Payızlıq taxıl əkininin etibarlı bünövrəsi qoyulur
Sabirabad rayonunda payızlıq-yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş --- min hektar sahənin məhsulu yığılıb.
Ən yüksək məhsuldarlıq əldə edən rayonlar sırasında Sabirabadda var. Rayon üzrə 93,1 min ton, yəni hər hektardan 42,6 sentner taxıl məhsulu istehsal edilib.
Sabirabadda taxılçılıq kənd təsərrüfatının mühüm sahələrindən biridir. Kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına dövlətin göstərdiyi diqqət və qayğı bu sahənin dinamik inkişafını təmin etmişdir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, keçən il taxıl zəmilərinin hər hektarından 41,8 sentner məhsul götürən rayonun fermerləri və torpaq mülkiyyətçiləri bu ilin məhsulu üçün 21742 hektar sahədə taxıl yetişdirmişlər ki, bunun da 11962 hektarını buğda, 9780 hektarı arpa sahəsi təşkil etmişdir.
Biçin kampaniyasına mütəşəkkil başlayan məhsul istehsalçıları qısa müddətdə zəmilərin hər hektarından 42,6 sentnerdən çox məhsul götürmüşlər ki, bu da ötən ildəkindən çoxdur. Ayrı-ayrı fərdi fermer təsərrüfatlarında məhsuldarlıq ümumi rayon göstəricisindən xeyli yüksək
olmuşdur.
Taxıl biçini başa çatmasına baxmayaraq yenə sahələrdə qızğın iş gedir. Fermerlər və torpaq mülkiyyətçiləri gələn ilin bol məhsulunun etibarlı bünövrəsini qoymaq məqsədilə indidən möhkəm zəmin yaradırlar. Rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür. Sahələrdə şum aparılmasına, toxumun təmizlənməsinə, mövcud texnikanın səpinə hazırlanmasına start verilib.
Taxıl əkinində ilkin və həlledici amillərdən sayılan payızlıq əkindən əvvəl sahələr bitki qalıqlarından təmizlənir, üzvi və mineral gübrələrlə zənginləşdirilir. Texnika və şum aqreqatları vaxtında təmir olunduqdan, yoxlamadan keçirildikdən və iş üçün tam hazır vəziyyətə gətirildikdən sonra sahələrə çıxarılıb. Hazırda sahələr keyfiyyətlə şumlanır. Şumun lazımi dərinlikdə aparılması da həm mütəxəssislərin, həm də torpaq mülkiyyətçilərinin diqqət mərkəzindədir. Bu mühüm kampaniyada iştirak edən texnikanın yanacaqla vaxtlı-vaxtında təmin olunması, sıradan çıxmış ehtiyat hissələrinin təcili dəyişdirilməsi üçün əvvəlcədən kifayət qədər ehtiyat yaradılmışdır. Taxılçılar artıq 22 min hektaradək sahədə şum aparılmasına nail olmuşlar. Cari ildə 25 min hektardan çox sahədə payızlıq taxıl əkini proqnozlaşdırılır.
Taxılçılıqda əsas mənbə olan toxum ehtiyatına da üstünlük verilir. Rayonda toxumçuluqla əsasən 3 təsərrüfat məşğul olur. Həmin təsərrüfatlarda yüksək repreduksiyalı arpa və buğda sortları yetişdirilir. Cari ildə 178 hektar sahədən 520 ton yüksək keyfiyyətli toxumluq taxıl əldə edilmişdir. Hazırda həmin təsərrüfatlarda toxum təmizlənmə işləri aparılır. Toxumlar təmizlənir, səpin üçün hazırlanır. Bu il taxılçılar sahələrə daha yüksək repreduksiyalı toxum sortları səpmək əzmindədirlər. Eyni zamanda toxumçuluqla məşğul olan təsərrüfatlar öz istehsalından olan taxıl sortlarından torpaq mülkiyyətçilərinə münasib qiymətə toxum satmağı nəzərdə tutmuşlar.
Ata-babalarımız çörəyi müqəddəs nemət adlandırmışlar. Elimizdə, obamızda bir adət var ki, süfrə ətrafında çorək yeyilib qurtardıqdan sonra böyükdən-kiçiyə deyərlər ki, çox şükür, ilahi, verdiyin ruziyə. Odur ki, strateji əhəmiyyəti olan taxılın əkinində də, biçinində də torpağa havayı bir dən düşməsin deyə bütün aqrotexniki tədbirlərə əməl edilməlidir.
Fermerlərin və torpaq mülkiyyətçilərinin ötən illərdəki ənənəyə sadiq qalaraq bu ilin payızlıq taxıl əkininə hazırlıq işləri bunu deməyə əsas verir ki, əkinçilər növbəti ilin bol məhsulunun etibarlı bünövrəsini qoyurlar.
“Muğanın səsi”