Taxıl sahələri aqrotexniki qaydada becərilir
- 29.03.2022, 22:00, Baxış sayı:
- 592
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəməklə yanaşı, həm də heyvandarlığın qüvvəli və qaba yemə olan tələbatının ödənilməsində mühüm rol oynayır. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Ölkədə aparılan uğurlu aqrar siyasət, dövlət tərəfindən fermerlərə göstərilən dəstək, subsidiyaların verilməsi, texnika və gübrələrlə təminat kənd təsərrüfatının, o cümlədən taxılçılığın inkişafına xidmət edir.
Taxılçılıq Sabirabad rayonunun iqtisadiyyatının əsas sahələrindən hesab olunur. Bu sahənin dinamik inkişafını ardıcıl təmin etmək məqsədilə rayonda həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, taxılçılar ötən illərdə olduğu kimi, cari ildə də yüksək məhsuldarlığa nail olmaq üçün məhsuldarlığın artırılmasında əsas amil olan becərmə işlərinə xüsusi diqqət yetirirlər. Artıq 3513 hektar sahədə suvarma işləri aparılıb və 2867 min hektar sahə isə müxtəlif növ yemləmə gübrələri ilə təmin olunub.
Ötən ilin payızında rayonda 21742 hektar sahədə taxıl əkilib. Bunun da 9780 hektarı arpa, 11962 hektarı isə buğda sahəsidir. Səpin zamanı bütün işlər keyfiyyətlə aparıldığından sahələrdə normal cücərti alınıb. Fermerlər əkin sahəsindən bol məhsul götürmək üçün becərmə işlərinə də vaxtında başlayıblar. Bitkinin suvarılması, yemləmə gübrələri ilə təmin olunması, alaq otlarından təmizlənməsi işləri aqrotexniki qaydada aparılır.
Hazırkı dövrdə taxıl məhsullarına daha çox ehtiyac duyulduğunu nəzərə alan torpaq mülkiyyətçiləri cari ildə məhsul istehsalını daha da artırmaq niyyətindədirlər. Odur ki, sahələrdə becərmə işləri uğurla davam etdirilir.
“Muğanın səsi”