• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Təbiətə qəsd, Vətənə qəsddir

  • 28.10.2021, 18:35, Baxış sayı:
  • 592
Azərbaycanda mövcud meşə təsərrüfatına laqeyd münasibət nəticəsində təbiət tərəfindən yaranmış və ata-babalardan bizə yadigar qalmış Azərbaycan təbiətinin inciləri sayılan Toğay meşələrinin amansızcasına qırılaraq məhv edilməsinin qarşısını almaq məqsədilə mərhum akademik Həsən Əliyev özünün tarixi əsərində “həyəcan təbili” çalınmasını zəruri hal kimi irəli sürmüşdür. Akademikin bu hikmətli təklifi təbiətə münasibət məsələsində hər kəs üçün, necə deyərlər, məşəl, kompas, ciddi siqnal olmalıdır. Amma çox təəssüflə qeyd etmək lazımdır ki, Sabirabad rayonunda bu sahəyə münasibət acınacaqlı vəziyyətdədir. Şəxsi mənafelər üçün yaşıllıqlara divan tutulur.

Bu günlərdə rayonun Toğay meşələrində apardığımız müşahidələr zamanı dəhşətli mənzərələrlə rastlaşdıq. Vaxtilə meşə ağaclarını kolxoz pambıqları “yeyirdisə”, indi isə xüsusi mülkiyyət sahiblərinə məxsus olan kənd təsərrüfatı bitkiləri “yeyir”. Meşə zolaqlarında bostan və başqa bitkilərin əkilməsi və sair kimi mənfi hallar acınacaqlı vəziyyət yaratmışdır.
Qeyd etmək lazımdır ki, Quruzma Toğay meşəsi xüsusi mülkiyyət üçün zəbt olunaraq burada müxtəlif kənd təsərrüfatı bitkiləri əkilib-becərilir. Hansı ki, meşə sahəsi yalnız meşə ağaclarına məxsus olmalıdır. Kənddə olan adamlarla söhbət aparıldıqda onlar bildirdilər ki, neçə illərdir həmin meşədə belə “fəaliyyət” göstərilir. Burada həmçinin bizə dedilər ki, meşə fondu torpaqları daşınaraq satılır.
Acınacaqlı hal budur ki, buradakı əkin sahələri meşədən kəsilmiş ağaclarla hasarlanmışdır. Hasarlanmış ərazidə mal-qara otarılırdı. Qeyd etmək lazımdır ki, meşənin ərazisi zibilliklər məskəni idi. Burada balıq gölü də vardı.
Gördüyümüz nöqsanları və çatışmazlıqları Sabirabad Regional Meşə Təsərrüfatı Mərkəzi Quruzma meşəbəyliyinin əməkdaşı Eldar Abbasova bildirdik. O dediklərimizə belə aydınlıq gətirdi:
-101 hektar əraziyə nəzarət edirəm. Hamısını gəzib çatdıra bilmirəm. Kənd sakinlərinə deməkdən yorulmuşam. Onlar zibili hara gəldi tökürlər.
Eldar Abbasov meşə zolağında əkinlərin aparılmasının qanuna zidd olmadığını və əgər nazirlik icazə verərsə, burada yenə də növbəti əkinlərin olacağını vurğuladı.
O, balıq gölünün sənəd əsasında qardaşı Azərə məxsus olduğunu söylədi.
Hansı sənəd?! Hansı icra qurumu belə qanunsuzluğa imza ata bilər?! Münbit torpağı məhv edib yerində göl yaradanlar məgər qanunun sərt üzündən qorxmurlar?
Eldar Abbasov meşə fondu torpaqlarının daşınaraq satılmadığını, bundan Kür daşqınları zamanı istifadə olunduğunu bildirdi. Onu da vurğuladı ki, kənddə örüş yeri olmadığından sakinlər heyvanları meşədə otarırlar.
Quruzma kənd sakini Şamil Əliyev mal-qaranın otarılması ilə bağlı onun dediklərini təsdiq etdi. Söylədi ki, heyvanlarımızı ötarmağa örüş yeri tapa bilmirik. Məcbur olub Quruzma meşəsində otarırıq. Kəndimizin 500 hektar örüş sahəsi vardı. Deyilənlərə görə, Qaraqaşlıdan bir nəfər həmin sahəni alıb. İndi kəndimizin heyvanları örüşsüz qalıb. Ora heyvanlarımızı buraxmırlar. Bibim oğlunu, ikinci Qarabağ müharibəsinin iştirakçısı Məzahir Mirzəyevi örüş sahəsinə heyvan apardığına görə döyüb-söymüşdülər.
Hər bir insan həyatının qədrini bildiyi kimi, gərək təbiətin də qədrini bilsin. Lakin Ulacalı meşəsində müşahidə etdiklərimiz bunun əksini göstərir. Burada ocaq qalayarkən təhlükəsizlik qaydalarına əməl edilmir. Ocaqlar quru ağac kötükləri və quru ot olan ərazidə, ağacların altında yandırılır. Tonqal üçün çala qazılmır. Bütün bunlar isə meşə yanğınlarına səbəb ola bilər.
Meşə massivində ağacların qanunsuz olaraq kəsilməsi halları ilə qarşılaşdıq. Burada meşədən kəsilmiş yaşıl ağaclar doğranıb hazır vəziyyətə gətirilmişdi.
Gəzdiyimiz meşə ərazilərində cavan ağacların əkininə rast gəlmədik. Nədənsə, meşəçilər “100 il ibadət etməkdənsə, 5-10 ağac böyütmək daha savabdır” zərb-məsəlini unutmuşlar.
Unudulmamalıdır ki, yaşıllıq, meşələr, ağaclar təbiətin ağ ciyəridir. Meşələr təmiz havası, oksigen zənginliyi ilə uşaqdan titmuş böyüyədək hər kəsin rahatlıq və sərbəstlik məkanı sayılır. İnsan sağlamlığı üçün ən zəruri amillərdəndir. Təbiətə qəsd, Vətənə qəsddir.
Elçin NƏSİB,
“Muğanın səsi”

P.S. Sabirabad Regional Meşə Təsərrüfatı rəhbərliyində kadr dəyişikliyi, gənc mütəxəssiz Vüsal Talıbovun həmin qurumun müdiri vəzifəsinə gətirilməsi yaxşı mənada çox şeyi dəyişə bilər. Kürqırağı Toğay meşəliklərinin qorunub saxlanılması və yeni meşəliklərin bərpası qarşıda duran mühüm vəzifələrdəndir.

Təbiətə qəsd, Vətənə qəsddir
Təbiətə qəsd, Vətənə qəsddir
Təbiətə qəsd, Vətənə qəsddir
Təbiətə qəsd, Vətənə qəsddir
Təbiətə qəsd, Vətənə qəsddir
Təbiətə qəsd, Vətənə qəsddir
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter