Sabirabad şəhərində Cüdo Təlim Mərkəzinin istifadəyə verilməsi ilə bağlı tədbir keçirilib. İlk öncə, Sabirabad Rayonu İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli, ACF-in baş katibi Rəşad Rəsullu, ACF prezidentinin müşaviri Natiq Bağırov, rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Sabirabad ictimaiyyətinin nümayəndələri və digər rəsmi şəxslər mərkəzdə yaradılan şərait ilə tanış olublar.
Məlumat verilib ki, istifadəyə verilən Cüdo Təlim Mərkəzi Sabirabadda cüdo idman növünün inkişafında mühüm rol oynayacaq. Yüksək səviyyədə təmir edilən cüdo təlim mərkəzinin ümumi sahəsi 322 m2 təşkil edir. Təlim mərkəzində bir dojo (cüdo məşq zalı) və bir fiziki hazırlıq zonası var. Onların sahəsi müvafiq olaraq 160 m2 və 46 m2-dir. Cüdo məşq zalı Beynəlxalq Cüdo Federasiyasının rəsmi təchizatçısı olan “Taishan” firmasının tatamiləri ilə təchiz olunub. Fiziki hazırlıq zonası cüdo idman növü üzrə fiziki hazırlıq məşğələləri üçün vacib olan zəruri avadanlıqlarla təchiz edilib.
Təlim mərkəzində idmançılar üçün bütün zəruri şərait təmin edilib. Mərkəzdə məşqçi otağı, idmançılar üçün soyunub-geyinmə otaqları, duş və sanitar qovşaqlar mövcuddur. Həmçinin, təlim mərkəzi müasir isitmə sistemi ilə təmin edilib. Burada ay ərzində 200 nəfərə qədər uşaq, yeniyetmə və gənc cüdo idman növü ilə məşğul ola biləcək.
ACF-in vitse-prezidenti Elnur Məmmədli bildirib ki, Sabirabadda yeni istifadəyə verilən Cüdo Təlim Mərkəzi Sabirabad rayonunda cüdonun daha da kütləvləşdirilməsi, yeniyetmələrin və gənclərin fiziki və mənəvi tərbiyəsinə öz töhfəsini verməklə yanaşı, gələcəkdə milli yığmaların üzvü ola biləcək istedadlı idmançıların aşkarlanması baxımından da mühüm əhəmiyyət kəsb edir. Vitse-prezidentin sözlərinə görə, ACF bundan sonrada regionlarda yeni cüdo məşq zallarının inşasına və bərpasına xüsusi diqqət ayıracaq.
Tədbir günü Sabirabadan olan cüdoçular üçün Natiq Bağırov tərəfindən ustad dərsi keçirilib
Qeyd edək ki, regionlarda cüdo idman növü üzrə infrastrukturun yaxşılaşdırılması və təkmilləşdirilməsi ACF-in müəyyən etdiyi əsas fəaliyyət istiqamətlərindən biridir. İndiyə qədər Gəncədə, Ağstafada və Sabirabadda istifadəyə verilən cüdo zalları ilə yanaşı, hazırda Sumqayıt, Zaqatala və Qazax şəhərlərində də müvafiq zalların təmir-tikinti işləri həyata keçirilməkdədir.
Həmçinin, son bir il müddətində ACF tərəfindən 40-dan artıq cüdo idman zalına 3000-ə yaxın cüdo tatamisi paylanılması reallaşdırılıb. Federasiya digər şəhər və regionlarda da maddi-texniki bazanın təkmilləşdirilməsi üçün 2023-cü il ərzində davamlı olaraq fəaliyyət göstərəcək.