Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Sərəncamı ilə noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.
Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır. Ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən kənd təsərrüfatında müşahidə olunan inkişafın əsasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən davamlı siyasi kurs dayanır. Bu siyasi kurs müstəqilliyimizin, təhlükəsizliyimizin, sosial-iqtisadi tərəqqinin, müasirləşmənin, sosial rifahın və iqtisadi inkişafın təminatçısına çevrilib. Aqrar sahənin müxtəlif sahələrinə dair Dövlət proqramlarının icrası davam edir. Ölkədə məqsədyönlü islahatlar keçirilir, nəticədə digər sahələr kimi, aqrar sektor da öz dinamik inkişafı ilə mövcud çağırışlara cavab verir. Kənd təsərrüfatının keyfiyyətcə yeni mərhələyə qədəm qoyması özünü iqtisadi göstəricilərin yüksəlməsində, fermerlərin gəlirlərinin artmasında, aqrar fəaliyyətin insanlar üçün əməktutumlu və gəlirli sahəyə çevrilməsində göstərir.
Davamlı və hərtərəfli dövlət dəstəyi sayəsində Sabirabad rayonunda da kənd təsərrüfatında dinamik inkişafa nail olunub.
Azərbaycanın iki böyük çayının Kür və Araz çaylarının qovuşduğu məkanda, bərəkətli Muğan və Şirvan düzlərində yerləşən Sabirabadı onun əmək adamları həmişə şöhrətləndirmişlər. Yaxın keçmişdə bu elin adı çəkiləndə ilk növbədə bol pambığı, taxılı olan bir bölgə və onun qəhrəman övladları göz önünə gəlirdi. Ulu Öndər Heydər Əliyev 15 dəfə bu diyarda olmuş, əmək qabaqcılları ilə görüşmüş, onların zəhmətini həmişə qiymətləndirmişdir.
Fatma Hüseynova, Çervon Azayeva, Zəminə Aslanova, Gülabba Xəlilov, Zahid Bağırov, Həlimə Həsənova, Narınc Kərimova və onlarla başqaları bu rayonun əmək adamları olaraq əvvəlki illərdə ali mükafatlara layiq görülmüşlər. Bu ənənə bu gün də davam etdirilir.
Son illərdə ölkə başçısı cənab İlham Əliyevin çox böyük diqqət və qayğısı ilə aqrar sahədə əsaslı dönüşə nail olunmuş, yeni iqtisadi şəraitə və zamanın tələbinə uyğun qərarlar qəbul edilmişdir.
Yaradılmış şəraitdən Sabirabad rayonunda bacarıqla istifadə edilmiş, dövlətin aqrar siyasətinə uyğun tədbirlər görülür və uğurlu nəticələr əldə olunur.
Rayon üzrə ümumi torpaq sahəsi 146,9 min hektardır ki, bundan da 100 min hektardan artığı kənd təsərrüfatının yararlı torpaq sahələridir.
Rayonda əkin sahələrindən səmərəli istifadə üçün zəruri tədbirlər görülür. Cari ildə 25179 hektarda taxıl, o cümlədən 14860 hektarda buğda, 10319 hektarda arpa, 780 hektarda qargıdalı, 15 hektarda günəbaxan, 8805 hektarda bostan, tərəvəz, kökümeyvə, 9260 hektarda pambıq, 23032 hektarda yem bitkiləri, 122 hektarda paxlalı bitkilər olmaqla cəmi 67223 hektarda yazlıq və payızlıq əkinlər keçirilmişdir. İkinci əkin olaraq 3002 hektarda təkrar qarqıdalı əkini aparılmışdır.
2020-ci ildə kənd təsərrüfatının ümumi məhsullarının dəyər ifadəsində 10.3 faiz artım qeydə alınmışdır.
Ən başlıca vəzifə kənd təsərrüfatının intensiv inkişafını təmin etməkdir. Rayon üzrə 113 min tondan artıq dənli və paxlalı, 222 min tondan artıq bostan, tərəvəz, kökümeyvəli, 182 min tondan artıq yem bitkiləri istehsal edilmişdir.
2021-ci ilin 9 ayının nəticələrinə əsasən kənd təsərrüfatında ümumdaxili məhsul istehsalı 2020-ci ilin eyni dövrü ilə müqayisədə artmışdır.
Pambıqçılığa maraq artmış və əkin sturukturunda əhəmiyyətli yer almışdır. 2016-cı ilin sentyabrın 17-də Sabirabad rayonunda pambıqçılığın inkişaf məsələlərinə həsr edilmiş respublika müşavirəsi keçirilmişdir. Müşavirədə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir:
“Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi deyil. 1970-ci ildə, 1980-ci ilin əvvəllərində Ulu Öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi. Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər verilirdi. Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçün də Sabirabad rayonunu seçdim. Mən əminəm ki, Sabirabad rayonunda və bütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirən bir sahədir”.Ötən illər ərzində rayonda bu sahədə xeyli iş görülmüş, əsaslı irəliləyiş əldə edilmişdir. Rayonda yeni pambıq qəbulu məntəqəsi tikilmiş, yerlərdə yeni texnika, maşın - avadanlıqlar alınmış, texniki təminat məsələləri dövlətin köməyi ilə yaxşılaşmış, pambıqçılığa münasibət kökündən dəyişmişdir.
2015-ci ildə rayonda 1633 hektarda pambıq əkilib, hər hektardan 11.3 sentner məhsul götürülsə də, 2020-ci ildə əkin sahəsinin həcmi 6.1 dəfə artaraq 10075 hektara, məhsul istehsalı 17 dəfə artaraq 31618 tona çatmış, son 20-30 ilin yüksək məhsuldarlıq göstəricisi əldə edilmişdir- hər hektardan 31.4 sentner. Fermer təsərrüfatlarının 2020-ci ildə pambıq satışından cəmi pul gəliri 23 milyon manatdan çox olmuşdur.
Cari ildə də xeyli işlər görülmüş, pambığın əkini optimal müddətdə başa çatdırılmış, aqrotexniki tədbirlər davam etdirilmişdir.
Hazırda pambıq yığımı davam edir. İndiyədək 19 min tondan artıq məhsul tədarük edilmişdir. Gündəlik yığım 500-600 ton təşkil edir. Pambıq yığımında Moranlı İnzibati Ərazi Dairəsinin fermerləri daha çox fəallıq göstərirlər. Ötən il onlar 7600 tondan artıq, cari ildə bu günədək 4000 tondan artıq məhsul tədarük etmişlər.
Pambıqçılıqla məşğul olan mütəxəssislər cari ildə pambığın məhsuldarlığının 32.6 sentner olacağını proqnozlaşdırmışlar.
Kənd təsərrüfatının bitkiçilik sahəsində əldə olunan uğurlarında sahibkarların müasir kənd təsərrüfatı texnikaları ilə təchiz olunmasının böyük rolu vardır. Hazırda rayonda sahibkarlara aqroservis xidməti “Aqroservisin” kənd təsərrüfatı maşın və aqreqatları ilə yanaşı, həm də şəxsi texnikalar vasitəsilə həyata keçirilir. Bu ilin 9 ayında 131 müxtəlif təyinatlı kənd təsərrüfatı texnikası alınaraq rayona gətirilib və ilkin qeydiyyata düşmüşdür. Mövcud texnikalar kənd təsərrüfatı sahəsində aqrotexniki tədbirləri keyfiyyətlə həyata keçirməyə imkan verir. Fermerlərə lizinq yolu ilə müasir tələblərə cavab verən yeni kənd təsərrüfatı texnikalarının alınıb icarəyə verilməsi ilə bağlı güzəştlərin tətbiqi isə bu sahədə fəaliyyətin səmərəli təşkilinə hesablanıb.
Heyvandarlıq məhsulları istehsalında da artım vardır. Təsərrüfatlarda 122 min baş iri, 231 min baş xırda buynuzlu mal-qara saxlanılır. Rayon respublikada ən böyük maldarlıq rayonudur..
Təsadüfi deyil ki, mal-qara arasında süni yolla buzov alınması ilə bağlı ən yaxşı göstərici də məhz Sabirabad rayonundadır. Ötən il rayon üzrə 6507 baş, bu ilin 9 ayında 5000 başdan artıq buzov süni yolla doğulmuşdur. Mövcud qaydalara uyğun olaraq hər baş buzov əldə edildiyi üçün fermerlərə dövlət yardımı verilir. Bu tədbirə rayonda 2007-ci ildən başlanılmış və indiyədək 50 min başa yaxın buzov əldə edilmişdir.
Cari ildə təsərrüfatlarda 12 min tondan artıq ət, 79 min tondan artıq süd, 596.8 ton yun, 70 milyon ədəd yumurta istehsal edilmişdir.
Rayonda baramaçılığın inkişafı üçün tədbirlər görülmüşdür. Son bir neçə ildə baramaçılığın yem bazasını möhkəmləndirmək üçün 200 minə yaxın tut tingi əkilmişdir ki, bundan da 123 min ədədi Çin Xalq Respublikasından gətirilmişdir. Cari ildə kümçülərə 350 qutu barama qurdu paylanmışdır.14 tondan artıq barama tədarük edilmişdir. Bu il ilk dəfə olaraq ikinci dönəm barama qurdu bəslənmək üçün fermerlərə paylanmışdır.
Arıçılığın inkişafı üçün də tədbirlər görülür. 189 arıçı tərəfindən 5151-ə yaxın arı ailəsi bəslənilir ki, onlar da dövlət yardımı ilə təmin ediləcəklər.
Elektron Kənd Təsərrüfatının (EKTİS) tətbiqi istiqamətində işlər görülmüşdür. 2020-ci ilin yanvarından etibarən fermerlərə bütün subsidiyalar EKTİS üzərindən verilir. Fermerlərin EKTİS-də qeydiyyatı üçün ciddi işlər görülmüşdür.
Yerlərdə aqrar könüllülər təşkil olunmuş, maarifləndirmə işləri aparılmışdır. Hazırda payızlıq əkinlərin bəyanı prosesi gedir və dekabrın sonuncu iş gününədək fermerlər bəyan prosesini EKTİS-də həyata keçirə bilərlər.
Fermerlərin müraciəti əsasında onların istifadəsində olan torpaqların keyfiyyət tərkibini öyrənmək üçün aqrokimyəvi laboratoriya və toxumçuluq laboratoriyası fəaliyyət göstərir.
10 hektardan yuxarı olan əkinlərin sığortası işlərinə də başlanılmışdır. Sığorta haqqının 50 %-ni qaydaya əsasən dövlət ödəyir və bu istiqamətdə fermerlərin maarifləndirilməsi işləri aparılır.
Rayonumuzda kənd təsərrüfatının davamlı inkişafı istiqamətində mühüm uğurlar əldə olunub. Bu uğurlar dövlətin həyata keçirdiyi siyasətin məntiqi nəticəsidir. Prezidentin dəfələrlə vurğuladığı kimi, ölkəmizdə dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı durur. Bu vətəndaşların böyük bir hissəsi ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında bilavasitə iştirak edən kənd təsərrüfatı işçiləridir. Dövlətin fermerlərə verdiyi yüksək qiymətin təzahürü olaraq hər il noyabrın 1-i Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir. Bütün fermerlər adından dövlətimizin başçısına aqrar sektorun inkişafına göstərdiyi yüksək qayğı və diqqətə görə minnətdarlığımızı bildiririk.
Sabirabad Aqrar İnkişaf Mərkəzinin kollektivi peşə bayramı münasibətilə bütün kənd təsərrüfatı işçilərini, əziz fermerlərimizi ürəkdən təbrik edir, onlara aqrar fəaliyyətlərində uğurlar arzulayır.
Heydar YAQUBOV,
Sabirabad Aqrar
İnkişaf Mərkəzinin direktoru
Cari ildə 25179 hektarda taxıl, o cümlədən 14860 hektarda buğda, 10319 hektarda arpa, 780 hektarda qargıdalı,
15 hektarda günəbaxan, 8805 hektarda bostan, tərəvəz, kökümeyvə, 9260 hektarda pambıq, 23032 hektarda yem bitkiləri, 122 hektarda paxlalı bitkilər olmaqla cəmi 67223 hektarda yazlıq və payızlıq əkinlər keçirilmişdir. İkinci əkin olaraq 3002 hektarda təkrar qarqıdalı əkini aparılmışdır.
Rayon üzrə 113 min tondan artıq dənli və paxlalı, 222 min tondan artıq bostan, tərəvəz, kökümeyvəli, 182 min tondan artıq yem bitkiləri istehsal edilmişdir.