• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Vətənə, xalqa bağlı insan

  • 18.08.2022, 17:06, Baxış sayı:
  • 554
Vətənə, xalqa bağlı insan
Xalq arasında belə bir deyim var: “İnsan var ki, insanların naxışıdır”. Haqqında söhbət açdığımız Mirhəmid Həmidov sözün həqiqi mənasında əsl insandır. Sadəlik, təvazökarlıq, mehribanliq onun xarakterini səciyyələndirən əsas xüsusiyyətlərdəndir.
Mirhəmid Mirheydər oğlu Həmidov! Bu ad Muğanda, Şirvanda, Şabran-Siyəzən bölgələrində çoxlarına doğmadır, tanışdır. Bu adın qazanılması ona heç də asan başa gəlməyib. Həyatın ağrılı-acılı, enişli-yoxuşlu, sevincli-kədərli günləri bütövlükdə böyük zəhmət bahasına başa gəlib, ərsəyə yetişib.
Şərəfli ömür yolu keçən Mirhəmid Həmidov 1947-ci ildə Sabirabad rayonunun Kovlar kəndində dünyaya gəlib. Uşaqlıq illəri kənd həyatı ilə bağlı olan Mirhəmid müəllim istər kənddə yaşayanda, istərsə də Sabirabadda şəhər mühitində fəaliyyət göstərərkən özünü zəhmətin içərisində görüb. Sözün əsl mənasında zəhmət onun təsərrüfatçı, təşkilatçı, siyasətçi, həm də alim kimi yetişməsində böyük rol oynayıb.
O, M.Ə.Sabir adına Sabirabad şəhər 1 saylı orta məktəbini qurtardıqdan sonra Gəncə Aqrar Universitetinin mexanika fakültəsinə qəbul olaraq oranı mühəndis-mexanik kimi bitirmişdir. Bir müddət Suvarma Sistemləri idarəsində çilingər, mexanik və mühəndis kimi çalışaraq, ictimai-siyasi işlərdə də fəallıq göstərmişdir. Bütün bu fəaliyyətin müqabilində onu rayon Komsomol Komitəsində işə dəvət etmişlər. Orada təşkilatçı, təşkilat şöbəsinin müdiri, katib vəzifələrində çalışmışdır. Çəkilən zəhmət hədər getməz. Mirhəmid müəllimin işə yaradıcı münasibəti onu Bakı Ali Partiya məktəbində oxumağa sövq etmişdir. O, həmin məktəbi politoloq kimi fərqlənmə diplomu ilə bitirmişdir.
Mirhəmid müəllim daim əməksevərliyi, səmimiliyi və yüksək nizam-intizamı ilə seçilmiş, rayonun ictimai həyatında fəal iştirak etmişdir. İş prosesində istehsalatın heç bir sahəsi onun üçün çətinlik yaratmamışdır. Ali Partiya Məktəbini bitirdikdən sonra bir müddət Xalq Nəzarəti orqanlarında və Sabirabad rayon Partiya Komitəsində şöbə müdiri kimi fəaliyyət göstərmişdir.
Onun əmək fəaliyyətinin ikinci dövrü Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən başlayır. Mərkəzi aparatda məsul vəzifədə çalışan Mirhəmid müəllim həm idarəetmə strukturunu, həm siyasi rəhbərlik kursunu, həm də respublikanın regionlarının sosial-iqtisadi vəziyyətini dərindən öyrənməklə, yerlərdə bu işlərin müasir idarəetmə metodları ilə həyata keçirilməsində iştirakçı olmuşdur.
Yüksək işgüzarlıq, işə yaradıcı münasibət onu əvvəlcə Dəvəçi rayon Partiya Komitəsində ikinci katib, rayon İcraiyyə Komitəsinin sədri, Sabirabad rayon Partiya Komitəsinin birinci katibi, sonra isə ilk Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində işləməyə qədər yüksəltmişdir.
O, Şabran (Dəvəçi) rayonunda işləyərkən rayonda sosial məsələlərin həllində yaxından iştirak etmiş, Şabran şəhərinin və Xəlilli-Çölquşçu kəndlərinin içməli su ilə təmin olunması məqsədilə Çinarlı-Şabran və Xəlilli-Çölqaraqaşlı su xəttlərinin çəkil­məsinin təşkilatçısı olmuşdur. Bilavasitə Mirhəmid müəllimin iştirakı və rəhbərliyi ilə hər biri sutkada 15 min ədəd kərpic istehsal edən mini zavod Dəvəçi rayonunun Surra, Siyəzən rayonunun Həmyə kəndlərində tikilib istifadəyə verilmişdir.
Sabirabad rayonunda işlədiyi dövrdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün də öz aktuallığını saxlamaqla böyük səmərə verməkdədir. 90-cı illərin əvvəllərində rayonda baramaçılığı inkişaf etdirmək məqsədilə Türkmənistan Respublikasından 500 min ədəd tut tingi gətizdirilmiş və rayonun müxtəlif kəndlərində tut bağları salınmış, Axısxa kəndində Barama Qurutma Məntəqəsi istifadəyə verilmişdir.
Rayonda qrunt sularının əkin sahələrinə vurduğu ziyanın aradan qaldırılması daim problem kimi qalırdı. Baş Mil-Muğan kollektorunun hissə-hissə tikilməsinə baxmayaraq, Bakı-Astara dəmir yol xəttinin və İran-Mazdok qaz kəmərinin həmin kollektorla kəsişdiyi üçün bu iş illərlə yubanmışdı. Mirhəmid müəllimin əzmkarlığı sayəsində bu iki xəttin yeri dəyişdirilərək Baş Mil-Muğan kollektorunun Sabirabad rayonu ərazisindən keçən hissəsi işə salındı və nəticədə 10 min hektarlarla əkin sahələri şor sulardan təmizləndi.13 km uzunluğunda Azadakənd-Bala Həşimxanlı, 7 km uzunluğunda Hacıbəbir-Moranlı qidalandırıcı su kanalı tikilib istifadəyə verilərək 3 təsərrüfatın, 8 kəndin əkin sahələrinin su ilə təminatı həyata keçirildi.
O, rayonda təhsilin və səhiyyənin inkişafını da daim diqqət mərkəzində saxlamışdır. Rayonun 5 kəndində yeni orta məktəb, üç mərtəbəli poliklinika binasının inşasına, məktəblərin və poliklinikanın yeni avadanlıqlarla təmin olunmasına nail olmuşdur.
Rayonda yeni iş yerlərinin açılması məqsədilə 38 istehsal kooperativinin təşkilində, Axtaçı Broyler Fabrikinin tikilib istifadəyə verməsində xüsusi səy göstərmişdir. Rayon əhalisinin uzun illər ev tikdirmək məqsədilə torpaq sahəsi almaq üçün yaranmış növbəliyin ləğv edilməsi onun cəsarətli addımı sayəsində öz həllini tapmışdır.1100 nəfər şəhər sakini ev tikmək üçün həyətyanı torpaq sahəsi ilə təmin edilmişdir.
Bu xeyirxah insanın fəaliyyəti bunlarla bitmir. Rayonun Cümə məscidinin layihələndirilməsi və tikilməsi Hacı Mirhəmidin adı ilə bağlıdır. O, rayonda keçirilən xeyriyyə tədbirlərində iştirak edir, onlarla imkansız ailələrə daim yardım göstərir.
Mirhəmid müəllim həm də təcrübəli mütəxəssis, bacarıqlı təşkilatçıdır. Onun rayonda yaratdığı toxumçuluq təsərrüfatı Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm Mərkəzinin alimləri ilə birlikdə yeni buğda və arpa sortlarının seleksiya işlərini aparmaqla, həm də 350-400 tona yaxın Elit və Rl repreduksiyalı toxumlar çoxaldaraq rayon fermerlərini toxumla təmin edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikada baramaçılığın inkişaf etdirilməsi təşəbbüsünə qoşularaq rəhbərlik etdiyi “Tərəqqi” KFT-da (13 minə yaxın ağacı) tut bağı salmaqla yeni barama qurutmaxanasının tikilməsi ilə məşğuldur. Əgər aidiyyatı qurumlar tərəfindən dəstək verilərsə, istehsal gücü 100 ton barama istehsal edən mini sexin tikintisi qısa müddətdə başa çatar. Bu da yeni iş yerlərinin açılmasında, respublikamıza xaricdən valyuta gətirilməsində mühüm rol oynayacaqdır.
Mirhəmid Həmidov Milli Məclisin deputatı olarkən Azərbaycan Respublikasının suverenlik aktının qəbul olunmasında, respublikada həyata keçirilən aqrar islahatların aparılması üçün zəruru olan qanunların hazırlanmasında və qəbul olunmasında da fəallıq göstərmişdir.
O, həm də istedadlı alimdir. İki ixtirası, bir səmərələşdirici təklifi respublikanın Şabran, Siyəzən, Quba, Xaçmaz rayonlarının bağçılıq və tərəvəzçilik, habelə Sabirabad, Saatlı, İmişli və Biləsuvar rayonlarının pambıqçılıq təsərrüfatlarında geniş tətbiq edilməklə ildə təsərrüfatlara 11.5 mln manat gəlir gətirmişdir.
Onun 5 dərsliyi və dərs vəsaiti, 1 monoqrafiyası, 10-dan artıq metodiki vəsaiti dərs dediyi Azərbaycan Texniki Universitetində və Milli Aviasiya Akademiyasında, digər ali məktəblərdə tədris olunur.
Mirhəmid müəllim istedadlı alim, gözəl ziyalı, əsl el ağsaqqalıdır. O, sakit təbiətli, mülayim xarakterli, təmkinli, gülərüz, qayğıkeş, qonaqpərvər olmaqla yanaşı, eyni zamanda mənəvi dünyası bütün varlığı ilə ailəyə, qohuma, dost-tanışa, qonum-qonşuya, el-obaya, işlədiyi kollektivə, sözün geniş mənasında xalqa, vətənə bağlı şəxsiyyətdir. Gözəl ailə başçısı, mehriban ata, nəhayət, nəvələri tərəfindən sevilən babadır.
Bütün bunlar onun haqqında demək istədiklərimizin heç də hamısı deyildir. Yəni Mirhəmid müəllimin insani xüsusiyyətlərini, intellektual səviyyəsini bir neçə ümumiləşdirilmiş cümlə ilə səciyyələndirmək çətin məsələdir. Hələ dost-tanışlarının, onu tanıyanların Mirhəmid Həmidov barəsində ürək sözlərini yazmadıq. Çünki onların hamısının adlarını sadalasaydıq uzun bir siyahı alınardı.
Gözəl ziyalı, etibarlı dost, həssas insan, istedadlı alim, təcrübəli mütəxəssis Mir­həmid Həmidovun avqustun 2-də 75 ya­şı tamam oldu. 75 illik yubileyi münasibətlə onu səmim-qəlbdən təbrik edir, möhkəm cansağlığı, uzun ömür, könül xoşluğu arzulayırıq!
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter