Giriş
Elə insanlar vardır ki, özləri həyatda olmasalar da əməlləri ilə günəş təki bizi nura qərq edirlər. Müdrik, xeyirxah, nəcib insan Lələş Əliyev belələrindəndir.
Lələş Şirin oğlu Əliyev 1927-ci ildə Sabirabad rayonunun Ulacalı kəndində anadan olmuşdur. Onun doğma yurdu Ulacalı nəinki Sabirabadda, habelə Azərbaycanımızda ziyalılar kəndi kimi məşhurdur. Lələş müəllim də məhz bu el-obanın yetirməsidir. Lələş müəllim orta məktəbi qurtaran ildən pedaqoji fəaliyyiətə başlamışdır. 1945-ci ildən 1954-cü ilə kimi rayonun Yenikənd və Quruzma kənd orta məktəblərində müəllim və dərs hissə müdiri işləmişdir. Vaxtilə Lələş müəllimin dərs dediyi şagirdlərin söylədiklərinə görə, o, hər bir şagirdin qəlbində yer tapa bilmişdi. Çox savadlı, istedadlı idi. Həm də gözəl natiqliyi vardı. Məktəblərdə bütün tədbirləri Lələş müəllim aparırdı.
Lələş Əliyev işləyə-işləyə təhsilini davam etdirmiş, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. 1954-cü ildən 1978-ci ilə kimi Sabirabadın təhsil sisteminə rəhbərliyinin 11 ilini inspektor, 13 ilini isə maarif şöbəsinin müdiri işləməklə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsində, təlim-tərbiyə işlərinin təkmilləşdirilməsində, müəllimlərin metodiki-pedaqoji ustalıqlarının artırılmasında böyük əzmkarlıq və əsil fədakarlıq göstərmişdir. Lələş müəllim bir müddət 135 saylı texniki peşə məktəbinin direktoru olmuş və 1980-ci idən ömrünün sonuna-17 iyun 1992-ci ilə kimi Aqrar Sənaye Kompleksi İşçiləri Həmkarlar İttifaqı rayon Komitəsinin sədri vəzifəsində çalışmışdır...
Yada düşər xatirələr
Lələş müəllimin həyat və fəaliyyətini araşdırarkən vaxtilə onu tanıyanlarla çox söhbətlərim olub. Lələş müəllim haqqında adamların xatirələrini dinləmişəm. Hələ sağlığında əfsanələşən bu insanın vəfatından xeyli vaxt keçməsinə baxmayaraq, bu gün də dillərdə dastan olan, ağızlarda dolaşan dürlü-dürlü əhvalatlar, şirin-şirin xatirələr onun insaniyyətini aşkarlayır.
Zübeydə MİRZƏYEVA, “Əməkdar müəllim”:
-Əsl maarif fədaisi, insan sərrafı, gözəl ziyalı, ədəbli, mərifətli insan kimi yaddaşımda qalan Lələş müəllimi həmişə xoş xatirələrlə xatırlayıram. Lələş müəllimdən sonra rayon təhsil şöbəsinə rəhbərlik edərkən onun iş metodundan çox şeylər əxz etmişəm.
O böyük insanın həyatının hər anı bir məktəb idi və açıq desəm, bacaran öyrənirdi. Lələş müəllimdə digər adamlarda olmayan spesifik xüsusiyyətlər, özünəməxsusluq vardı. Bir ədəbiyyat müəllimi kimi onun obrazını belə səciyyələndirə bilərəm ki, hər şeydən əvvəl bacarıqlı maarif xadimi idi. Rəhbər vəzifədə olmaq onun üçün insanlara yaxşılıq eləmək imkanından başqa bir şey deyildi. Ən yüksək vəzifələrdə onu sevən, şəxsiyyətinə hörmət edən dostlarının olmasına baxmayaraq, o, vəzifədə qalmaq, yaxud başqa vəzifəyə keçmək barədə heç kimə müraciət etmirdi. Amma bu üstünlüklərindən həmişə başqalarına kömək üçün istifadə edirdi.
Kimyə İSMAYILOVA:
-1978-ci ildə görkəmli pedaqoq Mehdi Mehdizadə ilə görüşərkən Mehdi müəllim mənə dedi ki, qızım, sən xoşbəxtsən ki, müəllimliyin ilk açarını respublikamız üçün dəyərli bir maarifçidən, təhsil fədaisindən almısan. Bugünkü fəaliyyətin göstərir ki, Lələş müəllimin etimadını doğrultmusan.
Kim Lələş müəllimin rəhbərliyi altında işləyirdisə, o mütləq məsuliyyətli, əqidəli və cəmiyyət üçün yararlı bir şəxsiyyətə çevrilirdi. Və gələcəkdə harada işləməsindən asılı olmayaraq heç bir çətinliyi olmazdı, yəni həyata tam hazır bir adam kimi yetişərdi. O, həmişə aparata işçi götürəndə bizə tövsiyə edirdi, onun belə bir kəlamı var idi: “Yadınızda saxlayın, maarif ticarət deyil, lazım gəldikdə biz maaşımızı belə xalq maarifinin yolunda qoymalıyıq”.
Sonralar Sabirabad Maarif şöbəsinin müdiri vəzifəsində çalışarkən nazirlikdən gəlmiş rəhbər şəxslər fəaliyyətimizlə tanış olduqdan sonra dedilər ki, sizin işinizdə Lələş müəllimin ruhu duyulur. Bu sözlərdən mən qürur hissi keçirdim. Lələş müəllim şərəfli ömrü ilə insanların qəlbində, mənəviyyatında bir heykəl ucaltmışdır. Lələş müəllim cismən bizdən ayrılsa da, ruhən həmişə bizimlədir.
Mirnizami AĞAYEV,
(Sabirabad RİHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin məsul işçisi):
-Həyat fəaliyyətimin on ili Lələş müəllimlə bağlı olub. Bu gözəl insan qarşısındakı adamla söhbət edəndə də, onunla nahar edəndə də, müxtəlif tədbirlərdə də istəyirdi ki, gənclərə, tabeliyində olan işçilərə müsbət təsir etsin.
O, cəmiyyətdə hökm sürən haqsızlıqlara qarşı həmişə barışmaz idi. İmkan olanda iclaslarda açıq surətdə öz etirazını bildirər, haqsız cəzalanmış insanları müdafiə edərdi. Bu əqidədə təəssüf ki, az adamı görmək olardı. Onda rüşvətxorluq, ikiüzlülük qətiyyən yox idi. Bir adama yaxşılıq edəndə heç vaxt məqsəd güdmürdü... Lələş müəllim sözün əsl mənasında nur saçan, insanlara işıqlı yol göstərən böyük ziyalı olmuşdur. Onun haqqında cild-cild kitablar yazılsa belə azdır.
Onunla söhbətlərimizdən...
Lələş müəllimlə bağlı mənim də xatirələrim çoxdur. Sovet dönəmində pambıq yığımı zamanı rayon mərkəzlərində qırmızı stol qoyulurdu. Həmin stolun arxasında rayonların rəhbər vəzifəli şəxsləri dururdular. İdarə və müəssisə kollektivləri onların qarşısından keçərək pambıq yığımına yollanırdılar.
Bir gün həmin tədbir zamanı Lələş müəllimlə həmsöhbət oldum. Lələş müəllim mənə o dövrdə tez-tez nümayiş olunan bir Amerika filmindən danışdı. Mən ona dedim ki, o filmə baxmışam. Bu filmdə ixtiyar sahiblərinin zənciləri qırmancla pambığa aparmaları səhnələri nümayiş olunurdu. Lələş müəllim söylədi ki, filmdə cərəyan edən hadisələr ötən əsrə aiddir. Hazırda Amerikada pambıq yığımı tam mexanikləşdirilib, əllə pambıq toplamırlar. Bu filmi ona görə göstərirlər ki, Amerikanın SSRİ-dən geridə qaldığını sübut etsinlər.
Lələş müəllim olduqca vətənpərvər insan idi. SSRİ-nin futbol komandası Türkiyə ilə oynayanda türklərə azarkeşlik edirdi.
Onu da deyim ki, Lələş müəllimlə çox həmsöhbət olmuşam. Söhbətlərimiz zamanı onu düşündürən problemlərdən çox danışırdı. Deyirdi ki, müasir dünyamız çox kövrəkdir. Xristian dünyası müsəlman aləminə qarşı açıq savaşa başlayıb. Daha doğrusu, səlib yürüşünə başlayıb. Bütün müsəlman aləmi od içindədir.Terrora məruz qalan müsəlman, yurdu dağılan müsəlman, ölən müsəlman, qaçqın düşən müsəlman. Çox təəssüf edirəm ki, hələ də müsəlman dünyası birləşmir. Çağdaş dünyamızda məni daha çox düşündürən ölkəmizin gələcək taleyidir. Xristian dövlətləri hər tərəfdən üstümüzə diş qıcayıblar.
O, xalqımızın başına gətirilən müsibətlərdən danışarkən bunları da söyləmişdi: “20 Yanvar bizim milli azadlıq günümüzdür. Xalqımız cəmi şəhidlərimiz kimi onları heç vaxt unutmayacaqdır. Çünki el uğrunda qurban gedən həmişə sağdır. Bu gün Azərbaycanın Qarabağ boyda bir dərdi var. Alnımıza vurulmuş Xocalı boyda damğa var, qəlbimizin başında Vətən həsrəti, yurd yanğısı var. Qarabağımızın tacı Şuşa erməni faşistlərinin tapdağındadır. Bundan da böyük dərd olarmı? Hər an müharibə baş verə bilər və hər birimiz o müharibədə övladımızı Vətən yolunda qurban verə bilərik”.
Lələş müəllim bunları deyəndə torpaqlarımızın az bir qismi işğal olunmuşdu.
Bir dəfə Lələş müəllimə sual verdim ki, indi biz müstəqilik. Xalqımız xoşbəxtdirmi?
Cavabında bunları söylədi: “Əsl xoşbəxtlik tam müstəqil olan bir dövlətin vətəndaşı olmaq, xalqı xoşbəxt olan bir ölkədə yaşamaqdır. Lakin təəssüflər olsun ki, bizim ölkəmizin hələ həll olunası problemləri çoxdur. Belə bir deyim var: “Qasırğadan qabaq dəniz kükrəyir”. Bu gün Azərbaycan kükrəyən dəniz kimidir. Gec-tez torpaqlarımızı hərbi yolla almalıyıq. Torpaq qurban tələb edir. Mən elə bilirəm ki, Vətənimizin yaraları sağalmamış, üzərimizdən bu ləkə götürülməmiş biz özümüzü xoşbəxt hesab edə bilmərik”.
Lələş müəllim deyirdi ki, insan nikbin olmlalıdır. Gələcəyə açıq gözlə baxmağı bacarmalıdır. Gələcəyimiz yeni yetişməkdə olan gənc nəslin əlindədir. Elə bilirəm ki, bizim üçün ən şirin nemət olan azadlığımız, müstəqilliyimizdir. İlk növbədə millətimiz heç bir təxribata getməməli, siyasi sabitliyimizi qorumalıdır. Tədricən hər şey öz məcrasına düşəcək. Sadəcə olaraq səbr etmək, düşmən təbliğatına uyub qan-qada ilə qurduğumuz müstəqilliyimizə qarşı çıxmamalıyıq. Vaxt gələcək, haqq öz yerini tapacaq. Şər qüvvələr ifşa olunacaq. İnanıram ki, gələcəyimiz parlaq olacaq.
Bəli, haqq öz yerini tapdı, Qarabağımız düşmən tapdağından xilas oldu...Amma təəssüf ki, Lələş müəllim bütün bunları görmədi...
Övladları həmişə atalarına başucalığı gətirmişlər
Lələş müəllim həm də ailəcanlı bir insan kimi doğma ocağına sıx bağlı olub. 2 oğul, 2 qız atası idi. 10 nəvəsi, 11 nəticəsi var. Həyat yoldaşı ilə övladlarını xalq üçün gərəkli bir övlad kimi böyütmüşlər. Ailədəki ciddi nizam-intizam, düzgün tərbiyə onların yoluna işıq saçmışdır. Övladları həmişə atalarına başucalığı gətirmişlər. Onun şəxsiyyətindən bəhrələniblər. Lələş müəllimin kişiliyi, elə bağlılığı, insana yaxınlığı ilə seçilən xasiyyətindən çox-çox yaxşı cəhətləri əxz ediblər. Onların hamısı ali təhsil alıb. Çalışdıqları kollektivlərdə. El arasında hörmət və nüfuz sahibidirlər. Nəvələri də babalarının adına layiqdirlər, onun adını həmişə uca tuturlar.
Sabirabad rayon poliklinikasının müdiri Əlişirin Əliyev atası haqqında dedi:
-Atam çox mehriban, qayğıkeş, övladlarını sevən bir insan olub. Həmişə deyərdi ki, düz olun, xeyirxah olun. Onun bu sözləri mənim həyat devizimdir. Yalançılıq, ikiüzlülük, yaltaqlıq onun ən çox nifrət etdiyi mənfi hallar idi. Haqsızlığı heç vaxt xoşlamazdı...Gənclər haqqında söz düşəndə ağızdolusu, ürək genişliyi ilə danışardı. Həmişə çalışırdı ki, gənclər irəli getsinlər. Adama düzgün istiqamət verirdi. Onun kimi sadə, səmimi, geniş ürəkli adama az-az rast gəlmək olar. Atamın dünyasını dəyişməsindən 30 il keçsə də insanlar tərəfindən hələ də sadə, xeyirxah, mehriban bir insan olaraq xatırlanması mənim üçün böyük bir fəxrdir.
Sonluq
Bu il iyunun 17-də Lələş Əliyevin dünyasını dəyişməsindən 30 il keçir. Əsl insanlar heç vaxt ölmürlər. Ömür əmanət olsa da, insanlıq daimidir. Haqqında keçmiş zamanla danışmaq, varlığını xatirələrlə anmaq nə qədər çətin olsa da, onun xatirəsi xoş təəssüratlarla anılmaqla, həmişə qəlbimizdə yaşayacaqdır.
Elin yaddaşında qalan, el sevgisi qazanan, şərəfli ömrü ilə insanların qəlbində, mənəviyyatında heykəl ucaldan, xeyirxah əməlləri ilə Vətənə, xalqa məhəbbət nümunəsi göstərmiş Lələş müəllimə Allah qəni-qəni rəhmət eləsin, qəbri nurla dolsun. Yeri behişt olsun!
Elçin NƏSİB,
“Muğanın səsi”