- Poçt indeksi - AZ5437
- Ərazisi - 1848 hektar
- Əhalinin sayı - 3250
- Təsərrüfatların sayı –638
- Əkin sahəsi 1578 hektar,
o cümlədən,
- Həyətyanı sahə - 200 hektar
- Bələdiyyə torpaqları - 70 hektar
- 1238 hektar pay torpağı
532 nəfər arasında
bölüşdürülmüşdür
- Telefon kodu - 2338
Foto: Şıx Salahlı kəndi (“Bakı” kolxozu), 26 avqust 1978-ci və 4 sentyabr 1982-ci illər
Şıx Salahlı kənd İnzibati Ərazi Dairəsi 2 kənddən- Şıx Salahlı və Osmanlı kəndlərindən ibarətdir.
Şıx Salahlı: Patronomik öztoponimlərdən biridir. XIX əsrə aid ədəbiyyatda onun adı Aşağı Kövrətli kimi də yazılmışdır. Həmin mənbədə göstərilir ki, bu kənd Güdəcühür kəndindən yaranmış məntəqədir. Şıx Salahlı həmin məntəqənin əsasını qoymuş bir nəslin adıdır.
Osmanlı da patronomik addır. Bu kəndin adı da nəsil adından yaranıb. Osmanlı kəndinin keçmiş adı Osmanlı-Tuğay olub. XIX əsrə aid mənbələrdə göstərilir ki, bu kənd də Güdəcühür kəndindən həmin əsrin ikinci yarısında yaranmış məntəqədir. Yəni Güdəcühürdən çıxmış bir qrup ailə indiki kəndin yerində məskunlaşmışdır.
Sovet hakimiyyəti dövründə bu dairənin ərazisində “Bakı” kolxozu fəaliyyət göstərmişdir
ULU ÖNDƏR HEYDƏR ƏLİYEV KOLXOZÇULARA FAYDALI MƏSLƏHƏTLƏR VERİR, ƏMƏLİ KÖMƏKLİKLƏR GÖSTƏRİRDİ
Heydər Əliyev sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə tez-tez Sabirabad rayonunda olur, kənd adamları ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Ulu Öndər “Bakı” kolxozuna da gəlmişdir. Ümummilli Lider Heydər Əliyev kolxozçulara faydalı məsləhətlər verir, əməli köməkliklər göstərirdi.
Heydər Əliyevin məmləkətimizə rəhbərlik etdiyi dönəmdə illər ötdükcə pambıq sahələri genişləndirilmiş, onun becərilməsi texnologiyası təkmilləşmiş, məhsul istehsalı, məhsuldarlıq qat-qat artmışdır və bu sahədə yüksək zirvələr fəth edilmişdir. “Bakı” kolxozu da yüksək nəticələr qazanmışdır.
Torpaqlar xüsusi mülkiyyətə verilmişdir
Qədimdə bu bölgənin adamları respublikamızın başqa yerləri kimi, torpaqdan şəxsi mülkiyyət formasında istifadə etmişlər. Bildiyimiz kimi, Sovet hakimiyyəti qurulduqdan sonra kollektivləşmə dövründə torpaq da, kənd əhalisinin əlində olan əmlak da kollektivləşdirilərək kollektiv təsərrüfat yaradılmışdır. Həmin təsərrüfatlar dövlət tərəfindən idarə edilmişdir.
Ötən illərdə respublikamızda bazar iqtisadiyyatı münasibətlərinin təşəkkülü və inkişafı üçün hökumət orqanları tərəfindən müxtəlif normativ hüquqi aktlar qəbul edilmiş, aparılan iqtisadi islahatlar gələcəkdə etibarlı özüllər əsasında qərarlaşan sosial yönümlü iqtisadi sistemin möhkəmlənəcəyinə zəmin yaratmışdır. Ölkəmizin, eləcə də Sabirabad rayonunun kənd təsərrüfatında köklü sosial-iqtisadi dəyişikliklər olmuşdur. Torpaq islahatının həyata keçirilməsi, torpağın xüsusi mülkiyyətə verilməsi dövlət təsərrüfatlarının mülkiyyətinin özəlləşdirilməsi üçün zəruri normativ hüquqi bazanın yaradılması iqtisadiyyatın digər sahələrinə nisbətən kənd təsərrüfatında islahatların daha sürətlə aparılmasına imkan vermişdir. Ulu Öndər Heydər Əliyevan müdrik siyasəti sayəsində kənd təsərrüfatında aqrar islahatlar aparılmış, xüsusi mülkiyyətə əsaslanan yeni istehsal formaları, özəl qurumlar təşkil olunmuşdur. Yeni iqtisadi sistemə keçid təsərrüfat struktutunu əsaslı şəkildə dəyişmişdir. Nəticədə Sabirabad rayonunda, habelə Şıx Salahlı kənd İnzibati Ərazi Dairəsindəki kəndlərdə də aqrar islahatlardan bəhrələnmişlər. Aqrar islahatlar, sosial-iqtisadi sahədə yeniləşmə prosesləri qəbul edilmiş qanunlara və normativ hüquqi aktlara uyğun olaraq aparılmışdır. “Bakı” kolxozunun fəaliyyətinə xitam verilmişdir. Sahələr torpaq payı almaq hüququ olanlara paylanmışdır. Aqrar islahatlar kəndliyə işıqlı yol açmış, sərbəst fəaliyyət göstərmələri üçün geniş imkanlar yaratmışdır.
ƏKİNÇİLİK VƏ HEYVANDARLIQ MƏHSULLARI İSTEHSALI İLBƏİL ARTIR
RİHB-nin Şıx Salahlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Seyidabbas Babayev indiki uğurlardan danışdı:
- Hazırda ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Ölkəmizdə, rayonumuzda olduğu kimi, bizim dairədə də pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi kəndlərimizdə bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə pambıqçılığın inkişafı ilə bağlı xüsusi tapşırığı olmuşdur. Şıx Salahlı kənd İnzibati Ərazi Dairəsində pambıqçılığın inkişaf etdirilməsi, ölkə rəhbərinin tapşırığının layiqincə yerinə yetirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Nəticədə torpaq mülkiyyətçiləri ilbəil məhsul istehsalını artıraraq pambıqçılığın itirilməkdə olan şöhrətinin bərpasına nail olurlar.
Ötən ildə 106 hektar sahədə pambıq yetişdirən torpaq mülkiyyətçiləri 320 ton məhsul tədarük etmişlər. Ayrı-ayrı fermerlər yüksək məhsuldarlığa nail olmuşlar. Torpaq mülkiyyətçilərindən Şükür Bağırov və Seyidağa Abbasov hər hektardan 35-40 sentnerədək pambıq istehsal etmişlər.
2021-ci ildə 626 hektar sahədən bol taxıl istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq 44,7 sentnerə çatdırılmışdır. Fermerlərdən Toğrul Məhərrəmov və Aslan Məmmədov zəmilərin hər hektarından 45 sentner taxıl götürmüşlər.
Dairədə aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Həyata keçirilən tədbirlər sayəsində dairədə heyvanların baş sayı, məhsul istehsalı ilbəil artır. İribuynuzlu mal-qaranın sayı 3107 baş, xırdabuynuzlu heyvanların sayı isə 4285 baş təşkil edir. Elxan Nərimanov və Eldəniz Şahnəzərov qabaqcıl heyvandarlar kimi tanınırlar.
Respublikamızda dövlət dəstəyi sayəsində yenidən bərpa edilən məşğuluyyət sahələrindən biri də baramaçılıqdır. Bu sahə hələ Sovet dövründən əmək tutumlu, az zəhmət tələb edən və kənd adamlarına əlavə gəlir qazandıran fəaliyyət növü kimi formalaşıb.
Ölkə rəhbərinin tapşırıq və tövsiyələrinə uyğun olaraq son illər respublikamızda kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. İpəkçiliyin müasir infrastrukturu yaradılır, yeni tut bağları salınır.
Bu sahəyə dövlət dəstəyinin nəticəsidir ki, respublikamızda barama istehsalı ildən-ilə artır. Respublikamızda olduğu kimi, Sabirabad rayonunda, o cümlədən bu bölgədə də baramaçılığın keçmiş şöhrətinin qaytarılması istiqamətində mühüm addımlar atılır.
Barama istehsalını artırmaq məqsədilə 1 hektar sahədə tut bağı salınmışdır. Ötən il 467 kiloqram barama tədarük edilmişdir. Kümçülərdən Sədulla Babayev, Mirkəlam Babazadə barama tədarükündə xüsusilə fərqlənmişlər.
İNKİŞAF YOLLARINDA
Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə, rayonumuzda olduğu kimi, bu ərazidə də bir sıra mühüm infrastruktur layihələri reallaşdırılır. Aparılan abadlıq-quruculuq işləri bölgənin kəndlərini müasir inkişaf mərhələsinə çıxarmış, buradakı kəndlərin simasını əhəmiyyətli dərəcədə dəyişmişdir. Bütün bunlar əhalinin sabaha inamını artırmışdır.
Ötən illər ərzində kəndin inrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Şıx Salahlı kənd İnzibati Ərazi Dairəsi təbii qazla təmin edilmişdir. Yol asfaltlaşdırılmışdır. Modul tipli su durulducu qurğular əhalinin istifadəsinə verilmişdir.
Kənddə 4 məscid fəaliyyət göstərir. Burada 6 mağaza, ictimai-iaşə obyektləri, maşın təmiri sexləri, bərbərxanalar və s. vardır.
Şıx Salahlı kənd İnzibati Ərazi Dairəsində koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiya prosesinə başlandığı gündən indiyədək 95 faizdən çox vətəndaş peyvənd olunub.
Problemlər də mövcuddur
Şıx Salahlı kənd İnzibati Ərazi Dairəsində problemlər də vardır. İnternet yoxdur. Kəndarası yollara çınqıl döşənməlidir. Məktəb binalarının təmirinə ehtiyac var. Elektrik təsərrüfatı bərbad vəziyyətdədir. Yağış yağanda, külək əsəndə kənddə sakinlər işıqsız qalırlar.
Elçin NƏSİB,
“Muğanın səsi”