İlham Əlihüseyn oğlu Əsgərov
- 04.08.2023, 15:32, Baxış sayı:
- 367
Facebook
Вконтакте
Одноклассники
Google+
17 iyul 2023-ci il tarixdə İlham Əsgərovun qəfil ölüm xəbərini eşitdik. Doğrusu, buna inanmadıq. Lakin neyləməli, dünya fanidir. Ölüm şərbətini hər kəs içəcəkdir. Onunla bağlı xatirələrimiz çoxdur. Bunlardan birini oxuculara təqdim edirik.
22 iyul 2007-ci il tarixdə Milli Mətbuat Günü münasibətilə “Suqovuşan” qəzetində (indiki “Muğanın səsi”) “Ömrün mətbuatla bağlı illərini xatırlayarkən” başlığı altında dərc edilmiş yazıda o vaxt Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatının ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri işləmiş mərhum İlham Əsgərov qəzetlə bağlı xatirələrini belə bölüşmüşdür: “ Həyatımın 10 ilə yaxını “Muğan” (indiki “Suqovuşan”) qəzeti ilə bağlı olub. Bu illərin çoxunu məsul katib işləmişəm. Olduqca məsuliyyətli və şərəfli olan bu peşənin çətinliklərini də görmüşəm. O vaxtlar hər gün redaksiyada qaynar iş gedirdi. İş vaxtımın həddi yox idi. Səhər erkəndən başlayaraq çox vaxt gecə saat 2-3-dək davam edirdi. Gündəlik, həm də 10min tirajla buraxılan qəzeti bir neçə nəfərlik yaradıcı kollektivlə çıxarmaq asan məsələ deyildi.
Məsul katib kimi redaksiyanın ayrı-ayrı şöbələrindən daxil olan məqalələri diqqətlə oxuyur, lazımi düzəlişlər edir, qəzetin hansı səhifəsində, hansı şriftlə veriləcəyini göstərir və redaktora təqdim edirdim. Sonra da həmin yazıların mətbəə həyatı başlayırdı. Hər bir yazı linotipdə qurğuşuna çevrilir, sonra isə səhifələnirdi.
Qəzetin yüksək tərtibatlı olması üçün bəzən mən də mətbəə mürəttiblərindən biri olurdum. Üst-başımın mətbəə rənginə bulaşmasının fərqinə belə varmırdim. Təki qəzetimiz baxımlı və oxunaqlı olsun. Buna da nail olurduq. Həmişə işimizlə qürur duyurduq, təmizlik və saflığımızla cəmiyyətin fövqündə dayanırdıq.
Qəzetçilik təcrübəm indi rayon İcra Hakimiyyətində çalışdığım məsul vəzifədə də köməyimə çatır...”
Qəzetə və qəzetçiliyə yüksək dəyər vermiş İlham Əsgərov Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatında çalışdıqdan sonra 2020-ci ilin sentyabrında “Muğanın səsi” qəzetinə baş redaktor təyin edilmişdir. Onun qəzetə rəhbərlik etdiyi dövr Vətən müharibəsinə təsadüf etmişdir. Həmin vaxtlar qəzet həftədə bir dəfə işıq üzü görmüşdür. Qəzetin əməkdaşları şəhid və qazi ailələrində olmuş, operativ yazılarla qəzetin saytında və səhifələrində çıxış etmişlər.
İlham Əlihüseyn oğlu Əsgərov bu gün aramızda olmasa da, onunla bağlı xatirələr yaşayır.
Yoldaşlarından bir qrup.