Aqrar xəbərlər
- 04.08.2023, 15:25, Baxış sayı:
- 269
Facebook
Вконтакте
Одноклассники
Google+
Pambıq tarlalarında becərmə tədbirləri davam etdirilir
Ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı yaradılmış şərait, dövlət tərəfindən göstərilən dəstək həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Pambıqçılığa göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Sabirabadda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Rayonda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsinin müdiri Məhəmməd Məmmədovdan aldığımız məlumata görə, ötən il rayonun pambıqçıları 11.697 hektar sahədən 27.374 tondan çox məhsul tədarük etmişlər.
Torpaq mülkiyyətçiləri cari ildə daha yüksək pambıq istehsal etmək əzmindədirlər. Fermerlər müqavilə bağladıqları istehsal müəssisələrinin göstərdikləri dəstəkdən yararlanaraq rayon üzrə 12.092 hektar sahədə pambıq əkmişlər.
Rayonda əkilən pambığın becərilməsi üçün bütün qüvvələrdən maksimum istifadə edərək fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılmışdır. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunur. Cərglərarası becərmələr, kultivasiya, alaq otlarına, zərərverici və xəstəliklərə qarşı mübarizə və sair tədbirlər vaxtında aparılır. Bitkilər tələbata uyğun, optimal müddətdə gübrə və suvarma suyu ilə təmin edilir. Nəticədə barlı kollar hasilə gətirilir. Bu isə məhsulun bol olacağından xəbər verir.
“Muğanın səsi”
Payızlıq taxıl əkininin etibarlı bünövrəsi qoyulur
Ölkəmizdə taxılçılığa dovlət dəstəyi göstərilir. Kənd təsərrüfatının bu strateji sahəsi ilə əlaqədar Dovlət Proqramı hazırlanmışdır. Dövlət dəstəyinin genişləndirilməsi sayəsində ölkəmizdə taxılçılıq ildən-ilə inkişaf etdirilir.
Taxılçılıq Sabirabad rayonunun iqtisadiyyatının əsas sahələrindən hesab olunur. Bu sahənin dinamik inkişafını ardıcıl təmin etmək məqsədilə rayonda həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsinin müdiri Məhəmməd Məmmədovdan aldığımız məlumata görə, keçən il taxıl zəmilərindən bol məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 23.984 hektar sahədə taxıl yetişdirmişlər ki, bunun da 13.403 hektarını buğda, 10.581 hektarı arpa sahəsi təşkil etmişdir.
Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərdən 102.892,1 ton məhsul toplayaraq biçini başa çatdırmışlar. Yığılmış məhsulun 61.794,7 tonu buğda, 41.097,4 tonu isə arpadır. Biçin aparılan hər hektardan ümumilikdə 42,9 sentner məhsul götürülüb ki, bu da ötən ildəkindən çoxdur. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək olub.
Qeyd edək ki, ötən il sabirabadlı taxılçılar 21.742 hektar taxıl sahəsindən 92.621 ton məhsul yığıblar.
Taxıl biçini başa çatmasına baxmayaraq yenə sahələrdə qızğın iş gedir. Fermerlər və torpaq mülkiyyətçiləri gələn ilin bol məhsulunun etibarlı bünövrəsini qoymaq məqsədilə indidən möhkəm zəmin yaradırlar. Rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür.
“Muğanın səsi”
Heyvandarlıq məhsulları istehsalı artır
Heyvandarlıqda damazlıq işinin təşkili də əsas sayılır. Bu sahədə süni mayalandırmanın rolu xüsusilə böyükdür. Son vaxtlar Sabirabad rayonunda damazlıq işlərinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun baş məsləhətçisi Şahbaz Şahlarovun sözlərinə görə, rayonda süni mayalandırma işinə 2003-cü ildən başlanılıb. Ötən illər ərzində süni yolla mayalandırılan heyvanlardan 40 min başdan çox bala alınıb. İnəklər əsasən Hollandiyadan gətirilmiş cins buğaların toxumu ilə mayalandırılıb. İl ərzində 6 min baş heyvandan süni yolla 6,5 min baş sağlam buzov alınır. Fermerlər hər doğulan balaya görə 100 manat subsidiya alırlar. Süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınmış heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur. Süni yolla əmələ gələn buzovların doğularkən diri çəkisi 35-45 kiloqrama çatır. Həmin buzovlar zootexniki, zoogigiyenik qaydada bəslənərsə, 6 aylıq buzovların diri çəkisi 180-200 kq, bir yaşında heyvanların diri çəkisi isə 300-350 kq səviyyəsində olar.
Rayon üzrə 21 süni mayalandırma mütəxəssisi fəaliyyət göstərir. 2023-cü ilin 6 ayında 7222 baş mal-qara süni yolla mayalandırılıb, 3503 baş sağlam bala alınıb. Doğulan balalar ilin müvafiq dövrü ilə müqayisədə çoxdur.
Rayonda iribuynuzulu mal-qara 123 min baş, qoyun-keçilərin sayı 232 min baş olub. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına müsbət təsir göstərir.
Bu ilin ötən müddəti ərzində rayonda ət, süd, yun, yumurta istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən xeyli artmışdır.
Rayonun qabaqcıl təsərrüfatlarından “Seyid-Əli” MMC, “Şeşmə” kiçik müəssisəsi və başqaları heyvandarlıq məhsulları istehsalında xüsusilə fərqlənirlər.
Şahbaz Şahlarov bildirdi ki, heyvandarlarımız problemlərlə də üzləşirlər. Örüş sahələrinin azlığı fermerlərin işini çətinləşdirir. Hazırda mal-qaranın yalnız 51 faizinin örüş sahəsi var.
Rayonda emal müəssisələrinin olmaması da narahatlıq doğuran amillərdəndir.
Şahbaz Şahlarov eyni zamanda baytarlıq sahəsində rayonda görülmüş işlərdən də danışdı: “Hazırda epizootik sabitliyin qorunub saxlanması mühüm əhəmiyyət kəsb edir. Odur ki, baytarlarımız yerlərdə fermerlərlə tez-tez görüşlər keçirir, onların qarşılaşdıqları problemləri yerindəcə araşdırır, lazımi tədbirlər görürlər. Heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi aparılır. Bruselyoz, çiçək, dabaq, vərəm, nodulyar dermatit, qarayara və digər xəstəliklərə qarşı profilaktik tədbirlər vaxtında həyata keçirilir”.
Şahbaz Şahlarov sonda onu da vurğuladı ki, əldə edilən uğurlarda Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubovun xüsusi rolu vardır.
“Muğanın səsi”
10 tondan çox barama tədarük olunub
Sabirabad rayonunda baramaçılığı inkişaf etdirmək üçün məqsədyönlü iş aparılır. Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, ötən il rayon üzrə 8689 kiloqram barama tədarük olunub. Cari mövsümdə isə daha yüksək məhsul istehsal etmək nəzərdə tutulmuşdur. Dövlətin bu sahənin inkişafı üçün göstərdiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya rayonda bu sahəyə olan marağı artırmşdır. Bu mövsümdə də kümçülərə ödənişsiz olaraq ipəkqurdu toxumu paylanmışdı. İndiyədək 10 ton 206,7 kiloqram barama tədarük olunmuşdur. Məhsul tədarükündə rayonun Axısxa, Əhmədabad, Qaratəpə, Moranlı, Güdəcühür, Quruzma, Cavad kəndlərinin kümçüləri daha çox fərqlənmişlər. Barama tədarükü davam edir.
“Muğanın səsi”
Arıçılıq inkişaf etdirilir
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, rayonda arıçılıqla 190 fermer məşğuldur. Fermerlerimiz bu işə 2019-cu ildən başlamışlar. Ildən-ilə arı ailəsi artırılır. 2019-cu ildə 4629, 2020-ci ildə 5151, 2021-ci ildə 5914, 2022-ci ildə 6500 arı ailəsi mövcud olmuşdur. Cari ildə arı ailəsi 8 minə çatdırılmışdır. Arıçılarımız hər il məhsuldarlığı artırırlar.
Hazırda Laçın (1.127 arı ailəsi) və Kəlbəcər (547 arı ailəsi) bölgəsindən olan arıçı fermerlərimiz həmin rayonlara köç ediblər.