Aqrar sahə
- 21.06.2023, 19:00, Baxış sayı:
- 146
Facebook
Вконтакте
Одноклассники
Google+
Pambıq sahələri becərilir
Ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Sabirabad rayonunda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi rayonda bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, ötən il rayonun pambıqçıları 11.696 hektar sahədən 27.374 tondan çox məhsul yığmışlar. Hər hektardan 29,56 sentner pambıq götürülmüşdür. Onlar cari ildə daha yüksək pambıq istehsal etmək əzmindədirlər. Fermerlər müqavilə bağladıqları istehsal müəssisələrinin göstərdikləri dəstəkdən yararlanaraq rayon üzrə 12.192 hektar sahədə pambıq əkmişlər. Səpin optimal müddətdə aparıldığı üçün sahələrdə normal çıxış alınmışdır. Çıxış alındıqdan sonra sahələrin becərilməsinə başlanılmışdır.
Taxıl biçini
Sabirabadda taxılçılıq kənd təsərrüfatının mühüm sahələrindən biridir. Kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına dövlətin göstərdiyi diqqət və qayğı bu sahənin dinamik inkişafını təmin etmişdir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsinin müdiri Məhəmməd Məmmədovdan aldığımız məlumata görə, keçən il taxıl zəmilərindən bol məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 26.075 hektar sahədə taxıl yetişdirmişlər ki, bunun da 13.403 hektarını buğda, 12.672 hektarı arpa sahəsi təşkil etmişdir.
Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları iyunun 15-dək 8.911 hektarda arpa, 815 hektarda isə buğda biçinini başa çatdırmışlar. Hər hektardan 38 sentner arpa, 42 sentner buğda götürülür. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksəkdir.
Moranlı, Güdəcühür, Yolçubəyli, Kürkəndi, Əhmədabad, Axısxa kənd inzibati ərazi dairələrinin taxılçıları biçində irəlidə gedirlər.
Tədarük məntəqələrinə 9 tonadək yaş barama təhvil verilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir. Aqrar sahənin, o cümlədən Azərbaycanda zəngin tarixi ənənəyə və böyük potensiala malik olan baramaçılığın və ipəkçiliyin inkişafı üçün dövlətimiz tərəfindən sistemli dəstək tədbirləri həyata keçirilir, bu sahənin inkişafı üçün subsidiyalar verilir.
“Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində ölkəmizin digər bölgələrində olduğu kimi, Sabirabad rayonunda da həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nailiyyətlər qazanılır.
Bu il dövlət tərəfindən Sabirabad kümçülərinə 350 qutu ipəkqurdu toxumu paylanıb. İpəkqurduna qulluq göstərən kümçülər yaş barama tədarükünü davam etdirirlər.
İyunun 14-dək Sabirabad kümçüləri tərəfindən tədarük məntəqələrinə 8.880 kiloqram yaş barama təhvil verilib. Həmin göstərici ötən ilin müvafiq dövründəkindən xeyli çoxdur. Bu barədə Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən “Muğanın səsi” qəzetinə bildirilib.
Əhmədabad və Axısxa kənd inzibati ərazi dairələrinin kümçüləri barama tədarükü tapşırığını artıqlamasilə yerinə yetirmişlər. Məhsul tədarükünə görə Quruzma, Güdəcühür, Cavad, Əliləmbəyli, Moranlı, Nizami kənd inzibati ərazi dairələrinin baramaçıları da öndə gedirlər.
Kümçülərdən “Tərəqqi” medallı Teymur Bəhrəmov, Səhhət Nəcəfov, Gültəkin Əliyeva (Nizami kəndi), Cavidan Məmmədzadə (Cavad), Ceyhun Soltanov (Qasımbəyli), Telman Aslanov, Qurban Məhəmmədiyev, Eldar Abdullayev (Əhmədabad), Tursun Əzizov, Etibar Səmədov, Xələf Səlimov (Axısxa) barama tədarükündə daha çox fərqlənirlər.
“Muğanın səsi”