Sabirabadda çiyid səpininə başlanılıb
- 20.04.2022, 23:53, Baxış sayı:
- 432
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı yaradılmış şərait, dövlət tərəfindən göstərilən dəstək həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Pambıqçılığa göstərilən diqqət və qayğının nəticəsidir ki, respublikanın digər pambıqçılıq rayonlarında olduğu kimi, Sabirabadda da pambıq əkinləri və məhsul istehsalı ildən-ilə artır. Rayonda pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən aldığımız məlumata görə, ötən il rayonun pambıqçıları 9260 hektar sahədən 27368 ton məhsul istehsal etmişlər.
Torpaq mülkiyyətçiləri cari ildə daha yüksək pambıq istehsal etmək əzmindədirlər. Fermerlər müqavilə bağladıqları istehsal müəssisələrinin göstərdikləri dəstəkdən yararlanaraq rayon üzrə 11901 hektar sahədə pambıq əkməlidirlər. Bu il rayonda 2703 istehsalçı ilə müqavilə bağlanılıb. Bağlanan müqavilələrə əsasən torpaq mülkiyyətçiləri lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.
Rayonda artıq çiyid səpininə başlanılıb. Əkinə kifayət qədər səpin aqreqatı cəlb olunub. Hər gün nəzərdə tutulduğundan xeyli çox sahəyə çiyid səpilir.
“Muğanın səsi”