• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Sənin təqvim işlərin: FEVRAL

  • 17.01.2023, 17:33, Baxış sayı:
  • 151
Pambıqçılıq

Əgər hava şəraiti əlverişlidirsə, dondurma şumu edilmiş sahələr səpinqabağı malalanıb becərilir. Alaq otlarının köklərini toplayıb yandırırlar. Qış aratından sonra torpaqda rütubəti saxlamaq məqsədilə sahələr malalanır. Yaz aratı üçün sahələrin qrafiki tərtib edilir. Arat olunacaq və səpsuvar ediləcək sahələr müəyyənləşdirilir.

Dənli, dənli-paxlalı və yağlı bitkilər

Payızlıq taxıl əkinlərinə yemləmə gübrəsi verilir. Toxumluq sahələrə nəzarət edilir. Yazlıq toxumların keyfiyyəti laboratoriyada yoxlanılır. Adi toxumlar cins toxumlarla mübadilə edilir. Toxum anbarlara daşınır. Payızlıq əkinlər alaq otlarından təmizlənir.
Traktor və başqa kənd təsərrüfatı maşınlarının təmiri başa çatdırılır. Səpindən əvvəl sahələrə kultivasiya çəkilir və eyni zamanda malalanır. Günəbaxan, yaşıl noxud, erkən yazlıq və dənli-paxlalı bitkilər səpininə başlanılır.
Payızlıq əkinlərin suvarılması davam edir və yazlıq əkinlərin suvarılmasına başlanılır. Gəmiricilərə və başqa zərərvericilərə qarşı mübarizə davam edir.

Tərəvəz, bostan bitkiləri və kartof

Peyinin daşınması, isti şitilliklərin doldurulması, qidalı dibçək və kubiklərin hazırlanması davam edir. Soğanın toxumu və toxumluqları dərmanlanıb səpinə hazırlanır. Üzvi və mineral gübrələr vermək, kultivasiya, mala çəkməklə sahə səpinə və əkinə hazırlanır. Şitil yetişdirmək üçün ayın üçüncü ongünlüyündən başlayaraq pomidor, badımcan və bibərin toxumları isti şitilliklərə və ya istixanalara səpilir. Ayın axırında pomidor, badımcan və bibər səpinini davam etdirmək və toxmacarlarını pikirovka etmək üçün isti şitilliklər doldurulub hazırlanır.
Soğan, qırmızı turp, kök, çuğundur və s. tərəvəz toxumları səpilir.
Qış istixanalarında bitkilərə qulluq edilir. Xiyar yığımı qurtarır. Polietilen pərdə örtüklü istixanalarda xiyar və pomidor şitilləri basdırılır, onlara qulluq edilir. Bütün istixanalarda zərərverici və xəstəliklərə qarşı mübarizə aparılır.
Tezyetişən kartof üçün sahə hazırlanır. İkinci ongünlükdə kartof əkilir.


Bağçılıq

Ağacların arası şumlanıb, ora çürümüş peyin və mədən gübrəsi verildikdən sonra bellənmə işləri başa çatır. Ağaclar budanır, quru və xəstə budaqlar kənarda yandırılır və seyrək yerlərdə ağac əkilir.
Əgər havalar on dərəcəyədək isti keçərsə, qışlamada olan koksidlərə və mənənə yumurtalarına, gənəciklərə, həşəratlara və göbələk xəstəliklərinə qarşı mübarizə aparılır.
Suvarma şəbəkəsi təmir edilir. Cavan bağlarda gəmiricilərə qarşı mübarizə işləri davam edir. Şaxtasız günlərdə yeni bağlar salınmasına başlanılır. Meyvə ağaclarından yaz calağı üçün çiliklər hazırlanması da davam edir.
Üzümlüklərdə zərərverici və xəstəlikərə qarşı mübarizə aparılır. Bağlara gübrə verilib qış suyu buraxılır. Seyrəkliyi aradan qaldırmaq üçün tənəklərdən qol ayırıb cavan bağlarda tinglər basdırılır. Havalar yaxşı keçərsə, tənəklər budanıb formaya salınır. Əkin üçün 100-110 və ya 50-60 sm uzunluğunda tənək çubuqları tədarük edilir. Sonralar basdıranda isə 100-110 sm-lik çubuqları iki yerə bölmək lazımdır. Yeni salınacaq bağlar üçün sahələr düzəldilib hamarlanır və hissələrə bölünür.

Yem bitkiləri

Hava şəraiti əlverişli olarsa, bütün sahələrə mala çəkilir, suvarma və kollektor-drenaj şəbəkələri təmizlənib sahmana salınır. Toxumluq yonca sahələrində fitonomusa qarşı mübarizə aparılır. Belə ki, kövşən qalıqları və alaq otlarını yığıb yandırmaq lazımdır. Yonca sahələrinin cərgəaraları 12-14 sm dərinlikdə becərilir. Bütöv əkin sahələri disklənib malalanır. Əgər havalar əlverişli keçərsə, ayın ortalarından sonra torpaq səpinqabağı becərilir və hər hektara 12-15 kq toxum olmaqla yoncanın yaz səpininə başlanılır.
Mal-qaranı qışdan salamat çıxarmaq üçün tövlə şəraitində yaşıl konveyer yaradılır. Bu məqsədlə birillik paxlalı bitkilər; şabdar, çöl noxudu, şəkər və yem çuğunduru toxumu səpilir. Qışda səpilmiş birillik paxlalı bitkilərin təmiz və arpa ilə qarışıq əkinləri superfosfatla gübrələnir və sahələr suvarılır.
Yem ehtiyatı yaratmaq məqsədilə qış otlaqlarında ot çalımı üçün sahələr ayrılır. Burada mal otarılmasına icazə verilmir. Ot çalımı üçün ayrılmış sahələrə ammonium şorası və superfosfat gübrəsi verilir, bunun ardınca da suvarılır.


Heyvandarlıq

Qışlamanın ən məsuliyyətli dövrüdür. İlin bu fəslində heyvanlara nəzarət artırılmalıdır.
Buzov və balaqları dayə inəklərlə əmizdirmək ən yaxşı üsuldur. Hər bir dayə inək (camış) sağım dövrü 2-12 buzov və balaq əmizdirir. (Bu zaman inəyin məhsuldarlığını nəzərə almaq və hər növbəni 3 ay keçirmək lazımdır) Dayə üsulu əlverişli olub əmək məhsuldarlığını 2-3 dəfə artırır, həm də balalar tez böyüyür və az hallarda xəstələnirlər.
Buzov və balaqları dayə qrupa keçirməmişdən əvvəl 4-5 gün onlara ana südü verilir. Sonra dayə qrupa keçirilir. 3 aydan sonra bu qrupda qalan buzov və balaqları naxıra keçirib dayələrə yeni balalar təhkim edilir.
Əgər döl erkən keçmişdirsə, qaba və yarımqaba yunlu qoyunları sağmaq lazımdır. Unudulmamalıdır ki, ana qoyunların və quzuların sağlam böyüməsi nəzərə alınmalıdır. Bəzi hallarda sağımı dayandırmaqla onlara qüvvəli yem verilməlidir.

Baytarlıq

Müalicə və proflaktik işlər görülür. Qotur, dəmrov, mozalan və qurd xəstəliklərinə qarşı müayinə tədbirləri davam etdirilir. Qurd xəstəliklərinə görə koproloji-kal müayinəsi aparılır və nəticəsindən asılı olaraq dehelmintizasiya keçirilir. Dölə bir ay qalmış dezinteriya, bradzot, enterosokamiya və başqa xəstəliklərə qarşı peyvənd aparılmaqla qoyunlar kliniki müayinə edilir. Xəstələr müalicə olunur. Dekabr ayında süni mayalanmış inək, camış və düyələrdə boğazlığı təyin etmək məqsədilə rektal müayinə aparılır.
Yaz dölünə hazırlıq işləri görülür. Döllüklər və küzlər tikilir. Heyvandarlıq binaları dezinfeksiya olunur. Yataqların qabağında ağıl tikilir, sərdanlar təmizlənib dezinfeksiya edilir, tərəcə və çubuq daşınır.

Tarlaqoruyucu meşə zolaqları

Hamarlanmış sahələrdə lay qatını çevirmədən 45-50 sm dərinlikdə şumlama aparılır. Dondurma şumu olunmuş sahələrdə kultivasiya lay qatını çevirmədən yumşaltma aparılır. Mövcud meşə zolaqları suvarılır.
Mütəxəssis məsləhətləri əsasında hazırladı:

E.XƏLİLOĞLU
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter