlkə də qəzetin nömrələri az olduğundan tikməsi aparılmamış, nəticədə it-bata düşmüşdür.
Budur, “Pambıq cəbhəsində” qəzetinin əlimə keçən bir nüsxəsini-1948-ci il yanvarın 7-də kiril əlifbası ilə çıxmış birinci nömrəsini nəzərdən keçirirəm. Qəzetin şpigelində verilmiş yazıdan aydın olur ki, həmin vaxtadək “Pambıq cəbhəsində”nin 777 nömrəsi çapdan çıxmışdı. Qəzet İnqilab küçəsi, 16-da (indiki İsmət Qayıbov küçəsi) 1000 tirajla buraxılmışdır. İki səhifə həcmində çıxan bu qəzetin nəşrinə Mehdi Məmmədov rəhbərlik etmişdir.
Poliqrafiya bazasının kasadlığına, fəhlə-kəndli müxbirlərin azlığına, oxucular arasında yayılmasının çətinliyinə baxmayaraq, qəzet rayonun iqtisadi, siyasi və mədəni həyatında mühüm rol oynamışdır.
Bildiyimiz kimi, 30-cu illərdə və hətta 40-cı illərin ortalarınadək respublikamızda qəzet və jurnallar latın əlifbası ilə çıxmışdır. Sonralar təzədən kütləvi surətdə kiril əlifbasına keçilmişdir. Bu isə bir sıra çətinliklər yaratmışdır. “Pambıq cəbhəsində” qəzeti də kiril əlifbası ilə çıxmağa başlayanda onun buraxılması və yayılması çətinləşmişdir. Buna baxmayaraq, qəzet rayonun ən ucqar kəndlərində belə oxunur, fəhlə-kəndli müxbirlərdən məktublar alırdı.
Qəzetin 1948-ci, 49-cu və 50-ci illərdə çıxmış nömrələrinin tikmələrini vərəqlədikcə görürük ki, o dövrün bir sıra digər mühüm ictimai-siyasi problemləri də “Pambıq cəbhəsində”də öz əksini tapmışdır. Qəzet qabaqcıl təcrübənin ümumiləşdirilməsi və təbliği sahəsində səmərəli iş aparmışdır. Qəzetin səhifələrində vətənpərvərlik təşəbbüsləri, qabaqcıl kollektivlərin iş təcrübələri barədə müntəzəm olaraq yazılar dərc edilmişdir. O illərdə qəzetə Paşa Nuriyev rəhbərlik etmişdir. Ayrı-ayrı vaxtlarda isə Babaş Zeynalov, Zəhra Səlimova, Bilal Əhmədov məsul redaktoru əvəz etmişlər.
Qəzetin keçmiş redaktoru mərhum Paşa Nuriyev o günləri belə xatırlayırdı: “O vaxtlar qəzetin hörmət və nüfuzu yüksək idi. Redaktor raykomun büro üzvü, rayon Sovetinin deputatı olurdu. Məlum olduğu kimi, sovet dövründə hər il sosializm yarışı keçirilirdi. Sosializm yarışının nəticələri redaktorun iştirakı olmadan yoxlanılmırdı. O illərdə qəzetdə dövlət sirlərini vermək olmazdı. Buna nəzarət etmək üçün raykomda qlavlit deyilən bir nəzarətçi vardı. Qlavlit qəzeti yoxlayıb sonra çıxmasına icazə verirdi. Biz qəzetdə tənqidə çox yer verirdik. O vaxtlar hətta raykom işçilərini də tənqid etmək olardı. Mən redaksiyaya gələndə qəzet əllə fırlatmaqla çap edilirdi. Çap məsələsini qaldırdım. Elektriklə işləyən çap maşını alıb qurdurdum. Şrift sarıdan çətinliklər var idi. Yeni şriftlər alıb gətirdim”.
Qəzetdə çıxış edən əməkdaşlar tərkib etibarilə müxtəlif idilər. Yəni onların arasında ictimai-siyasi mövqeyinə, həmçinin şəxsi istedad və biliyinə görə fərqlənən, seçilən ziyalılar var idi. Qəzetdə dərc edilən materiallar əsasən M.Məmmədovun, Ə.Ağayevin, Ə.Hüseynovun, A.Dadaşovun, Ə.Səlimovun və başqa əməkdaşların imzaları ilə verilmişdir. Onların oxunaqlı məktubları qəzetin sütunlarını zinətləndirirdi.
“Pambıq cəbhəsində” qəzetində eyni zamanda rayonda baş verən yeniliklər, mühüm xəbərlər öz əksini tapmışdır.
Qəzet təkcə peşəkar jurnalistlərin qələminin məhsulu deyildir. Fəhlə-kəndli müxbirlər və fəal oxucular da redaksiya ilə müntəzəm əlaqə saxlamış, yerli həyatın daha dolğun işıqlandırılmasına kömək göstərmişlər. Qəzetin Süleymanov (Həşimxanlı), Habil Quliyev (Narlıq), Yusif Qasımov (Quruzma), Hüseyn Rzayev (Kolanı), Mərdan İmanov (Abdulian) kimi kənd müxbirləri olmuşdur. Onlar kənddə baş verən yeniliklər, əmək qabaqcılları və s. barədə yazmışlar.
Məlumdur ki, sovet dövrünün qəzetləri keçmiş rejimi tərənnüm etmişlər. Kommunist Partiyasının ideologiyasını yaymışlar. Lakin bütün bunlara baxmayaraq, o dövrün Azərbaycan mətbuatı zəngin və mənalı inkişaf yolu keçmişdir. “Pambıq cəbhəsində” qəzetinin də ictimai-siyasi, mədəni həyatımızın inkişafındakı mühüm rolu danılmazdır. O illərdə mətbuat vahid bir məqsədə, amala xidmət etmişdir. Strateji məhsul olan pambığa mühüm əhəmiyyət verildiyindən hətta rayonda çıxan qəzetə də onun adı verilmişdir. Qəzetə “pambıq cəbhəsində” adının verilməsi də mühüm dövlət siyasətindən irəli gəlmişdir. Doğrudur, bu ad indi bizim üçün primitiv səslənir. Lakin “ağ qızıl”ın Sabirabad rayonunun iqtisadiyyatının inkişafında, camaatın güzəranının yaxşılaşmasındakı rolunu nəzərə alsaq “pambıq cəbhəsində” sözlərinin dəyəri göz önünə gələr. Həm də pambıq əzəl gündən Sabirabadın əsas məhsulu kimi həmişə başqa bitkilərdən fərqlənmişdir. Adamların dolanışığı bu bitki ilə bağlı olmuşdur. Keçmiş illərə nəzər yetirsək, görərik ki, insanların çörəyi ondan çıxdığından adamlar sanki pambığa səcdə etmişlər. Mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan qəzet bütün sovet dövrü ərzində rayonun ictimai-iqtisadi və mədəni həyatının güzgüsü olmuşdur. Sabirabad rayonunda qəzetçilik ənənələrinin formalaşmasında, Azərbaycan jurnalistikasının inkişafında “Pambıq cəbhəsində” qəzetinin də xidmətləri xüsusi qeyd olunmalıdır.
“Pambıq cəbhəsində” qəzeti ötən əsrin əllinci illərində Sabirabadın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynamışdır. Qəzet rayonun həyatında baş verən əhəmiyyətli məsələləri işıqlandırmış, cəmiyyətin normal ölçü meyarına çevrilmişdir.
1951-54-cü illərdə “Pambıq cəbhəsində” qəzetinin redaktoru olmuş mərhum Ağaşirin Aslanov o dövrü belə xatırlayırdı: “ O illərdə qəzetin təbliğatçılıq, təşkilatçılıq, təşviqatçılıq rolu böyük olmuşdur. Qəzet hamını əməli, konkret işə səfərbər edirdi. O dövrdə nizam-intizama, qayda-qanuna ciddi riayət olunurdu. Bu sahədə heç bir problem yox idi. Hərə öz işinə vicdanla, böyük məsuliyyətlə yanaşırdı. “Pambıq cəbhəsində” də öz vəzifəsini layiqincə yerinə yetirirdi. Kənd təsərrüfatının, yerli sənayenin inkişafına kömək göstərirdi. Qəzetin səhifələrində qabaqcılların əməyini tərənnüm edən, sosializm yarışının genişləndirilməsi işinə fayda verən yadda qalan yazılar dərc olunurdu”.
Sonrakı illərdə, yəni 1954-cü ildən 1962-ci ilədək olan dövrdə qəzetə mərhum Əjdər Zeynalov rəhbərlik etmişdir. Yaşlı adamların sözlərinə görə Ə.Zeynalov təcrübəli, savadlı mütəxəssis kimi öz dərin məntiqi ilə həmişə seçilmişdir. O, təkcə qəzetdə deyil, habelə raykomun ikinci katibi işləyəndə də, başqa sahələrdə çalışanda da öz dövrünün tale yükünü daşıyan ziyalılarımızdan olmuşdur.
Qəzetin redaktorları sırasında mərhum Atamoğlan Dadaşovun da adı vardır. O, 1962-ci ilin mart və aprel aylarında “Pambıq cəbhəsində” qəzetində redaktor işləmişdir.
“MUĞAN” RAYONLARARASI QƏZET KİMİ FƏALİYYƏTƏ BAŞLADI
Rayonlararası istehsalat birlikləri yaradılması ilə əlaqədar 1962-ci ildə rayon qəzetlərinin buraxılmasında dəyişiklik edilmişdir. Həmin il mayın 28-də “Pambıq cəbhəsində” qəzeti öz işini dayandırmışdır. 1962-ci il iyunun 1-dən qəzet “Muğan” adı ilə çıxmağa başlamışdır. “Muğan” rayonlararası qəzet kimi Sabirabad mətbəəsində buraxılmış, Sabirabad, Saatlı, və Əlibayramlı (indiki Şirvan) rayonlarının siyasi, iqtisadi və mədəni həyatını işıqlandırmışdır. “Muğan”ın əhatə dairəsi böyük olduğundan qəzet geniş formatda, 4 səhifə həcmində çıxmışdır. Qəzetin əməkdaşlarının sayı artmış, şöbələr yaradılmışdır. Sonralar Əlibayramlı və Saatlı rayonları ayrıldığından istehsalat birliyi ləğv edilmişdir.
Beləliklə, 1965-ci ilin dekabr ayından “Muğan” Sabirabad rayon Partiya Komitəsinin və zəhmətkeş deputatları Sovetinin orqanı kimi fəaliyyətə başlamışdır. Qəzetin 3 şöbəsi- partiya həyatı, kənd təsərrüfatı və zəhmətkeş məktubları şöbələri olmuşdur.
1962-ci il may ayından ömrünün sonunadək, yəni 1968-ci ilin fevralınadək qəzetə yüksək insani keyfiyyətləri ilə seçilən Əlipaşa Nuriyev redaktorluq etmişdir. Bu vəzifədə olarkən Ə.Nuriyev rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyət göstərmiş, camaatın hörmət və məhəbbətini qazanmışdır. O, Sabirabad rayon Partiya Komitəsinin büro vzvü, rayon Sovetinin deputatı seçilmişdir.
Gözəl insan, mehriban dost olmuş mərhum Zəbulla İmanov qəzetdə işlədiyi dövrü belə xatırlayırdı: “Ədəbi işçi (müxbir) kimi jurnalistlik fəaliyyətinə “Muğan” qəzetində başladım. Cəmi bir neçə il müddətində əvvəlcə zəhmətkeş məktubları, sonra isə kənd təsərrüfatı şöbələrinə müdir və nəhayət qəzetin məsul katibi təyin edildim”.
Zəbulla İmanov bu vəzifələrə qələmindən çıxan kəsərli yazıların, felyetonların sayəsində, həm də yüksək təşkilatçılıq qabiliyyətinə malik olduğuna görə yüksəlmişdir. Onun felyetonu, tənqidi yazıları hər dəfə rayon partiya komitəsinin bürosunda müzakirə edilirmiş.
Zəbulla İmanov 1987-ci ildən ömrünün sonunadək-2002-ci il iyulun 26-dək Saatlı rayonunda çıxan “Dönüş” qəzetinin redaktoru işləmişdir
1968-1992-ci illər arasında “Muğan” qəzetinə 1990-1995-ci illərdə Azərbaycan Parlamentinin deputatı olmuş Məmmədağa İsayev rəhbərlik etmişdir. Mərhum M.İsayev qəzetə rəhbərlik etdiyi illərdən söz düşəndə bunları söyləmişdir: “Bu illərin hər biri rayon jurnalistləri üçün əsl yaradıcılıq, axtarış ili olmuşdur. Qəzetimizin əməkdaşları doğma diyarın canlı salnaməsini yaratmış, mövcud problemlərin həllinə öz qələmləri ilə sanballı kömək göstərmişlər. Qəzet o dövr üçün xüsusi əhəmiyyət kəsb edən mövzuları ardıcıl olaraq işıqlandırmış, daxili nöqsanların və ehtiyat mənbələrinin üzə çıxarılmasına, nöqsanların aradan qaldırılmasına səy göstərmişdir. Müəyyən illərdə taxıl, pambıq yığımı mövsümlərində qəzet gündəlik çıxmışdır. O dövrdə Sabirabadda 112 min ton pambıq istehsal edilmişdir. Həmin illərdə qəzetin maliyyə imkanları geniş olduğundan tirajı 20 min nüsxəyə, qəzetin tarixində ən yüksək həddə çatmışdır. Həmin vaxtlar qəzet sovet dövrünün bir sıra fəxri adlarına layiq görülmüşdür. Bunlardan SSRİ Jurnalistlər İttifaqının diplomunu, “Qızıl qələm”, Ulyanov adına mükafatları və s. göstərmək olar”.
Məlum olduğu kimi, yaxın keçmişimizdə həyatın bütün sahələrində dəyişikliklər baş vermiş, cəmiyyətdə yeniləşmə yaranmış, sovet imperiyası dağılmış, demokratiya təşəkkül tapmışdır. Doğma Azərbaycanımız müstəqillik əldə etmişdir. Həmin illərdə Azərbaycan mətbuatında da dönüş yaranmış, plüralizm və söz azadlığına meydan açılmışdır.
Azərbaycan KP Sabirabad Rayon Komitəsinin və rayon Xalq Deputatları Sovetinin orqanı “Muğan” qəzeti 1991-ci il avqustun 29-dan rayon Xalq Deputatları Sovetinin orqanı kimi çıxmışdır. Qəzetin tarixində ilk dəfə olaraq 1991-ci il sentyabrın 25-də gizli (qapalı) səsvermə yolu ilə redaktor seçkisi keçirilmişdir. Sabirabad rayon Xalq Deputatları Soveti və redaksiyanın yaradıcı kollektivi qəzetin təsisçisi olmuşdur. Azərbaycan Respublikasında icra hakimiyyətləri strukturları yaradıldıqdan sonra, 21 noyabr 1991-ci ildən etibarən qəzet Sabirabad rayon İcra Hakimiyyətinin və Xalq Deputatları Sovetinin orqanı olmuşdur. 1992-ci il mayın 21-də “Muğan” Sabirabad rayonunun ictimai-siyasi qəzeti kimi çıxmışdır. Rayon icra hakimiyyəti, rayon soveti və redaksiyanın jurnalist kollektivi qəzeti təsis etmişlər.
“SUQOVUŞAN” SALNAMƏ YARADIR
Qəzetin redaktoru Məmmədağa İsayev istefa ərizəsini təqdim etdikdən sonra redaksiyada yenidən seçki keçirilmişdir. Əvvəllər qəzetin redaktor müavini işləmiş Əməkdar jurnalist Pakizə Məmmədova gizli (qapalı) səsvermə yolu ilə redaktor seçilmişdir. 1992-ci il iyun ayının 1-dən 2012-ci il dekabr ayınadək qəzet onun redaktorluğu ilə çıxmışdır.
Oxucuların çoxsaylı müraciətlərini nəzərə alaraq qəzetin adı da dəyişdirilərək rayonumuzda Kür və Araz çaylarının qovuşmasının rəmzi kimi “Suqovuşan” adlandırılmışdır. 1992-ci il iyulun 22-dən qəzet “Suqovuşan” adı ilə çıxmağa başlamışdır.
Respublikamız müstəqillik qazandıqdan sonra da qəzet rayonun ictimai-siyasi həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynamışdır. Amansız erməni təcavüzkarlarına qarşı apardığımız ədalətli müharibə qəzetin daimi mövzusuna çevrilmişdir. Torpaqlarımızın müdafiəsi uğrunda gedən qanlı-qadalı savaşda əsgərlərimizin döyüş rəşadətinin işıqlandırılması daim diqqət mərkəzində olmuşdur. Şəhid oğullar haqqında müntəzəm yazılar dərc edilmişdir.
Anarxiya, qarışıqlıq, hərc-mərclik dövründə haqlı tənqidlərə görə təqiblərə, təzyiqlərə baxmayaraq qəzet ölkədə yaranmış mürəkkəb şəraitdə öz mövqeyini qoruyub saxlamışdır. Qəzet Azərbaycan dövlətçiliyi, sosial ədalət prinsiplərinin müdafiəsinə, xalq mənafeyini rəhbər tutan qüvvələrin birləşdirilməsinə, ictimai-siyasi proseslərin obyektiv şərhinə çalışmış, iqtisadiyyatda və idarəetmədə yol verilmiş nöqsanları kəskin tənqid etmişdir.
Əvvəllər olduğu kimi, sosial problemlər, mədəniyyət məsələləri, ziyalıların, müharibə və əmək veteranlarının, erməni təcavüzü nəticəsində torpaqlarından qovulmuş qaçqın və köçkünlərin həyat və fəaliyyəti “Suqovuşan”ın səhifələrində əsas yerlərdən birini tutmuşdur.
Rayon sovetlərinin fəaliyyəti dayandırıldıqdan sonra, 1995-ci il noyabrın 23-dən qəzet Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatı və redaksiyanın jurnalist kollektivinin təsisçiliyi ilə çıxmışdır.
Respublikamız müstəqillik qazandıqdan sonra qəzet ilk dəfə 1995-ci ildə fəxri ada layiq görülmüşdür. Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə azad və demokratik Azərbaycan Respublikasının iqtisadi və mədəni dirçəlişində xidmətlərinə, zəhmətkeşlərin mənəvi tərbiyəsi sahəsində uğurlarına görə və ilk sayının 65 illiyi münasibətilə “Suqovuşan” qəzeti “Azərbaycan bayrağı” diplomu ilə, qəzetin baş redaktoru Pakizə xanım Məmmədova isə “Kamil sənətkar” diplomu ilə təltif edilmişdir.
2003-cü ildə “Muğansutikinti” Törəmə Müəssisəsinin müdiri Vaqif Qurbanov çox xeyirxah addım ataraq rayonumuzun yeganə mətbuat orqanı olan “Suqovuşan” qəzeti redaksiyasının köhnə, yararsız binasının yenidən qurulmasını öz üzərinə götürdü. Daxili imkanları hesabına bina əsaslı təmir olunaraq yeni, müasir görkəmə salındı.
Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı yanında Şuranın 08 dekabr 2004-cü il tarixli qərarı, RİH başçısı Ə.Məmmədovun sərəncamı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 dekabr 2005-ci il tarixli razılıq məktubu nəzərə alınaraq 03 yanvar 2005-ci ildən “Suqovuşan” “Muğanın səsi” adladırılıb. Qəzetin təsisçisi RİH olub.
Qəzet kollektivinin və əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq, rayon İcra Hakimiyyəti başçısı H.Abbasovun sərəncamı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin razılıq məktubu əsasında 2007-ci il dekabrın 1-dən “Muğanın səsi” “Suqovuşan” adlandırılıb.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 15 sentyabr 2020-ci il tarixli 05/4558-8 saylı razılıq məktubu, həmçinin qəzet kollektivinin və əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq Sabirabad rayon İcra Hakimiyyətinin başçısı S.Cabbarovun 28 sentyabr 2020-ci il tarixli sərəncamı ilə “Suqovuşan” qəzetinin adı dəyişdirilərək “Muğanın səsi” adlandırılıb.
2012-ci ilin dekabrından 2020-ci ilədək qəzet Namizəd Əliyev rəhbərliyi ilə çıxmışdır. Qəzetin redaktor müavini Elçin Nəsibov bir müddət baş redaktoru əvəz etmişdir. 2020-ci ilin sentyabrından 2022-ci ilin oktyabrınadək qəzet mərhum İlham Əsgərovun redaktorluğu ilə çıxmışdır. Hazırda qəzet baş redaktor Elçin Nəsibovun rəhbərliyi ilə nəşr olunur.
Vətən müharibəsi dövründə redaksiyanın əməkdaşları şəhid və qazi ailələrində olmuş, operativ yazılarla qəzetin saytında və səhifələrində çıxış etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun göstərişi ilə redaksiyanın binası əsaslı təmir olunmuşdur.
NƏTİCƏ“Muğanın səsi” bu gün də özünün ən yaxşı ənənələrini qoruyub saxlamağa çalışır. Hüquqi, demokratik və vətəndaş cəmiyyəti qurmaq istiqamətində irəliləyən Azərbaycanımıza xidmət edir. Lakin bu gün qəzet həlli son dərəcə müşkül olan problemlər məngənəsində qalmışdır. Maliyyə vəziyyətinin digər rayon qəzetləri ilə müqayisədə ağırlaşması ucbatından yaradıcı qüvvələr zəifləmiş, qəzeti çıxarmaq çətinləşmişdir. Hazırda qəzetdə 3 nəfərdən (baş redaktor, mühasib və dizayner) ibarət işçi çalışır.
Qəzetin 93 illiyi xalq yanında alnıaçıq, nurani bir ağsaqqalın yaşıdır. “Muğanın səsi” Sabirabadın 93 illik ömrünün tarixi salnaməsidir. 1930-cu ildən bu yazı hazırlanadək qəzetin 7667 nömrəsi çap edilmişdir. Qəzetin fəaliyyəti neçə-neçə jurnalist nəslinin gərgin əməyi, minlərlə fəal oxucunun diqqət və qayğısı ilə əlamətdar olmuşdur. Ötən dövr ərzində qəzetdə çalışmış jurnalistlər öz vəzifələrini vicdanla yerinə yetirməyə səy göstərmişlər. Onlar Azərbaycan dövlətçiliyi, sosial ədalət prinsiplərinin müdafiəsinə, ictimai-siyasi proseslərin obyektiv şərhinə çalışmışlar.
Unutmamalıyıq ki, gələcək nəsillər öz keçmişlərini, babalarının tərcümeyi-hallarını məhz mətbuatımızdan öyrənəcəklər. Keçmiş dövrlərdə olduğu kimi, elə indinin özündə də mətbuata kömək, el yardımı olmadan qəzet yaşaya bilməz. Buna görə də biz bu gün mətbuatımızı yaşatmağa borcluyuq.
İnanırıq ki, Azərbaycanda qurulmaqda olan azad, sivilizasiyalı, demokratik cəmiyyətdə məsuliyyətini dərindən dərk edən mətbuatımız da yeni inkişaf yoluna çıxacaqdır. Əminik ki, şanlı keçmişi olan qəzetimiz üzümüzə gələn hələ neçə-neçə illərə də öz layiqli töhfəsini verəcək, cəmiyyətin demokratikləşməsi, azad vətəndaş cəmiyyəti yaradılması işində təsirli rol oynayacaqdır.
( Bu yazıda Elçin Nəsibin “Sabirabad mətbuatı tarixi” kitabındakı faktlardan istifadə edilmişdir)
“Muğanın səsi”