• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Heyvandarlıq məhsulları İstehsalı artır

  • 07.07.2022, 09:39, Baxış sayı:
  • 374
Örüş sahələrinin azlığı fermerlərin işini çətinləşdirir

Rayonda ali və orta ixtisas təhsilli baytarlara böyük ehtiyac vardır.

Heyvandarlıq məhsulları İstehsalı artır
Kənd təsərrüfatı rayonu olan Sabirabadda heyvandarlıq əsas təsərrüfat sahələrindəndir. Rayonda bu sahəni müasir texnologiyalar əsasında inkişaf etdirmək məqsədilə son illər bir sıra mühüm tədbirlər həyata keçirilib, iri heyvandarlıq və quşçuluq təsərrüfatları yaradılıb.
Bu günlərdə Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun baş məsləhətçisi Şahbaz Şahlarovla həmsöhbət olduq. O, heyvandarlıq sahəsində görülmüş işlərdən və problemlərdən danışaraq dedi:
-Məlumdur ki, heyvandarlıqda damazlıq işinin təşkili əsas sayılır. Odur ki, rayonda mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilir. Bu sahədə süni mayalandırmanın rolu xüsusilə böyükdür. Son vaxtlar rayonumuzda damazlıq işlərinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər görülmüşdür.
Sabirabadda süni mayalandırma işinə 2003-cü ildən başlanılıb. Daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə rayonda 18 süni mayalandırma məntəqəsi yaradılıb. Ötən illər ərzində süni yolla mayalandırılan heyvanlardan 50 min başdan çox bala alınıb. İnəklər əsasən Hollandiyadan gətirilmiş cins buğaların toxumu ilə mayalandırılıb. İl ərzində 6 min baş heyvandan süni yolla 6,5 min baş sağlam buzov alınıb. Fermerlər hər doğulan balaya görə 100 manat subsidiya alırlar.
Süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınmış heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur. Süni yolla əmələ gələn buzovların doğularkən diri çəkisi 35-45 kiloqrama çatır. Həmin buzovlar zootexniki, zoogigiyenik qaydada bəslənərsə, 6 aylıq buzovların diri çəkisi 180-200 kq, bir yaşında heyvanların diri çəkisi isə 300-350 kq səviyyəsində olar.
2021-ci ildə 11779 baş mal-qara süni yolla mayalandırılıb, 6920 baş bala alınıb. Doğulan balalar 2020-ci illə müqayisədə 413 baş çoxdur.
Görülən tədbirlər sayəsində rayon üzrə hər inəkdən 1932,5 litr süd istehsal edilmişdir ki, bu da respublika göstəricisindən 245,1 litr və ya 12,7 faiz yuxarıdır.
Rayonda iribuynuzulu mal-qaranın baş sayı ötən il 2020-ci illə müqayisədə 456 baş artaraq 123263 baş, qoyun-keçilərin sayı 1375 baş artaraq 234065 baş olub. Mal-qaranın baş sayının artması heyvandarlıq məhsulları istehsalına da müsbət təsir göstərib.
Ötən il ərzində rayonda ət istehsalı 18477,5 ton (diri çəkidə), süd istehsalı 121760,8 ton, yun istehsalı 598,2 ton, yumurta istehsalı isə 132 milyon 408 min ədəd olub ki, bu da əvvəlki illdəkinə nisbətən xeyli çoxdur.
Rayonun qabaqcıl fermerlərindən Seyidəli Seyidov (Bulaqlı kəndi), Arif Məmmədov (Kovlar kəndi), Zahid Mirzəyev (Çölbeşdəli kəndi) və başqaları heyvandarlıq məhsulları istehsalında xüsusilə fərqlənmişlər.
Heyvandarlarımız problemlərlə də üzləşirlər. Örüş sahələrinin azlığı fermerlərin işini çətinləşdirir. Hazırda 30551 hektar otlaq sahəsi mövcuddur ki, bu da mal-qaranın yalnız 50,2 faizinə kifayət edir.
Şahbaz Şahlarov eyni zamanda baytarlıq sahəsində rayonda görülmüş işlərdən də danışdı: “Hazırda epizootik sabitliyin qorunub saxlanması mühüm əhəmiyyət kəsb edir. Odur ki, baytarlarımız yerlərdə fermerlərlə tez-tez görüşlər keçirir, onların qarşılaşdıqları problemləri yerindəcə araşdırır, lazımi tədbirlər görürlər. Heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi aparılır. Bruselyoz, çiçək, dabaq, vərəm, nodulyar dermatit, qarayara və digər xəstəliklərə qarşı profilaktik tədbirlər vaxtında həyata keçirilir”.
Şahbaz Şahlarov bu sahədə problemlərin olduğunu da bildirdi. Dedi ki, rayonda ali və orta ixtisas təhsilli baytarlara böyük ehtiyac vardır.

Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter