• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Ümummilli liderin rayonumuza hər gəlişi bir tarix idi

  • 05.01.2023, 19:03, Baxış sayı:
  • 236
Ümummilli liderin  rayonumuza hər gəlişi  bir tarix idi
Vaxtilə adına mahnılar bəstələnmiş, şeirlər, poemalar yazılmış tarla bahadırı, Sosialist Əməyi Qəhrəmanı, 1-ci dərəcəli "Əmək" ordenli Fatma xanım Hüseynova barədə yazı hazırlamaq qərarına gəldim. Bilirdim ki, Qaratəpə kəndində fəaliyyət göstərir. Sovetlərin ən yüksək titullarından birini gəzdirən Fatma xanım öz həmkarlarından fərqli olaraq bu gün də iş başındadır. O, fermer təsərrüfatına rəhbərlik etməklə yanaşı, Qaratəpə bələdiyyəsinin sədri kimi də məsul vəzifədə işləyir.
Sabirabad rayonunun Abdulian kəndində (indi həmin kənd Abdulabad adlanır və Hacıqabul rayonunun inzibati ərazi vahidinə daxildir) kolxozçu ailəsində anadan olmuşdur. 1948-ci ildə ailəsi Sabirabad rayonunun Pakrovka kəndinə (indiki Qaratəpə) köçmüşdür. Həmin kənddə kitabxanaçı kimi əmək fəaliyyətinə başlamışdır. Elə orada çalışanda hərdən tarlaya gedib pambıq da yığırmış. 1963-cü ildə atası rəhmətə gedərkən ailə maddi çətinliklərlə üzləşir. Bu gərginliyi aradan qaldırmaq məqsədilə Fatma xanım həyatını birdəfəlik kolxoz işinə bağlamalı olur. Bununla bahəm, Gəncədə ali təhsil alaraq aqronom ixtisasına yiyələnir. 1972-ci ildə onu kəndlərindəki Lenin adına kolxozda pambıqçılıq briqadirliyinə irəli çəkirlər.
Fatma xanım yaxşı işinə görə bir sıra orden və medallarla təltif edilmişdir. Üç çağırış Azərbaycan SSR Ali Sovetinin, iki çağırış isə SSRİ Ali Sovetinin deputatı seçilmişdir. SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin 5 qızıl, 3 gümüş, 2 bürünc medallarına layiq görülmüşdür. "Fəxri pambıq ustası" adını almışdır. Azərbaycan Kommunist Partiyası XX, XXV, XXX qurultaylarının nümayəndəsi olmuşdur. Sovet dövrünün ən ali mükafatı - Sosialist Əməyi Qəhrəmanı adını, eyni zamanda müstəqil ölkəmizin 1-ci dərəcəli "Əmək" ordenini qazanmışdır. Fatma xanım fəxr edir ki, sovet dövrünün qızıl ulduzunu yaxasına ulu öndər Heydər Əliyev, hazırkı ordeni isə möhtərəm Prezidentimiz İlham Əliyev sancmışdır.
Fatma Hüseynova ümummilli lider Heydər Əliyevin 2002-ci il oktyabrın 2-də imzaladığı Sərəncamla ölkə Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Fatma xanım deyir:
- Ulu öndərimiz Heydər Əliyev ötən əsrin 69-82-ci illərində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışanda rayonumuza tez-tez gələr, sadə əmək adamları ilə görüşər, onların qayğıları ilə maraqlanardı. Ulu öndərin rayonumuza hər gəlişi bir tarix idi. Onu da deyim ki, o, rayonumuza gələndə bir qayda olaraq mənim çalışdığım tarlaya da baş çəkirdi. Kollektivimizin gördüyü işlərlə maraqlanırdı. Xətrimi çox istəyirdi. Nümunəvi pambıqçı kimi məndən o ki var söz açardı. Kəndimizə onun hər gəlişi müəyyən problemlərin də həllinə yardımçı olurdu. Yadımdadır, bir dəfə mənə dedi: "Qabaqcılsan, planı ikiqat yerinə yetirirsən, məndən nə istəyin var?" Mən kəndimizin müasir tipli məktəb binasına ehtiyacı olduğunu bildirdim. Bu söhbətdən sonra az bir vaxt ərzində Qaratəpədə 1176 şagird yerlik orta məktəb binası tikilib istifadəyə verildi. Açılışına özü də gəlmişdi. O illərdə briqadamız 500 hektar sahədə pambıq əkib-becərirdi. Plan artıqlamasilə yerinə yetirilirdi. Lakin daha yüksək məhsul istehsal etmək mümkün idi. Bir dəfə ulu öndər tarlaya gələrkən ona dedim ki, torpaqlarımızda meliorasiya tədbirləri həyata keçirilərsə, məhsuldarlığı daha da artırmaq olar. Bu təklifimdən sonra o, sahələrdə meliorasiya işlərinin aparılması ilə əlaqədar göstəriş verdi. Həqiqətən də bu prosesdən sonra yüksək göstəricilər əldə etdik.
O, hər gəlişində pambıqçı qızlarımıza nə isə boyun olardı. Tarlamıza gəlişlərinin birində qızlara müraciətlə dedi: "Qızlar, aranızda nişanlı olanınız varmı?" Bu dəfə qızlarımızın arzusunu mən ona çatdırdım. Dedim ki, bəs qızlarımız xarici mebel istəyirlər. Elə oradaca onu müşayiət edən şəxslərə öz tapşırığını verdi. Ertəsi gün qızlarımıza pulsuz-parasız mebel dəstləri gətirildi.
Onu da deyim ki, ulu öndər mənə həmişə "qızım", - deyə müraciət edərdi. İndi də onun nəvazişli "qızım" sözü yadıma düşəndə o böyük insanı yanımda hiss edirəm. Hə... Bu "qızım" sözü onunla bağlı daha bir xatirəni yadıma saldı. Bir dəfə Moskvada Ali Sovetin sessiyasında idik. Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım da orada idi. Ulu öndər məni ona göstərib dedi ki, Fatma çox zəhmətkeşdir. Mən onu qızımız Sevildən heç ayırmıram. Moskva görüşlərinin birində Azərbaycan nümayəndə heyəti onunla birgə şəkil çəkdirirdi. Mən bir az kənarda dayanmışdım. Məni görən kimi fotoqrafa müraciətlə dilləndi: "Əl saxla, mən "qızımı" görmürəm". Beləliklə, məni öz yanına çağırıb gətirdi.
Aradan çox illər ötmüşdü. Ümummilli lider xalqın təkidli xahişi ilə respublikamızda ikinci dəfə hakimiyyətə gəlmişdi. 1998-ci ildə Prezident seçkilərində ulu öndər rayona gələrkən seçicilərlə görüşdü, mən də onların arasında idim. O, məni görən kimi tanıdı və dedi: "Heç dəyişməmisən, Fatma". Bu günün özündə də ən çətin anlarımda onu düşünür, onu axtarıram. Onu da deyim ki, bu gün Azərbaycan dövləti öz mövcudluğuna, qazandığı hər bir nailiyyətə görə məhz xalqımızın ümummilli lideri Heydər Əliyevə borcludur. Elə bu səbəbdən də o, dünya durduqca yaşayacaq, onu sevənlərin qəlbində əbədi məşələ dönəcəkdir".
Fatma Hüseynova ölkə rəhbəri cənab İlham Əliyevlə səmimi görüşlərindən də söhbət açır. Qeyd edir ki, yeganə güvənc yerimiz ulu öndərin siyasi kursunu ləyaqətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevdir. Onun ətrafında sıx birləşməliyik...
Fatma Hüseynovanın rəhbərlik etdiyi kollektiv hər il bol pambıq, taxıl və digər kənd təsərrüfatı məhsulları istehsal edir. Ötən il hər hektardan 62 sentner pambıq götürmüşlər. Bu il taxılın məhsuldarlığı 65 sentnerə çatdırılmışdır. Cari ildə 30 hektar sahədə pambıq becərilərək barlı kollar hasilə gətirilmişdir. Əmək bahadırının kollektivi mal-qara da bəsləyir. Heyvandarlığı inkişaf etdirmək üçün 45 hektar yonca sahəsindən bol yem tədarük olunur. Qeyd etmək lazımdır ki, kollektivdə 10 ailə çalışır.

Tofiq HÜSEYN,
"Respublika".
22.11.2022
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter