Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində iqtisadiyyatın digər sahələri kimi, aqrar sahə də sürətlə inkişaf etməkdədir. Məhz çoxşaxəli dövlət dəstəyi tədbirləri nəticəsində aqrar sahədə uğurlu inkişaf təmin edilir. Azərbaycanın mövcud iqlim şəraiti məhsuldarlıq üçün münbit şərait yaratdığından meyvəçilik aqrar sahənin prioritet istiqamətlərindən birinə çevrilib. Onu da vurğulamaq yerinə düşər ki, aqrar sahədə məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkədə meyvəçiliyin inkişafında da mühüm nəticələr əldə olunub. Qeyd edək ki, regionlarda meyvəçiliyin inkişafı öz növbəsində məşğulluğu da təmin edir.
Sabirabad rayonunda təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan sabirabadlı bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bağlarda bol məhsul yetişib.
Əfsanəvi cənnətin əsas əlamətlərindən biri yaşıllığın, mer-meyvənin bolluğudur. “Cənnət bağı” ifadəsi də elə buradan yaranmışdır. Vaxtilə ilan mələyən, tikandan başqa heç nə bitirməyən Bulduq kəndinin ucqar bir yerində indi bağ salınmışdır. İnsan əlinin yetirməsi olan bu bağ həm də gözəllikdir. Gözəllikdən əlavə mikroiqlimin dəyişməsində əsas mənbədir. Bu bağı 2019-cu ildə hacı Eyvaz salmışdır. 60 hektar ərazidə 40 minədək müxtəlif meyvə ağacları əkilmişdir. Bağda hansı meyvə ağacından desən var: alma, armud, gilas, gavalı, alça, ərik, şaftalı və s. Bağda ilin 4-5 ayı gərgin iş gedir. 80-100 nəfərədək günəmuzd işçi çalışır. Dərilmiş meyvələr daxili və xarici bazarlara ixrac olunur. Burada soyuducu anbar da yenicə istifadıyə verilmişdir.
Eyvaz Nurməmməd oğlu Abıyev 1973-cü ildə anadan olub. Atası Nurməmməd Muradxanlı neft yatağında rəis işləyib. 1979-cu ildə dünyasını dəyişib. Anası Səkinə xanım evdar qadındır. Ailədə üç uşaq olublar: iki qardaş, bir bacı. Eyvaz Abıyev Təfəkkür Universitetini bitirib. Müxtəlif illərdə İmişlidə yanacaq anbarının müdiri, Muradxanlı neft yatağında mühəndis, SOCAR-da məsul vəzifədə çalışıb. Ailəlidir. İki oğlu var. Nurməmməd İqtisad Universitetini bitirib. Hərbi xidmətini başa vurub. Nurlan hazırda ali təhsil alır. İkinci kurs tələbəsidir. Hər ikisi vətənpərvərliyi, əməksevərliyi ilə nümunə göstərilir.
Eyvaz Abıyev dinə dərin etiqad bəsləyir. Həcc ziyarətində olub. Xeyirxah əməlləri danışmaqla qurtaran deyil. O, eyni zamanda vətənpərvər insandır. Deyir ki, mənim əhdim var idi, inşallah Şuşa alınsın, həyətimdə saxladığım qartalı və bülbülləri Şuşa dağlarına buraxacağam. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev Qarabağ Azərbaycandır,-dedi və bunu gerçəkləşdirdi, Vətənimizi dardan qurtardı. Mən də bu arzumu reallaşdırdım. Özümlə Şuşaya apardığım qartalı və 60 bülbülü Cıdır düzündə azadlığa buraxdım.
Eyvaz Abıyev Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun onun işi ilə maraqlandığını və hər zaman dəstək olduğunu vurğuladı.
Hacı Eyvaz həm də olduqca maraqlı müsahibdir. Deyir ki, zəhmət çəkməsən heç nə hasilə gəlməz. Bağa baxarsan, bağ olar, baxmazsan dağ. Bu el məsəlinin nə qədər həyati olduğunu öz təcrübəmdən yaxşı bilirəm. Təkcə bağ salmaqla iş bitmir. Əkilən hər ağaca qulluq edilməlidir. Hər il iməciliklər zamanı nə qədər ağac əkilir, kol basdırılır. Lakin nə faydası? Sonradan onlara qulluq edilmir. Baxımsızlıq üzündən bir qismi susuzluqdan məhv olur, bir qismini heyvanlar yeyir, uşaqlar qol-budağını sındırır, yerindən qoparır və s. İnanın, hərə bir ağac əksə, gül kolu basdırsa, onlara qulluq etsə məmləkətimiz əsl cənnətə dönər. Bu günlərdə televiziya vasitəsilə bir müxbir Sinqapurdan teportaj verirdi. Orada maşınların çənlərdən benzin götürmələri göstərilirdi. Ətraf nə qədər gözəl, təmiz, səliqəli, ürəkaçan idi. Bir qarış belə boş torpaq yox idi. Maşınlar gül-çiçəyin arası ilə gedib benzin götürür və yollarına davam edirdi. Bəs bu diyardan bizim nəyimiz əskikdir. Heç olmasa onlardan torpağa, ətraf mühitə qayğını öyrənək.
Biz hələ torpağa qayğını öyrənməmişik. Torpağa insafsız münasibət hələ də vardır. Bizdə torpaqdan istifadə mədəniyyəti çatışmır. Çoxları torpağın dilini bilmir. Elə bunun nəticəsidir ki, yaşıllıqları, abadlaşdırılmış yerləri barmaqla göstərmək olar.
Hacı Eyvaz kənddə yaşayıb toyuq hinindən ətək-ətək yumurta yığmayan, qapısında mal-qarası, qoyun-quzusu, həyət-bacasında mer-meyvəsi olmayan adamı həqiqi kəndli saymır. Onun müasir kəndli əməyi barədə maraqlı fikirləri vardır. Deyir ki, bəzən görürsən kənddə yaşayanlar ərzaq qıtlığından, dolanışığın çətinliyindən gileylənirlər. Kənddə yaşayıb ərzaq qıtlığından gileylənmək yersizdir. Əbəs yerə deməyiblər ki, torpaq çörəyi ilə, insan əməyi ilə...Əgər kənddə yaşayırsansa, toyuq-cücə də saxlamalısan, mal-qara da...Daha ərzaq dalınca şəhərə üz tutmamalısan. Bolluğu, firavanlığı təmin etmək üçün gərək ilk növbədə əsl təsərrüfatçı olasan. Əgər kəndli torpağa bağlıdırsa, hər şey onun istədiyi kimi olacaq. Yox, əgər tənbəldirsə, işləmirsə, əziyyət çəkmirsə, yerində sayacaq. Bu gün ona heç kim gətirib çörək verməyəcək. Çörəyi kəndli özü qazanmalıdır. Odur ki, bu gün kəndlidə gərək torpağa varislik hissi ola. Anam yaşının ahıl çağında da boş dayanmır. Toyuq saxlayır, həyət-bacada tərəvəz əkib-becərir.
Səkinə xanım həm də el ağbirçəyi, yaxşı hami-tərbiyəçidir. Gənclərə faydalı məsləhətlər verir. Həmişə öyüd-nəsihətlərində onları halal zəhmətlə yaşamağa çağırır.
“Xoşbəxtliyi nədə görürsüz?”-sualına hacı Eyvaz belə cavab verdi:
-Gərək insanın çörəyi halal, ürəyi açıq, başı uca olsun. Bu zaman bütün xoşbəxtlik onun nəsibi olar. Divarı nəm yıxar, insanı qəm. Paxıl ki, oldun, batdın. Yayda başı bişənin, qışda aşı bişər. Bərəkət hərəkətdədir...
Bəs bizim arzumuz nədir? Arzumuz budur ki, belə xeyirxah insanların işıqlı əməllərinə çıraq tutulsun gərək. O da xoşbəxtlikdir ki, belə insanları hələ günün günorta çağı çıraqla axtarmırıq. Elə edək ki, belə insanların boy sırası artsın. Bu iş onda qeyrət hissinin böyüklüyündən xəbər verir. Bu iş saf duyğuların əyaniləşməsidir. Bu iş babaların ruhuna baş əyməkdir. Axı, xeyirxahlıq babalardan qalıb. Unutmamalıyıq ki, insana xidmət edən yaşıllıq, bağ-bağat əvəzsiz sərvətdir, əfsanəvi cənnətin özüdür.
Elçin NƏSİB