[center]
“Muğanın səsi”nin Yeni il sorğusu
İl dəyişdikcə arzular, istəklər də dəyişir, böyüyür. Hər kəsin növbəti ildən müxtəlif gözləntiləri olur.
Günlər bir-birini qovdu, aylar əvəzləndi, ömrümüzün daha bir ili tamamlandı. Yaşımızın üstə bir yaş da gəldi. Artıq qoca tarix 2021-ci ili öz qoynuna aldı. İlayrıcında adam istər-istəməz dönüb arxaya baxır. Nələr oldu, nələr keçdi taleyimizdən, nə ilə yadda qaldı ötən il? Çoxları deyir ki, heç hiss etmədik, nə vaxt gəldi, nə vaxt getdi. Həqiqətən də belədir. İl ağır olanda günlər, aylar daş kimi asılır insanın yaxasından. 2021-ci il möhtərəm Prezidentimiz İlham Əliyevin gərgin səyi sayəsində sülhə qovuşduğumuz illərdən biri oldu. Bəli, o ilin ki, müharibəsi, qanı-qadası olmadı, o il yüngül keçir.
Qədim Odlar yurdunun tarixi salnaməsinə yeni bir səhifə də əlavə olundu:2022-ci il. 2021-ci ilə əlvida dedik. Artıq yeni ilə qovuşduq. Bəs başa çatan ili necə yola saldıq? Yeni il xalqımıza, obamıza nə verəcək, ayağı sayalımı, qədəmi uğurlumu, nəfəsi ruzulumu olacaq? Yeni ilə hansı arzularla qədəm qoyduq? Sabirabad rayonunun sakinləri bu münasibətlə nə demək istərdilər? Və buna görə də onlara yuxarıda qeyd etdiyimiz suallarla müraciət etdik.
Vasif MƏMMƏDOV, Vətən müharibəsi qazisi:
-Gündəlik fəaliyyətində müstəqil Azərbaycanın, xalqımızın bu gününü və parlaq gələcəyini düşünən möhtərəm Prezidentimiz ölkə vətəndaşlarının hüquqlarının qorunması, rifahının yaxşılaşdırılması məqsədilə yorulmadan çalışır.
Şanlı Azərbaycan Ordusu qətiyyətli sərkərdə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qarabağı düşmən tapdağından xilas etməsindən bir ildən çox vaxt ötdü. Qəhrəman şəhidlərimizin qanı, canı, igid qazilərimizin şücaəti ilə qazanılan tarixi Zəfərimiz sayəsində xalqımızın Qarabağ nisgilinə, qaçqın və köçkün soydaşlarımızın yurd həsrətinə son qoyuldu.
Yeni ilin qədəmləri uğurlu olsun. Xalqımıza sülh, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq gətirsin. Sabirabadlıların yeni il bayramını, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ürəkdən təbrik edirəm. Onlara könül xoşluğu arzulayıram!
Kamil QƏNİYEV, “Şərəf nişanı” ordenli ağsaqqal:
-İnamla demək olar ki, 2021-ci il xalqımız üçün uğurlu illərdən olub. 2020-ci ilin payızında baş verən və 44 gün davam edən ikinci Qarabağ müharibəsində Ermənistanın rəsmən kapitulyasiya etməsindən bir il ötüb. Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində sanballı addımlar atılıb. İndi bütün dünyanın nəzərləri Qalib dövlət kimi müstəqil, suveren Azərbaycan Respublikasına dikilib.
Azərbaycan bu gün müstəqil bir dövlət kimi dünyada tanınır və özünəməxsus nüfuza malikdir. Azərbaycan diplomatiyası dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, bütün ölkələrlə hərtərəfli, bərabərhüquqlu və qarşılıqlı faydalı münasibətlər qurmaq sahəsində mühüm uğurlar qazanmışdır.
Hər yeni il gələndə insanlar ümid edirlər ki, talelərinə xoşbəxtlik, səadət, sevinc yazılacaq. Arzularınız çin olsun. Diləklərinizə qovuşasınız, əziz həmvətənlərimiz.
Sahir ƏLİZADƏ, “Əməkdar
müəllim”:
-Qarşıda daha böyük işlər, vəzifələr durur. Nə yaxşı ki, bu gün Azərbaycan üçün çətin bir dövrdə dünyanın tanınmış siyasətçisi cənab İlham Əliyev ölkəyə rəhbərlik edir. Möhtərəm Pezidentimizin məqsədyönlü siyasəti sayəsində bu gün Azərbaycan dünya dövlətləri cərgəsində xoşbəxt gələcəyə doğru inamla addımlayır. Tarixin sərt sınaqlarından Azərbaycan dövləti 2021-ci ildə də uğurla çıxdı. Dövlətçiliyimizin möhkəmləndirilməsində, beynəlxalq aləmdə mövqeyinin və nüfuzunun yüksəlməsində sanballı nailyyətlər qazanıldı. Ölkəmizin və xalqımızın müqəddəratını həll edən, dünya siyasətinin korifeylərindən biri, sülh uğrunda yorulmaz mübariz, xalqımızın böyük oğlu cənab İlham Əliyev bir ildən çoxdur ki, bizə Qələbə sevincini bəxş edib. Buna görə möhtərəm Prezidentimizə ürəkdən minnətdarıq.
Yeni illə yeni həyat doğur. Deməli, yeni ümidlər də dünyaya gəlir. Belə ümidlər üçünsə yaşamağa, işləməyə dəyər. Arzum budur ki, müharibə dəhşətləri ilə bir daha üzləşməyək. Başımızın üstündən qara yellər əsməsin.
Rəxşəndə RZAYEVA, təqaüdçü:
-Möhtərəm Prezidentimiz İlham Əliyevin dərin zəkası, müdrik uzaqgörənliyi sayəsində 2021-ci ildə respublikamızın daxili və xarici siyasəti, sosial-iqtisadi inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Azərbaycan sərhədlərinin etibarlı qorunması üçün bütün lazımi işlər görülür.
Ölkəmizin başçısının Qarabağa hər səfəri yeni layihələrin reallaşması ilə yadda qalır, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işləri ən müasir standartlara uyğun həyata keçirilir. Hazırda 30 ilə yaxın müddətdə erməni vandalizminə məruz qalan tarixi diyarımız Qarabağın yenidən canlandırılması, dirçəldilməsi ümumxalq hərəkatına çevrilib. İşğaldan azad olunmuş ərazilərdə böyük quruculuq və bərpa işləri gündən-günə sürətlənir. Möhtərəm Prezidentimizin söylədiyi kimi, artıq tarixi torpaqlarımıza Böyük Qayıdış başlayıb.
Arzu edirəm ki, yeni ilin bəxş edəcəyi sevinc payı uzun ömürlü olsun. Və hər kəsin qəlbində elə dərin kök atsın ki, xalqımız müstəqillik uğrunda indən sonra apardığı mübarizə yolunda qəlbindəki tükənməz ümiddən daim qüvvət ala bilsin.
Xosrov CƏFƏROV, fermer:
- Bizə dövlət tərəfindən xeyli güzəştlər edilməsi işləmək əzmimizi qat-qat artırmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev aqrar sahədə çalışanlara, biz pambıqçılara daim qayğı göstərir. İşinin çox olmasına baxmayaraq əməkçilərimizə diqqət yetirir. Ötən il də biz bu qayğını hiss etdik.
Torpağa, elə, obaya bağlı bütün sabirabadlılara, zəhmət adamlarına can sağlığı diləyirəm. Onların bolluq yaradan əlləri heç vaxt yorulmasın.
Vüqar PİRİYEV, gənc:
- Bu il arzum hərbi məktəbə daxil olmaqdır. Hərbiçi olmaq istəyirəm. Vətən müharibəsində neçə-neçə igid gəncimiz şəhid oldu. Onların qanları bahasına alınmiş torpaqlarımızı qorumaq biz gənclərin üzərinə düşür. Həm də fürsətdən istifadə edib yeni il münasibətilə anamı təbrik etmək istəyirəm. Ona can sağlığı arzu edirəm, O əziyyətimizi çox çəkib, onun əziyyətlərinin qarşlığını vermək də arzumdur.
Ülviyyə AĞAYEVA, Sabirabad şəhər 4 nömrəli uşaq bağçasının müdiri:
- Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu qayğı möhtərəm Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ötən il uşaqlara diqqət və qayğı daha da artırıldı.
Müstəqil Azərbaycanımız yeni ili özünəməxsus tərzdə qeyd edir. Biz yeni ildə arzularımızın çin olmasını diləyirik. Arzum budur ki, hamı diləklərinə qovuşsun.
Cəvahir QARAYEVA, bank işçisi:
- Yeni ilin gəlişi yeni ümidlərin, arzu və istəklərin yaranması, daha da artması deməkdir. Yeni ildə hər bir gənc kimi, təbii ki, mənim də arzularım var. Ən başlıcası möhkəm cansağlığıdır. Bu arzuların sırasında karyeramla bağlı olanlar da çoxdur. İş həyatımda baş verə biləcək yüksəlişlərə ümidlərim çoxdur. Həmçinin 2022-ci il ərzində ictimai fəaliyyətimi daha da genişləndirməyi qarşıma məqsəd qoymuşam.
Zakir ƏLİYEV, iqtisadçı:
-Ötən il Azərbaycan inkişaf, sabitlik yolu ilə gedib. İqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. Bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Şəhid ailələrinə, qazilərə qayğı ilbəil artırılır. 2022-ci ildə əmək haqqlarının artırılmasi, digər sosial sahədə çox sayda görüləcək tədbirlər xalqımızın rifah halının yaxşılaşmasına yönəldilmişdir.
Yeni il bayramı münasibətilə ürəkdən gələn ən xoş arzularımı bildirmək istəyirəm. Arzum budur ki, hər kəsin qəlbində olan bütün arzuları həyata keçsin. Şadlıq, firavanlıq, xoşbəxtlik xalqımızın əbədi peyki olsun. Yeni il bayramınız mübarək, sabirabadlılar!