Bölgə qəzeti, necə yaşayırsan?
- 22.07.2022, 00:07, Baxış sayı:
- 565
Facebook
Вконтакте
Одноклассники
Google+
Bir əsrə yaxın tarixi olan “Muğanın səsi”nin vəziyyəti necədir?!
Qəzetimizin 92 illik bir tarixi var. 1930-1962-ci ilərdə “Pambıq cəbhəsində”, 1962-ci ildən 1992-ci ilədək “Muğan”, həmin tarixdən sonra “Suqovuşan” və nəhayət 2020-ci ildən “Muğanın səsi” həyata vəsiqə alıb.
Rayon qəzeti bölgə həyatının canlı salnaməsidir. Bu bir həqiqətdir ki, heç bir nəşr rayon qəzeti qədər əhatə etdiyi bölgənin mənzərəsini canlandırmaq imkanına malik deyil. Qəzetimiz rayonumuzun real görüntülərini az qala bir əsrə yaxındır ki, öz səhifələrində yaşatmaqdadır.
Biraz keçmişə qayıdaq. 1962-ci ildə Azərbaycan KP MK-nın qərarına əsasən yaradılmış “Muğan” qəzetinin həyatında 1969-1982-ci illər mütərəqqi inkişaf dövrü olmuşdur. O dönəmdə Azərbaycan KP MK-nın birinci katibi olan Ümummilli Lider Heydər Əliyev hər il, bəzən ildə iki dəfə Sabirabada səfər edir, pambıq tarlalarında, taxıl zəmilərində, heyvandarlıq komplekslərində əməkçilərlə görüşüb, onların işi və qayğıları ilə yaxından maraqlanırdı. O illərdə pambıqçılıq rayonlarının zona müşavirələri Sabirabadda keçirilirdi. Respublika rəhbərinin rayonumuza səfərləri, əhali ilə görüşləri, kənd təsərrüfatında qazanılan uğurlar, rayonda aparılan işlər “Muğan” qəzetinin səhifələrində özünə yer alan qiymətli materiallardır və həmin illərin qəzet bağlamaları bu günədək qorunub saxlanılır. Həmin illərdə qəzet gündəlik çıxır, tirajı 20 minə yüksəlmişdi. Ümummilli Lider bütün tədbirlərində “Muğan”ın iştirak etməsi ilə şəxsən maraqlanırdı. Bu gün Heydər Əliyev Mərkəzindəki şəkillərin böyük bir qismi məhz “Muğan” qəzinin əvəzsiz xəzinəsindəndir.
Nəsillər, ictimai quruluşlar dəyişir, amma Sabirabad sakininin qəzetimizə olan marağı öz yerindədir. “Muğanın səsi” qəzeti indiki ciddi rəqabət şəraitində öz dəst-xəttini, əqidə prinsipiallığını, başqa sözlə desəm, jurnalist simasını qoruyub saxlaya bilib. Dərc olunduğu bölgənin ictimai-siyasi, sosial durumunu, sakinlərin uğur və problemlərini, yaşam tərzini işıqlandıran “Muğanın səsi” bu bölgədə yaşayanlar üçün çox dəyərli mənəvi qidadır.
Etiraf edim ki, qəzetimiz daim maddi sıxıntılar içərisindədir. Lakin biz heç vaxt problemlərdən gileylənib yolumuzdan geri çəkilməmişik, daim inadla irəliyə baxmışıq. Maliyyə və maddi-texniki cəhətdən imkanlarımız məhdud olsa da, qəzet əməkdaşları bu günədək sözün keşiyində dəyanətlə dayanmağı bacarmışlar.
Xüsusilə 44 günlük Vətən müharibəsi dövründə gecəmizi gündüzümüzə qatıb ən təzə xəberləri həm qəzet səhifələrində və həm də qəzetin “Muganinsesi.az” internet səhifəsində əhaliyə çatdırmışıq. Şəhidlərimizin hər birinə qucaq açaraq, onların hünərlərini ellə bir etmişik. Hər birinin ailəsində olaraq ürkək sətrlərlə onları vəsf etmişik. Son dönəmdə yazarlarımızın bir-birinin ardınca çap etdirdikləri kitablarında bizim isti-isti qələmə aldığımız alovlu məqalələrdən bəhrələnmələri bizə çox xoşdur.
Bölgəmizin salnaməsini yaradan qəzetimizin bu günümüz və gələcəyimiz üçün əhəmiyyətindən uzun-uzadı danışmağa lüzum görmürəm. Sadəcə vurğulamaq istəyirəm ki, son illər qəzetin durumu daha da ağırlaşıb. Artıq 92 illik tarixi olan “Muğanın səsi” taleyin ixtiyarına buraxılıb, diqqət və qayğıdan tamamilə kənarda qalıb.
Rayon qəzetinin acınacaqlı durumunu niyə görməzlikdən gəlirik? Ömrünün çoxunu qəzetin yaşanmasına həsr edən jurnalistlərin də vəsait çatışmazlığı ucbatından iş yerlərini itirməsini ürək ağrısıyla qeyd edirəm. Son bir ildə 6 redaksiya əməkdaşından 2-si ixtisara salınıb. Aylarla əmək haqqı ala bilməsək də çox çətinliklə də olsa həftəlik çıxardığımız qəzetimizin dövriliyini aybaay itiririk. Vaxtilə 20 min tirajla gündəlik çıxan qəzetimizin hazırda abunəmizin sayını belə deməyə utanıram.
Üstəlik “Muğanın səsi” qəzeti tam təsərrüfat hesablı olsa da İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində qeyri-neft sektoru kimi deyil, dövlət sektoru kimi qeydə alınması da maliyyə çətinliyimizi biraz da kəskinləşdirib. Bu isə redaksiya əməkdaşlarının onsuz da az olan əmək haqqlarından (orta hesabla 340 manat) gəlir vergisinin tutulması deməkdir.
Məsələ ilə əlaqədar aidiyyatı olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə (fəaliyyətimizin hansı sahəyə aid olduğunun müəyyənləşdirilməsi ilə bağlı) ünvanladığımız məktuba həmin dövlət orqanının cavab məktubunda Nazirlər Kabinetinin 2019-cu il 18 fevral tarixli 56 nömrəli Qərarına əsasən “Muğanın səsi” qəzeti redaksiyasının dövlət mülkiyyətinə aid olduğu bildirilib. .
Bu isə vaxtilə qəzetin dövlət adından yaradılması, hazırda Rayon İcra Hakimiyyətinin təsisçi olması və Nizamnaməsinin icra başçısı tərəfindən təsdiq edilməsi və sairə məsələlərlə əsaslandırılıb.
Doğrudur, yerli qəzetlərin təsisçisi Şəhər və Rayon İcra Hakimiyyətləridir. Və mətbuat haqqında qanuna görə İcra Hakimiyyətləri təsis etdikləri qəzetə kömək etməli, maddi texniki bazasını möhkəmləndirməlidir. Ancaq hansı əsasla? Və məncə, bu məsələlərin sadə həlli yolları var. İcra Hakimiyyətlərinə öz qəzetlərinə maliyyə dəstəyi göstərə bilmələri üçün səlahiyyət verilməli, büdcədə bunun üçün vəsait nəzərdə tutulmalıdır. Axı, heç bir İcra hakimiyyəti rəhbərliyi istəməz ki, məhz onların xidməti dövründə, hərəsinin bir əsrə yaxın tarixi olan, rayonun salnaməsini yazan, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasəti işıqlandıran qəzetlər bağlansın. Məncə, bu “ağır yükü” heç bir icra başçısı daşımaq istəməz.
Əyalət qəzetlərinin hamısında vəziyyət eynidir. Gözgörəti rayon qəzetləri nəşrini dayandırır. Bəs, bu qəzetləri yaşatmaq üçün nə etməli, çıxış yolu nədədir? Məncə, təsisçisi Şəhər və Rayon İcra Hakimiyyətləri olan yerli mətbuata kömək məqsədi ilə vəsait ayrılmasına yol verən mexanizm işlənib hazırlanmalıdır. Həm də abunə yolundan geniş istifadə olunmalıdır. Və yaxud rayon qəzetlərinə də maliyyə layihələrində iştirak hüququ verilməli, həmçinin dövlət büdcəsindən yerli büdcələrə qəzetlərin gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz olaraq maliyyə vəsaiti- dotasiya ayrılmalıdır.
Daha bir təklifim odur ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarına bölgə qəzetlərinin maliyyələşməsini nəzərdə tutan maddə əlavə edilsin, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu respublika qəzetlərinə vəsait ayırdığı kimi, rayon qəzetlərinə də birdəfəlik yardım nəzərdə tutsun.
Təhsil, səhiyyə, mədəniyyət qurumlarının rəhbərləri rayon qəzetinə abunəyə biganə münasibət bəsləyirlər. Bəs, müəllim, həkim, mədəniyyət işçisi rayon qəzetini mütaliə etmirsə, hansı maarifləndirmə işindən danışa bilərik? Bəlkə bu təşkilatlara rayon qəzetlərinə abunə olmaq üçün xüsusi limit ayrılsın?
Ulu Öndərimiz Heydər Əliyev deyirdi: «Jurnalistlərin əməyi qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir, çox səylər göstərilməsini, hətta cəsurluq, hünər, fədakarlıq tələb edən əməkdir, öz peşəsinə vurğunluq tələb edən əməkdir». Nə qədər dəqiq, yerində deyilmiş fikirlərdir. Elə biz rayonlarda çalışan jurnalistlər də, vallah, öz peşəmizin vurğunlarıyıq. Peşəsinin vurğunu olmaq ən ali hisslərdəndir. Ali hissləri isə qorumaq lazımdır.
Elektron KİV-lərin tüğyan etdiyi indiki vaxtda dövlət tərəfindən maddi dəstək almayan, əyalətlərin tarixi keçmişini sətirlərdə qoruyub saxlayan yerli qəzetləri yalnız cüzi abunə yolu ilə yaşatmaq olduqca çətindir. Bununla belə, ağır maddi məhrumiyyətlər içərisində olsalar da yenə də əyalət qəzetlərinin kiçik kollektivləri səhifələrində ölkə və rayon həyatını peşəkarcasına işıqlandırmağı özlərinə borc bilirlər. Onu da unutmayaq ki, rayon əhalisinin problemlərinin həll olunmasında köməyini əsirgəməyən yerli qəzetlər bölgə əhalisinin yeganə tribunasıdır.
Bu gün mən hər kəsə müraciət edirəm. Dövlətin idioloji işlə məşğul olan bütün strukturlarından tutmuş, Medianın İnkişafı Agentliyinə, tanınmış media kapitanlarına, dəyərli jurnalistlərə müraciət edirəm. Rayon qəzetində işləyənlərin səsinə səs verin. Rayon qəzetlərini yaşatmağın vacibliyini sizlər də təbliğ edin, bölgələrin canlı salnaməsini yaradan əyalət mətbuatına dayaq durun.
Mətbuat ölkə başçısının həmişə diqqət mərkəzində olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev jurnalistlərlə görüşündə onların əməyinə yüksək dəyər verərək demişdir: “Jurnalistlərin peşəkarlığı, məsuliyyəti, dəqiq informasiyanın ötürülməsi – bütün bu məsələlər çox vacibdir. Yüzlərlə mətbuat orqanı fəaliyyət göstərir. Jurnalistlərin o qədər də böyük maddi imkanları yoxdur. Onlara dəstək mütləq verilməlidir. Dövlət bu məsələdə həmişə sizin yanınızdadır”.
Bəli, qəzet gəlir gətirən sahə deyil, amma onun mənəvi çəkisi, öyrədiciliyi, təbliği, gəncləri və məktəbliləri yazmağa-yaratmağa təşviqi maddi yükümlülüyündən çox-çox dəyərlidir. Qəzet tarixdir, maarifləndiricidir, mədəniyyətimizin təbliğatıdır.
İlham ƏSGƏROV,
“Muğanın səsi” qəzetinin
Baş redaktoru
Maqazin
- Son əlavə olunanlar
- Ən çox oxunanlar