Bakıda dəhşətli cinayətlər törətməkdə ittiham olunan Cəbrayıl rayon sakini, 1968-ci il təvəllüdlü Aqşin Quliyevin məhkəməsi başa çatıb.
Aqşin Quliyev əvvəllər qonşusu olmuş İlham Həşimovun son aylar bir neçə dəfə yaşadığı Bülbülə qəsəbəsindəki mənzilinin qarşısında dayanaraq pəncərəyə baxdığını görüb. O, İlham Həşimovun arvadı ilə münasibətdə olmasından və əxlaqsız təkliflər etməsindən şübhələnib.
Aqşin Quliyev İlham Həşimovu öldürmək qərarına gəlib. 2019-cu ilin sentybarından başlayaraq İlham Həşimovun mobil telefonuna zənglər edərək, onunla görüşmək istədiyini bildirib.
İlham Həşimov işdən gec çıxdığından, yalnız istirahət günü görüşə biləcəyini deməsindən sonra onunla sentyabrın 29-da görüşmək barədə razılaşıb. Aqşin Quliyev onu yaşadığı mənzilinə çağırıb.
İlham Həşimov həmin gün saat 11 radələrində qeyd olunan ünvana gəlib. O, Aqşin Quliyevlə mənzilin qonaq otağında, stol arxasında söhbət edib.
Daha sonra Aqşin Quliyev televizorun yanından şüşə materialdan olan şirniyyat qabını götürürək stulda arxası ona tərəf əyləşmiş İlham Həşimovun baş nahiyəsinə zərbələr vurub. Onlar əlbəyaxa olublar. Aqşin Quliyev mənzilin girişindəki dəhlizdə əvvəlcədən gizlətdiyi bıçağı götürüb İlham Həşimova çoxsaylı xəsarətlər yetirib.
İlham Həşimov evin qapısından çıxaraq qaçmaq, köməyə adam çağırmaq istəsə də, Aqşin Quliyev buna imkan verməyib. Aqşin Quliyev İlhamın onu öldürməməsi ilə bağlı yalvarışlarına məhəl qoymayıb, əlində olan bıçaqla zərbələr vurub, sonra isə başını kəsərək, qətlə yetirib.
Aqşin Quliyev İlham Həşimovu öldürdükdən sonra təxminən 20 il əvvəl qardaşının keçmiş arvadı ilə yaxın münasibətdə olmasından şübhələndiyi və həmin müddətdən qərəzli münasibətdə olduğu uzaq qohumu, “sınıqçı” kimi fəaliyyət göstərən Füzuli Şirinovu da öldürmək qərarına gəlib.
Aqşin Quliyev həmin gün, saat saat 13 radələrində İlham Həşimovu öldürdüyü mətbəx bıçağını paltarında gizlədib və yaşadığı ünvandan çıxaraq, taksi ilə Füzuli Şirinovun yaşadığı Binəqədi rayonuna gəlib. O, həmin vaxt evində xəstə müayinə edən Füzuli Şirinovu gözləyib.
Füzuli Şirinov dəhlizə çıxan zaman üzərində olan bıçaqla ona oğlunun gözləri qarşısında xəsarətlər yetirib. Füzuli Şirinovun oğlu araya girib və Aqşin Quliyevin hərəkətlərinin qarşısını alıb.
Füzuli Şirinov vaxtında xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Aqşin Quliyev həbs edilib.
İstintaq orqanı tərəfindən Aqşin Quliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aqşin Quliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Aqşin Quliyev apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Aqşin Quliyevin şikayəti təmin olunmayıb.
/Muganinsesi.az/