Pambıq yığımı sürətlənir
- 20.10.2022, 16:24, Baxış sayı:
- 285
Facebook
Вконтакте
Одноклассники
Google+
Respublikamızın pambıqçılıq rayonlarında məhsul yığımı geniş vüsət alıb. Ölkənin iri pambıqçılıq bazalarından sayılan Sabirabad rayonunda da bu istiqamətdə uğurlu addımlar atılır.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə 2772 fermerlə bağlanmış müqaviləyə əsasən cari təsərrüfat ilində 11709 hektar sahədə pambıq əkini aparan fermerlər yetişdirilmiş bol məhsulun vaxtında yığılaraq dövlətə təhvil verilməsi üçün bütün imkanları səfərbər ediblər.
Yığım dövründə maşınlara geniş meydan verilməsi bu qiymətli el sərvətinin qısa müddət ərzində tədarük olunmasına geniş zəmin yaradıb. Hazırda bölgədə fəaliyyət göstərən fermer təsərrüfatlarında pambıq yığımı sürətlənib. İndiyədək rayon üzrə 17 min tondan çox “ağ qızıl” toplanaraq qəbul məntəqələrinə təhvil verilib.
Fermer təsərrüfatlarında məhsulun vaxtında, itkisiz yığılaraq daşınması üçün kombayn, traktor, lafet və digər texniki vasitələrlə təminatı daim diqqət mərkəzində saxlanılır.
Torpaq mülkiyyətçilərinin və mütəxəssislərin qənaətinə görə, bu sahədə hər hansı bir problem yaranmayıb.
İndi əsas vəzifə havaların əlverişli keçməsindən səmərəli istifadə edib, yığımı mütəşəkkil təşkil etmək və optimal müddət ərzində başa çatdırmaqdan ibarətdir.
Yığımın daha səmərəli təşkili nəticəsində bir sıra kəndlərdə fəaliyyət göstərən fermer təsərrüfatlarında artıq ilk uğurlara imza atılıb.