İbrahim Paşalıyev hər
hektardan 70 sentnerdən çox taxıl istehsal edib
Əhmədabad kəndinin qabaqcıl əmək adamı İbrahim Paşalıyev 2018-ci ildə taxılçılıq sahısində əldə etdiyi yüksək göstəricilərə görə “Tərəqqi” medalına layiq görülmüşdür. O, eyni zamanda qabaqcıl kombaynçıdır. Biçin zamanı onu boş dayanan görməzsən. İbrahim Paşalıyev öz sahəsində və digər fermerlərin pay torpaqlarında çalışır. Yaxşı işinə görə onu ətraf rayonlara da dəvət edirlər. Bu il indiyədək 300 hektardan çox sahədə taxıl biçini aparmışdır. İbrahim Paşalıyev öz peşəsini gənclərə həvəslə öyrədir. Usta taxılçı öz şagirdi Müşfiq Abbasovla hazırda əmək cəbhəsində birgə çalışır.
İbrahim Paşalıyevin ailəsi bu il 40 hektar sahədə bol taxıl yetişdirmişdir. Ötən il zəmilərin hər hektarından 72 sentner məhsul götürən taxılçılar bu il daha yüksək göstəricilər uğrunda mübarizə aparırlar.
Usta taxılçıyla görüşən zaman ona belə bir sualla müraciət etdik:
- Taxılın yüksək məhsuldarlığı nəyin sayəsindədir?
İbrahim Paşalıyev cavabında bunları söylədi:
- Zəhmət çəkmədən heç nə hasilə gəlmir. Gərək torpağa tər tökəsən ki, bəhrəsini də görəsən. Bunu isə intizamlı adamlar, oz işi üçün məsuliyyət hissi ilə çalışanlar edə bilərlər.
Taxıl biçini
Ata-babalarımız çörəyi müqəddəs nemət adlandırmışlar. Elimizdə-obamızda bir adət var ki, süfrə ətrafında çörək yeyilib qurtardıqdan sonra böyükdən-kiçiyə deyərlər ki, çox şükür, İlahi, verdiyin ruziyə. Odur ki, strateji məhsul olan taxılın əkinində də, biçinində də torpağa havayı bir dən düşməsin deyə bütün aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə görülməlidir. Taxılçılarımız yaxşı bilirlər ki, çörək bol olarsa, basılmaz Vətən. Odur ki, bol məhsul yetişdirən rayonun taxılçıları biçini vaxtında və itkisiz başa çatdırmaq əzmindədirlər. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsinin müdiri Məhəmməd Məmmədovdan aldığımız məlumata görə, iyulun 3-dək rayon üzrə 23117 hektar sahənin taxılı biçilmişdir. 98317 ton arpa və buğda istehsal edilmişdir.
Barama tədarükü
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, iyulun 3-dək Sabirabad kümçüləri tərfindən tədarük məntəqələrinə 10167 kiloqram yaş barama təhvil verilmişdir. Bu, ötən ildəkindən xeyli çoxdur. Qeyd etmək lazımdır ki, ötən il 8689 kiloqram barama tədarük olunmuşdur.
Rayonun kümçüləri barama tədarükünü davam etdirirlər.
“Muğanın səsi”