• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Öyrətmək eşqi ilə...

  • 16.12.2022, 22:14, Baxış sayı:
  • 149
Öyrətmək  eşqi ilə...
Giriş

İnsan yalnız cismən deyil, mənəvi cəhətdən də inkişaf edib zənginləşməyə möhtacdır. O, daim tərbiyəçiyə, öyrədənə ehtiyac duyur. Təbii ki, bu da müəllimsiz mümkün deyil. Müəllim bu gün sabahı yaradır. Əgər biz cəmiyyəti nəhəng bir bina ilə müqayisə etsək, müəllimi həmin binanın memarı sanmaq lazımdır. Xalqımız həmişə müəllimə müqəddəs bir varlıq kimi baxmışdır. Müəllimlərin ömrü talelərə düşən işıqdır. Bu müqəddəs adı şərəflə, namusla daşıyan pedaqoqlardan biri də Gülnar Hüseynovadır. Sözün həqiqi mənasında Qaratəpə kənd tam orta məktəbinin güzgüsü olan, dərs dediyi hər bir şagirdin qəlbində özünə yer tapa bilən Gülnar müəllim ömrünün 38 ilini gənc nəslin təlim-tərbiyəsinə, xalqın maariflənməsinə həsr etmişdir. Həyatın bütün sınaqlarından hünərlə çıxmış Gülnar müəllim əsl ziyalı ömrü yaşamışdır. Bu illərdə onun dərs dediyi şagirdlərinin sayı-hesabı bilinmir, səs-sorağı yaxın-uzaq yerlərdən gəlir.

Tərcümeyi-halından sətirlər

Gülnar Aydın qızı Hüseynova 10 noyabr 1962-ci ildə Saatlı rayonunda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbini fərqlənmə attestatı ilə qurtarıb. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini (1984) fərqlənmə diplomu ilə bitirib. Həmin ildən Sabirabad rayonu Qaratəpə kənd tam orta məktəbində kimya-biologiya ixtisası üzrə müəllim işləməyə başlayıb. Direktorların işə qəbulunun 4 pilləli imtahan sınaqlarından uğurla keçərək təhsil nazirinin əmri ilə 2016-cı ildə Qaratəpə kənd tam orta məktəbində vakant olan direktor vəzifəsinə təyin olunub. Hazırda da həmin təhsil müəssisəsinin rəhbəridir. Bir çox elmi, ictimai-siyasi məqalələrin müəllifidir.
Ailəlidir. Üç övladı (iki oğlan, bir qız) var.
“Zəfər” medalına, bir sıra Fəxri Fərman, diplomlara layiq görülüb. “Sabirabadlı şəhidlər” adlı kitabın müəllifidir.

Gülnar müəllimlə söhbətimizdən...

Soruşuram:
-Nəyə görə müəllim olmaq qərarına gəldiniz?
-Mən hələ uşaqlıqdan adamların müəllimlərə bəslədikləri hörmət və məhəbbəti hiss edirdim. Müəllimlər gözəl davranışları, səliqəli geyimləri ilə başqlarından tamamilə fərqlənirdilər. Odur ki, hələ o vaxtlar müəllim peşəsinə vuruldum. Böyük sənətkar Abdulla Şaiq “Mən yazdığımdan ziyadə müəllimliyimlə iftixar edirəm” sözlərini təsadüfi deməyib. O, müəllimliyi müqəddəs peşə kimi dəyərləndirirdi. Bəli, öz ağlı, kamalı, elmi ilə qaranlıq beyinləri işıqlandıran, bəşəriyyətin inkişafı yoluna nur saçan müəllimlərin işi müqəddəsdir.
-Əsl müəllim sizcə, necə olmalıdır?
-Gərək müəllim həmişə öz ləyaqətinin, paklığının, ülviliyinin keşiyində dayana, təmizliyini, nüfuzunu gözləyə. Yüksək savada, böyük pedaqoji ustalığa, şəxsi əxlaqi keyfiyyətlərə malik ola. Unutmaya ki, ona onlarca göz dikilir. Bizim ən birinci vəzifəmiz cəmiyyətin vətəndaşını tərbiyə etməkdir. Müəllimin şagirdlərinin-gələcək vətəndaşın cəmiyyətdə hansı mövqeyi tutacağı ondan asılıdır.
Gülnar müəllim ölkəmizdə təhsilin inkişafı ilə bağlı bunları dedi:
- Azərbaycan təhsilinin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur. Ümummilli Lider bütün sahələrlə yanaşı, təhsilə də xüsusi diqqət və qayğı göstərmişdir. Elə rəhbərlik etdiyim təhsil müəssisəsinin binası Ulu Öndərin bilavasitə göstərişi ilə tikilmişdir. Bir sözlə, Ulu Öndərin təhsil sahəsinin inkişafındakı xidmətləri xalqımızda milli-mənəvi dəyərlərə qayıdışın əsasını qoymuşdur. Əsası Ümummilli Lider tərəfindən qoyulan təhsil strategiyası bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bütün sahələrlə yanaşı, təhsil sahəsinə göstərdiyi diqqət və qayğı sayəsində icra edilən Dövlət proqlamları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələr əldə olunmasına xidmət edir. Ölkə rəhbərinin müvafiq göstərişləri əsasında atılan addımlar, öz bəhrələrini verən Dövlət proqramları təhsil sistemində yeni inkişaf meyllərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirir. Ölkəmizin iqtisadiyyatı gündən-günə güclənir və iqtisadiyyat gücləndikcə, bütün sahələrdə olduğu kimi, təhsil sahəsinə yönəldilən dövlət vəsaiti də ildən-ilə artır. Azərbaycan təhsili bu gün öz inkişafının mühüm mərhələsini yaşamaqdadır. Möhtərəm Prezidentimizin göstərişinə əsasən məktəbimizin binası təmir edilmişdir. Buna görə ölkə rəhbərinə ürəkdən minnətdarıq.

Rəhbərlik etdiyi təhsil müəssisəsi haqqında bir neçə söz

Qaratəpə kənd tam orta məktəbi özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edir. Məktəb təlim və təhsildə qazandığı uğurlara görə rayonda nümunəvi təhsil ocaqlarından sayılır. Hər il Gülnar Hüseynovanın rəhbərlik etdiyi təhsil müəssisəsini bitirən məzunların yarıdan çoxu ali məktəblərə qəbul olunurlar. 2021-2022-ci tədris ilində 34 nəfər məzundan 18 nəfəri tələbə adını qazanmışdır.

Sonluq

Həmişə öyrənmək və öyrətmək istəyində olan, tələbkarlıqla yanaşı, sadəliyi, mehribanlığı ilə fərqlənən, işgüzarlığı, əməksevərliyi, təşəbbüskarlığı ilə başqalarından seçilən, həm şagirdlər, həm müəllimlər, həm də valideynlər arasında böyük nüfuz qazanmış Gülnar müəllim zəkasının qüdrəti ilə çoxsaylı insan cığırında öz izini nəqş etmişdir. Bu iz nəm qumsallıqda basılan iz deyildir. Bu sıldırım qayalıqda yağışın damla-damla oyduğu izə bərabərdir. Bu cığıra düşərək addımlayanlar böyük ideyalar və fikirlərlə silahlanaraq gələcəyə doğru can atırlar.

Elçin NƏSİB
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter