Azərbaycan siyasi, iqtisadi və mədəni cəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilib. Ötən dövr ərzində ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi buna sübutdur. Pandemiya ilə əlaqədar obyektiv səbəblərdən bir müddət kütləvi tədbirlərin keçirilməsi məhdudlaşdırılsa da, artıq tədricən həyat öz axarına qayıdır və Bakı şəhəri qlobal dialoq məkanı olaraq öz rolunu davam etdirir.
X Bakı Qlobal Forumunda dünyanı narahat edən aktual problemlər ətrafında geniş müzakirələr aparılır, problemlərdən çıxış yolları üçün müxtəlif fikir və təkliflər səsləndirlir. “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusuna həsr olunan X Qlobal Bakı Forumunda bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar. Forumda 4 prezident, 2 baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərlikləri, 25 sabiq prezident, 21 sabiq baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda dərin məzmunlu çıxış edərək bu mötəbər tədbirin əhəmiyyətini vurğulayıb: “Birinci Forumdan başlayaraq bütün forumlarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında geniş danışılırdı. Artıq münaqişə başa çatıb. Dövlətimizin başçısı qarşıda dayan hədəflər barədə və regionun gələcək inkişaf perspektivləri haqqında fikirlərini ifadə etdi. Cənab Prezident Cənubi Qafqaz regionu üçün sülh imkanlarının yarandığını bəyan etdi. Ötən ilin oktyabrında Azərbaycan ilə Ermənistan arasında razılaşdırılmış məsələlər, xüsusən də, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət əslində onu göstərir ki, sülhə nail olmaqda maneə yoxdur. Azərbaycandakı erməni azlığına gəldikdə, Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkədir. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin həyatı işğal dövründən fərqli olaraq daha yaxşı olacaq”.
“Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulur, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılır. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından biridir. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcəklər.
İnqilab Hüseynov,
Sabirabad rayon Yaşıllaşdırma sahəsinin rəisi