• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Oxucularımızın şikayəti

  • 17.03.2023, 13:03, Baxış sayı:
  • 160
Oxucularımızın şikayəti
Oxucularımızın şikayəti

Təbiətə, ətraf mühitə qənim kəsilənlər hər
birimizin düşmənidir...

Vaxtilə Ümummilli lider Heydər Əliyev deyirdi: “Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir”.
Bəli, təbiətə, ətraf mühitə qənim kəsilənlər hər birimizin düşmənidir...
Mən Kür və Arz çaylarının qovuşduğu məkana hər gün gedirəm. Buranın gözəl havası vardır. Orada olanda özümü çox gümrah hiss edirəm. Bu günlərdə həmin ərazidən irəlidə, Kür çayının sahilində dəhşətli mənzərə ilə rastlaşdım. Əvvəllər həmin ərazidə gördüyüm sıx yaşıllıqlar, yulğun kolları get-gedə kəsilərək seyrəlir. Əksər yerlərdə onları dibindən kəsiblər. Axı, bu bitkilərin ərsəyə gəlməsi üçün illərlə vaxt lazım olur.
Qeyd etmək lazımdır ki, həmin əraziyə gedən yolun kənarları zibilliklər məskənidir. Şəhər sakinləri zibili hara gəldi tökürlər. Buradakı zibilliklərə baxanda adam məyus olur, qanı qaralır. Təəssüflər olsun ki, baş alıb gedən antisanitariya, natəmizlik, pintilik bu sahəyə baxan və cavabdeh olan təşkilatları heç də narahat etmr.
Rusiyadan qonağım gəlmişdi. Qonaq məndən xahiş etdi ki, onu Kürlə Arazın qovuşduğu yerə aparım. Biz həmin əraziyə gedərkən yolun kənarına tökülmüş zibillikləri görəndə çox xəcalət çəkdim.
Allah bizə bu neməti verib. Niyə ona ögey münasibət bəsləyirik. Təbiətə, ətraf mühitə zərər vuran fiziki və hüquqi şəxslərə qarşı barışmaz olmaq lazımdır.
Məgər əlaqədar təşkilatlar görmürlərmi “Ətraf mühitin mühafizəsi haqqında” qanunun konkret maddələri pozulur? Bu halın qarşısının alınması üçün ciddi tədbirlər görülməlidir. Təbiətə qəsd edənlər cəzasız qalanda bu əməllərini daha da genişləndirirlər.Əlaqədar qurumlar heç bir fərq qoymadan təbiətə qəsd edənləri cəzalandırmalıdır.

Süleyman NƏZƏROV,
Sabirabad şəhər sakini

Redaksiyadan:
Mütəxəssislərin söylədiyinə görə, yulğun bitkisi torpağın münbit olmağına müsbət təsir göstərir, oksigeni çoxaldır, havanın saflaşmasına xidmət edir və canlıların yaşaması üçün şərait yaradır. Yulğun kollarının ekoloji cəhətdən digər üstünlüyü ondadır ki, quşlar orada yuva salaraq nəsil artırır, ətraf mühitə gözəllik gətirirlər. Quşlar, əsasən də qırqovul çoxalma dövründə bu bitkinin sıx yarpaqlarının arasında gizlənə bilir və vəhşi heyvanlardan mühafizə olunur.
Yulğun bitkisi suya, quraqlıq və şoranlıq yerlərə davamlı olduğu üçün təbiətdə yaşıllaşdırmada geniş istifadə olunur. Mütəxəssislərin fikrincə, yulğunun insan orqanizminə faydası olduqca böyükdür. Yulğun insanlar üçün mualicəvi dərman bitkisi kimi də çox böyük əhəmiyyətə malikdir. Ağ ciyərin müalicəsində yulğun bitkisindən istifadə edilir. Xüsusilə onu üzərlik kimi yandırıb, tüstüsünü udmaqla tənəffüs yollarının açılmasında xeyirlidir.
Yulğun bol oksigen verməklə yanaşı, həm də torpağı münbitləşdirir. Mütəxəssislər hesab edirlər ki, yulğunun kəsilməsinə görə cərimələrin tətbiq olunmasına baxmayaraq, bu sahədə boşluqlar vardır. Ana təbiətin bəxş etdiyi bu neməti qorumaq lazımdır ki, gələcək nəsillərə ötürə bilək.
Yulğun adi koldur deyildir ki, onu kəsəsən. Yulğunun elə növü vardır ki, “Qırmızı kitab”a düşüb.
Təbiətə qənim kəsilənlər “100 il ibadət etməkdənsə, 5-10 ağac böyütmək daha savabdır” zərb-məsəlini unutmuşlar. Unudulmamalıdır ki, yaşıllıq, meşələr, ağaclar təbiətin ağ ciyəridir. Meşələr təmiz havası, oksigen zənginliyi ilə uşaqdan titmuş böyüyədək hər kəsin rahatlıq və sərbəstlik məkanı sayılır. İnsan sağlamlığı üçün ən zəruri amillərdəndir. Təbiətə qəsd, Vətənə qəsddir.
Yadda saxlayaq ki, sivilizasiyalı yerlərdə sərt qanunlar mövcuddur. Norveçdə bir ağac kəsəni üç ağac əkməyə məcbur edirlər. İcazəsiz bir balıq tutandan on balıq yetişdirmək üçün şərait yaratmağı tələb edirlər. Baltik dənizinə bir boş şüşə qab və ya konserv bankası tullayan turisti o saat öz ölkəsinə geri qaytarırlar.
Axı, ağac, günəş şüası deyil. Kəsdin, qurtardı getdi. O tükənən təbii sərvətdir. Meşələr Yer kürəsinin “ağ ciyərləridir”. Bütün kainat onunla nəfəs alır. Bir sıra ölkələrdə təzə evlənənlərin əkdikləri ağaclar hesabına nəhəng parklar salınmışdır.
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter