Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində aqrar sektorda əmək tutumu böyük, gəlir imkanları geniş olan sahələrin, o cümlədən də zəngin tarixi ənənəyə və böyük potensiala malik olan pambıqçılığın inkişafına böyük diqqət göstərilir. Respublikamız bununla bir tərəfdən regionlarda fəal məşğul əhalinin əmək bazarına inteqrasiyasını təmin etmək, digər tərəfdən isə ölkəyə valyuta daxilolmalarının həcminin artmasına nail olmaq niyyətindədir.
17 sentyabr 2016-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair Sabirabadda keçirilmiş respublika müşavirəsində dövlətimizin başçısı giriş nitqində demişdir: “Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi. Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər verilirdi. Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün də Sabirabad rayonunu seçdim. Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu, həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir”.
Respublikamızda pambıqçılığın inkişafına yönələn dəstək tədbirlərinin miqyası kifayət qədər genişdir. Təkcə son illərdə respublikanın ayrı-ayrı bölgələrində Prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə həsr olunan bir neçə ümumrespublika müşavirəsi keçirilib. Bəhs olunan müşavirələrdə bu sahə ilə məşğul olan fermerlərin təklifləri dinlənilib, maddi-texniki bazanın möhkəmləndirilməsi, əkin sahələrinin genişləndirilməsi, daha səmərəli becərmə metodlarının tətbiqi, keyfiyyətli və məhsuldar toxum təchizatı kimi aktual məsələlər müzakirə olunub. Sevindirici haldır ki, bəhs olunan müşavirələrdə qaldırılan məsələlərin əksəriyyəti artıq öz həllini tapıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib. Cənab Prezident tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur. Aqrar sahənin, o cümlədən pambıqçılığın inkişafı üçün dövlətimiz tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Bu sahənin inkişafı üçün subsidiyalar verilir, texnika və təsərrüfat suyu ilə təminatı sahəsində əlverişli şərait yaradılır. Pambıqçılığın inkişafı ilə bağlı cənab Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafını təmin etmişdir.
Ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı yaradılmış şərait, dövlət tərəfindən fermerlərə göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Sabirabadda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Rayonda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi bitkiçilik şöbəsindən aldığımız məlumata görə, ötən il rayonun pambıqçıları 9260 hektar sahədən 27375 tondan çox məhsul tədarük etmişlər.
Torpaq mülkiyyətçiləri cari ildə daha yüksək pambıq istehsal etmək əzmindədirlər. 2772 fermerlə bağlanmış müqaviləyə əsasən cari ildə 11709 hektar sahədə pambıq əkini aparılmışdır.
Rayonda əkilən pambığın becərilməsi üçün bütün qüvvələrdən maksimum istifadə edərək fermerlərin daha çox məhsul götürmələri üçün bütün mümkün şərait yaradılmışdır. Yüksək məhsul əldə etmək üçün əkin sahələrində aqrotexniki becərmə qaydalarına ardıcıl və düzgün əməl olunmuşdur. Cərglərarası becərmələr, kultivasiya, alaq otlarına, zərərverici və xəstəliklərə qarşı mübarizə, ucvurma və sair tədbirlər vaxtında aparılmışdır. Bitkilər tələbata uyğun, optimal müddətdə gübrə və suvarma suyu ilə təmin edilmişdir. Nəticədə barlı kollar hasilə gətirilmişdir. Bu isə məhsulun bol olacağından xəbər verir.
Artıq pambığın becərilməsi prosesi başa çatmaq üzrədir. Fermerlər son becərmə tədbirlərini davam etdirməklə yanaşı, pambıq yığımına da ciddi hazırlaşırlar. Pambığın əl ilə toplanmasından tutmuş, maşınla yığımınadək bütün tədbirlər görülür, lazımi şərait yaradılır ki, torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu vaxtında və itkisiz yığaraq təhvil versinlər.
Məhsulun maşınla yığılacaq sahələrində bitkilərin yarpaqlarını vaxtında tökdürmək üçün kimyəvi preparatlar əldə edilib. Pambıqyığan maşınların normal işləməsi üçün sahələr bir daha nəzərdən keçirilib.
“Muğanın səsi”