Qədim Odlar yurdunun tarixi salnaməsinə yeni bir səhifə də əlavə olundu: 2023-cü il. 2022-ci ilə əlvida dedik. Artıq yeni ilə qovuşduq. Bəs başa çatan ili necə yola saldıq? Yeni il xalqımıza, obamıza nə verəcək, ayağı sayalımı, qədəmi uğurlumu, nəfəsi ruzulumu olacaq? Yeni ilə hansı arzularla qədəm qoyduq? Sabirabad rayonunun sakinlər bu münasibətlə nə demək istərdilər? Və buna görə də onlara yuxarıda qeyd etdiyimiz suallarla müraciət etdik. Oqtay ƏNNAĞIYEV, şəhid atası:
-İnamla demək olar ki, 2022-ci il xalqımız üçün uğurlu illərdən olub. 2020-ci ilin payızında baş verən və 44 gün davam edən ikinci Qarabağ müharibəsində Ermənistanın rəsmən kapitulyasiya etməsindən iki il ötüb. Oğlum Babək Sabirabad rayonunun Qasımbəyli kəndindən Vətən müharibəsinə yollanmış, qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə yüksəlmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində sanballı addımlar atılıb. İndi bütün dünyanın nəzərləri Qalib dövlət kimi müstəqil, suveren Azərbaycan Respublikasına dikilib.
Azərbaycan bu gün müstəqil bir dövlət kimi dünyada tanınır və özünəməxsus nüfuza malikdir. Azərbaycan diplomatiyası dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, bütün ölkələrlə hərtərəfli, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq sahəsində mühüm uğurlar qazanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Şəhid ailələrinə, qazilərə qayğı ilbəil artırılır.
Hər yeni il gələndə insanlar ümid edirlər ki, talelərinə xoşbəxtlik, səadət, sevinc yazılacaq. Arzularınız çin olsun. Diləklərinizə qovuşasınız, əziz həmvətənlərimiz.
Mirəziz TALIBOV, Quruzma kənd ağsaqqalı:
-Qarşıda daha böyük işlər, vəzifələr durur. Nə yaxşı ki, bu gün Azərbaycan üçün çətin bir dövrdə dünyanın tanınmış siyasətçisi cənab İlham Əliyev ölkəyə rəhbərlik edir. Möhtərəm Pezidentimizin məqsədyönlü siyasəti sayəsində bu gün Azərbaycan dünya dövlətləri cərgəsində xoşbəxt gələcəyə doğru inamla addımlayır. Tarixin sərt sınaqlarından Azərbaycan dövləti 2022-ci ildən də uğurla çıxdı. Dövlətçiliyimizin möhkəmləndirilməsində, beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun yüksəlməsində sanballı nailyyətlər qazanıldı. Ölkəmizin və xalqımızın müqəddəratını həll edən, dünya siyasətinin korifeylərindən biri, sülh uğrunda yorulmaz mübariz, xalqımızın böyük oğlu cənab İlham Əliyev iki ildən çoxdur ki, bizə Qələbə sevincini bəxş edib. Buna görə möhtərəm Prezidentimizə ürəkdən minnətdarıq.
Yeni illə yeni həyat doğur. Deməli, yeni ümidlər də dünyaya gəlir. Belə ümidlər üçünsə yaşamağa, işləməyə dəyər. Arzum budur ki, müharibə dəhşətləri ilə bir daha üzləşməyək. Başımızın üstündən qara yellər əsməsin.
Mejdun SULTANLI, ali dərəcəli həkim-parazitoloq:
-Yeni təqvim ilimiz mübarək! Dünya Azərbaycanlılarının birliyi və həmrəyliyi var olsun! Ulu yaradan bütün istəklərimizə yetişməkdə yardımçımız olsun! Dövlətimiz əbədiyaşar olsun! Milli-mənəvi dəyərlərimiz səngiməsin! Elmimiz, ədəbiyyatımız, mədəniyyətimiz daim inkişafda bulunsun! Uşaqlarımız sağlam ruhda böyüsünlər, gəncliyimiz gələcəyimizin çiçəklənməsində söz və əməl sahibi olsunlar! Ağsaqqallarımızdan qürur duymaq, onlardan örnək götürmək eşqimiz tükənməsin! Türkçülüyümüz, Şərqçiliyimiz, Azərbaycançılığımız bitməsin! İnsanlığımız, vicdan haqqımız, hürr yaşamaq diləyimiz daim şölə saçsın! Uca Tanrı bizi qorusun!
Tahir NƏSİROV, Azərbaycan Respublikası Azad İstehlakçılar Birliyi Sabirabad rayon nümayəndəliyinin sədri:
-Möhtərəm Prezidentimiz İlham Əliyevin dərin zəkası, müdrik uzaqgörənliyi sayəsində 2022-ci ildə respublikamızın daxili və xarici siyasəti, sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycan sərhədlərinin etibarlı qorunması üçün bütün lazımi işlər görülür.
Ölkəmizin başçısının Qarabağa hər səfəri yeni layihələrin reallaşması ilə yadda qalır, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir. Hazırda 30 ilə yaxın müddətdə erməni vandalizminə məruz qalan tarixi diyarımız Qarabağın yenidən canlandırılması, dirçəldilməsi ümumxalq hərəkatına çevrilib. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işləri gündən-günə sürətlənir. Möhtərəm Prezidentimizin söylədiyi kimi, artıq tarixi torpaqlarımıza Böyük Qayıdış başlayıb.
Ötən il Azərbaycan inkişaf, sabitlik yolu ilə gedib. İqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. Bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir.
2023-cü ildə əmək haqqlarının artırılmasi, digər sosial sahədə çox sayda görüləcək tədbirlər xalqımızın rifah halının yaxşılaşmasına yönəldilmişdir.
Arzu edirəm ki, yeni ilin bəxş edəcəyi sevinc payı uzun ömürlü olsun. Və hər kəsin qəlbində elə dərin kök atsın ki, xalqımız müstəqillik uğrunda indən sonra apardığı mübarizə yolunda qəlbindəki tükənməz ümiddən daim qüvvət ala bilsin.
Ellada MİRZƏYEVA, Sabirabad şəhər 5 nömrəli Nizami Gəncəvi adına tam orta məktəbinin müəllimi:
-Günlər bir-birini qovdu, aylar əvəzləndi, ömrümüzün daha bir ili tamamlandı. Yaşımızın üstə bir yaş da gəldi. Artıq qoca tarix 2022-ci ili öz qoynuna aldı. İlayrıcında adam istər-istəməz dönüb arxaya baxır. Nələr oldu, nələr keçdi taleyimizdən, nə ilə yadda qaldı ötən il? Mənim üçün ötən il uğurlu oldu. “Tərəqqi” medalı ilə təltif edildim. Yeni ildə hər kəsə uğurlar arzulayıram!
Hicran QASIMOVA, Sabirabad şəhər
2 saylı Beynəlmiləl Təbiət və Texniki təmayüllü məktəbin ingilis dili müəllimi:
-Gündəlik fəaliyyətində müstəqil Azərbaycanın, xalqımızın bu gününü və parlaq gələcəyini düşünən möhtərəm Prezidentimiz ölkə vətəndaşlarının hüquqlarının qorunması, rifahının yaxşılaşdırılması məqsədilə yorulmadan çalışır.
Şanlı Azərbaycan Ordusu qətiyyətli sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qarabağı düşmən tapdağından xilas etməsindən iki ildən çox vaxt ötdü. Qəhrəman şəhidlərimizin qanı, canı, igid qazilərimizin şücaəti ilə qazanılan tarixi Zəfərimiz sayəsində xalqımızın Qarabağ nisgilinə, qaçqın və köçkün soydaşlarımızın yurd həsrətinə son qoyuldu.
Ötən il “Tərəqqi” medalı ilə təltif edilməyimlə yadda qaldı. Yeni ilin qədəmləri uğurlu olsun. Xalqımıza sülh, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq gətirsin. Sabirabadlıların yeni il bayramını, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ürəkdən təbrik edirəm. Onlara könül xoşluğu arzulayıram!
Əfras ƏSGƏROV, fermer:
-Bizə dövlət tərəfindən xeyli güzəştlər edilməsi işləmək əzmimizi qat-qat artırmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev aqrar sahədə çalışanlara, biz pambıqçılara daim qayğı göstərir. İşinin çox olmasına baxmayaraq əməkçilərimizə diqqət yetirir. Ötən il də biz bu qayğını hiss etdik.
Torpağa, elə, obaya bağlı bütün sabirabadlılara, zəhmət adamlarına can sağlığı diləyirəm. Onların bolluq yaradan əlləri heç vaxt yorulmasın.
Vəfa XƏLİLOVA, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının oftalmoloqu:
-Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursu layiqincə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır. Bu da tibb müəssisələrinin fəaıiyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin müasir tələblər səviyyəsinə qaldırılmasına imkanlar açır. Tibb işçilərinə göstərilən diqqət və qayğı, səhiyyəmizin daha da inkişaf etdirilməsi üçün verilən qərarlara görə cənab Prezidentə təşəkkürümüzü bildiririk.
Müstəqil Azərbaycanımız yeni ili özünəməxsus tərzdə qeyd edir. Biz yeni ildə arzularımızın çin olmasını diləyirik. Arzum budur ki, hamı diləklərinə qovuşsun. Sabirabadlıları yeni il bayramı münasibətilə təbrik edir, onlara işlərində uğurlar arzulayıram.
Aysel QURBANOVA, Xəlfəli kənd uşaq bağçasının müdiri:
Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu qayğı möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ötən il uşaqlara diqqət və qayğı daha da artırıldı.
Yeni il bayramı münasibətilə ürəkdən gələn ən xoş arzularımı bildirmək istəyirəm. Arzum budur ki, hər kəsin qəlbində olan bütün arzuları həyata keçsin.
Şadlıq, firavanlıq, xoşbəxtlik xalqımızın əbədi peyki olsun. Yeni il bayramınız mübarək, sabirabadlılar!
“Muğanın səsi”