İlk dəfə 1973-cü ildə traktorun sükanı arxasında oturanda 17 yaşım olub. Zəhmətlə dolanmışam. Pambıq əkmişəm, kultivasiya çəkmişəm, maşınla məhsul yığmışam. Əmək fəaliyyətinə başladığım ilk ildə maşınla 75 ton məhsul toplamışam. Sonralar hər il bir qayda olaraq 150-200 ton pambıq yığmışam. Şöhrətin, ad-sanın təməlini də elə o vaxtlarda qoymuşam.
Həyat yoldaşım Ades Babayev də mexanizator işləyib. İki oğul, bir qız böyüdüb tərbiyələndirmişik. 6 nəvəmiz var.
Əməyim layiqincə qiymətləndirlmişdir. O dövrün ən yüksək mükafatlarına-orden və medallarına layiq görülmüşəm. «Şərəf nişanı”, “Qırmızı əmək bayrağı” ordenləri ilə təltif edilmişəm.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanın birinci katibi olanda rayonumuza tez-tez gələrdi. Kənd əməkçilərinin qayğıları ilə maraqlanardı. Hər dəfə rayonumuza gələndə mənim işlədiyim “Pravda” kolxozuna da gedərdi. Onu da deyim ki, o vaxtlar “Pravda” kolxozu maşınla məhsul yığımında rayonumuzun qabaqcıl təsərrüfatlarından olub. Bir dəfə kolxozda olarkən mənim əməyimi yüksək qiymətləndirərək dedi ki, bu qız maşınla pambıq yığımında başqalarına nümunə göstərilməlidir.
Allah Ulu Öndərimiz Heydər Əliyevin ardıcılı olan möhtərəm Prezidentimiz İlham Əliyevə kömək olsun. Ümid yerimiz yalnız odur. Allaha çox şükür ki, onun apardığı siyasət sayəsində digər sahələrdə olduğu kimi, kənd təsərrüfatının inkişafına da qayğı göstərilir, pambıqçılıq inkişaf etdirilir.
Möhtərəm Prezidentimiz Allahın köməyi ilə Vətənimizi dardan qurtardı, Qarabağ azad olundu. Prezidentimiz Ulu Öndərin vəsiyyətini yerinə yetirdi.
Vəsilə BABAYEVA,
Ulacalı kənd sakini