• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Torpaq çörəyi, insan əməyi ilə...

  • 05.10.2022, 22:46, Baxış sayı:
  • 410
Torpaq çörəyi, insan əməyi ilə...
Sabirabad rayonunun Cavad kənd sakini Niyaz İsmayılov adi kəndli ömrü yaşayır. Lakin onun başqalarından fərqli cəhətləri çoxdur. Əsas da odur ki, olduqca əməksevərdir. Həm də ağıllı kəndlidir. Gücünü, enerjisini boş yerə sərf etmir. Heyvandarlığın, əkinçiliyin hansı sahəsinin kəndliyə daha çox fayda verdiyini yaxşı bilir. Həyətyanı sahəsini də bu cəhətdən inkişaf etdirir. İndiki iqtisadi çətinlik dövründə kəndlilərin bir çoxu minik üçün avtomobildən istifadə etdikləri halda, o at arabasına üstünlük verir. Ailəsində hamısı işgüzardır. İqtisadi cəhətdən mənfəətli və xeyirli sahə hesab etdiyindən camışçılıqla məşğul olur. Həyətyanı sahəsində əsasən yem bitkiləri, tərəvəz əkib-becərir. Onun müasir kəndli əməyi barədə maraqlı fikirləri vardır. Bu günlərdə onunla görüşüb söhbət etdik və düşüncələrini qələmə aldıq.
-Kəndli üçün heyvandarlıq gəlirli sahədir, yoxsa əkinçilik?

-Hər ikisi. Baxır kəndlinin fərasətinə və bacarığına. Əgər kəndli torpağa bağlıdırsa, hər şey onun istədiyi kimi olacaq. Yox, əgər tənbəldirsə, işləmiirsə, əziyyət çəkmirsə, yerində sayacaq. Bu gün ona heç kim gətirib çörək verməyəcək. Çörəyi kəndli özü qazanmalıdır. Odur ki, bu gün kəndlidə gərək torpağa varislik hissi ola.
-Eşitmişəm ki, heyvandarlıqla məşğul olursan. Dolanışığını camış bəsləməklə təmin edirsən. Mümkündürsə, bir qədər camışçılığın üstün cəhətlərindən, iqtisadi faydasından danış.
-Yaşlı adamlardan eşitmişəm ki, kəndlərimizdə əvvəllər çox camış saxlayırmışlar. Sonralar nədənsə camışçılıq arxa plana keçmişdir. Camış saxlamaq hər cəhətdən sərfəlidir. Camış bəzi xüsusiyyətlərinə görə digər heyvanlardan fərqlənir. İnəklə müqayisədə bir sıra təsərrüfat üstünlüklərinə malikdir. Çünki inək nisbətən zərif heyvandır. Tövlə şəraitində saxlanmağa meyillidir. Xəstəliklərə daha tez yoluxur. Camış isə ilboyu örüşdə otarılır, yoluxucu xəstəliklərə davamlıdır. Xüsusilə də qızdırma və dəmrova. Camışlar arasında qısırlıq da az olur. Əbəs yerə deyildir ki, ta qədimdən dədə-babalarımız bazarda mal mübadiləsi zamanı bir camışa iki inək verərmişlər. Bütün bunları deməklə inək və digər heyvan saxlamağın heç də əleyhinə çıxmıram. Məni başqa bir məsələ narahat edir. Nə üçün bu qədər üstünlüyü olan camışçılığı inkişaf etdirməyək? Axı, rayonumuzda bundan ötrü hər cür şərait, gölməçələr, qamışlı, çaykənarı yerlər və digər iqlim uyarlığı vardır. Doğrudur, bir neçə ay bundan əvvəl Güdəcühür kəndində damazlıq camışçılıq təsərrüfatı yaradılmışdır. Məncə, imkanı olan hər kəndli camışçılığa xüsusi fikir verməlidir. Əgər camışçılıq daha çox inkişaf etdirilərsə, rayon əhalisinin heyvandarlıq məhsullarına olan tələbatını daha dolğun ödəmək olar. “Sana”nı, “Teksun”u nə qədər yemək olar? Təzə, təmiz heyvandarlıq məhsullarının ləzzəti, sağlamlıq üçün əhəmiyyəti başqadır.
-Deyəsən, əkinçiliyin o qədər də marağında deyilsən...
-Kəndlinin kəndli adı var. Necə deyərlər, “çünki oldun dəyirmançı, çağır gəlsin dən, Koroğlu”. Kəndli heyvandarlıqla da məşğul olmalıdır, əkinçiliklə də. Əvvəllər kolxoz dövründə pambıq, taxıl əkib-becərirdilər. Camaatın dolanışığı da yaxşı idi. İndi fermerlərin bir çoxu bostan-tərəvəz məhsulları əkib-becərir. Elə illər olur ki, mövsümdə qarpız, yemiş sanki ayaq tutub yeriyir. Çoxu da heç yığılmır, qalır bostanda. Alverçiyə də sərf eləmir ki, yığıb aparsın.
-Səncə, kəndli hansı bitkiləri əkib-becərməlidir ki, fayda götürsün.
-Məncə, pambıqdan, taxıldan qiymətli sərvət yoxdur. Pambıq da çörəkdir, taxıl da. Biri dünya bazarında yüksək qiymətə alınır, o biri isə gündəlik ruzumuzdur. Dövlətimizin qayğısı sayəsində son illər əkinçiliyin bu sahələrinə maraq artmışdır. Mən özüm həyətyanı sahəmdə əsasən yem bitkiləri əkib-becərirəm. Əgər heyvan saxlayıramsa, şübhəsiz, onun yemi də olmalıdır. Qapız-yemişdənsə qarğıdalı sərfəli bitkidir. Niyə qarğıdalı geniş sahələrdə əkilib-becərilmir? Axı, ilboyu qarğıdalı dəninə tələbat çoxdur. Qiyməti arpadan, buğdadan da baha olur. Məni düşündürən digər bir məsələ də vardır. Nədənsə, “ikinci çörək” adlandırılan kartof bitkisini də az əkirlər. Halbuki kartofa da tələbat böyükdür. Ona görə xaricdən də gətirilir. Bununla belə qiyməti bazarda ilboyu baha olur. Məncə, bunun əsas səbəbi yerli şəraitdə kartof istehsalına fikir verilməməsidir. Bizim torpaqlarda il ərzində kartofdan iki dəfə məhsul götürmək mümkündür. Onu da qeyd etmək lazımdır ki, vaxtilə “Axısxa” kolxozunda bu qiymətli bitki geniş sahələrdə əkilirdi.
-Yaşayışından, dolanışığından razısanmı?
-Şükür Allaha, pis dolanmıram.
-Lakin bəzən görürsən ki, kənddə yaşayannlar ərzaq qıtlığından, dolanışığın çətinliyindən gileylənirlər. Səncə, onlar problemlərini necə həll etməlidirlər?
-Kənddə yaşayıb ərzaq qıtlığından gileylənmək yersizdir. Əbəs yerə deməyiblər ki, torpaq çörəyi ilə, insan əməyi ilə...Əgər kənddə yaşayırsansa, toyuq-cücə də saxlamalısan, mal-qara da...Daha ərzaq dalınca şəhərə üz tutmamalısan. Bolluğu, firavanlığı təmin etmək üçün gərək ilk növbədə əsl təsərrüfatçı olasan.
- Allah qoluna qüvvət, süfrənə bərəkət versin. Maraqlı söhbət üçün çox sağ ol!
E. XƏLİLOĞLU,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter