• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Unutmamısıniz? Bu dünyada bir Azər Mirzəyev vardı...

  • 24.05.2022, 09:24, Baxış sayı:
  • 653
Unutmamısıniz? Bu dünyada bir  Azər Mirzəyev vardı...
Əgər sağ olsaydı, mayın 12-də 70 yaşı tamam olacaqdı.
“Gəzə bilmirəm, ayağa duranda divardan tuta-tuta yeriyirəm. Amma həkimlər bir aya yaxşılaşacağıma söz veriblər. Özümü normal hiss edən kimi səhnəyə qayıdacam. Hələ ki evdəyəm, amma Allah kərimdir”.
Bunu ölümündən bir müddət əvvəl mətbuata açıqlamasında Əməkdar artist, aktyor Azər Mirzəyev demişdi.
Amma aktyorun sağalacağına olan ümidi gerçəkləşmədi. Və onu həmişəlik itirdik…

Azər Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atası Əlibaba kişi müəllim kimi Sabirabada təyinat aldığı üçün ailəsilə Sabirabad rayonuna köçüb. Azər orta təhsilini M.Ə.Sabir adına orta məktəbdə alıb və sonra 1968-ci ildə SSRİ xalq artisti Adil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
1970-ci ildə oranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.
1976-ci ilin oktyabr ayının 15-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayaraq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” (Qürbət Musayev), Əhməd Orucoğlunun “Pul dəlisi” (Teymur), Əli Əmirlinin “Bala bəla sözündəndir” (İzzət Nəfisli), Abdulla Şaiqin “Danışan gəlincik” (Kərim), Əbdüləzəl Dəmirçizadənin “Dədəm Qorqud” (Qaraca çoban), Hüseynbala Mirələmovun “Yaddaş ağrısı” (Murad), Süleyman Sani Axundovun “Qaraca qız” (Hüseynqulu bəy), Marat Haqverdiyevin “Ah qadınlar, qadınlar” (kişi) tamaşalarında bədii cəhətdən inandırıcılığı, emosionallığı, hisslərin dərinliyi, zəngin ifadə vasitələri ilə səciyyələnən maraqlı obrazlar yaratmışdır. O vaxtdan ömrünün sonuna qədər bu teatrda çalışıb.
İstedadlı aktyor “Cəza” (1996, tammetrajlı film-tamaşa), “Nekroloq” (2001, tammetrajlı film-tamaşa), “Dəvətnamə” (II) (2002, tammetrajlı film-tamaşa), “Qeybdən gələn səs” (2002, tammetrajlı film-tamaşa), “Yaşıl eynəkli adam 3” (2002, tammetrajlı film-tamaşa), “Yol yoldaşları” (2003, tammetrajlı bədii film), Mükafat (2004, tammetrajlı film-tamaşa), “Böyük ömrün davamı” (2007, tammetrajlı film-tamaşa), “Nuş olsun” (2008, animasiya filmi), “Mürafiə vəkillərinin hekayəti” (2011, tammetrajlı film-tamaşa), “Sübhün səfiri” (2012, tammetrajlı bədii film) kimi filmlərdə də xarakterik rollar oynamışdır.
Bundan başqa Azər Mirzəyev AzTV-də "Birimiz hamımız", "Xoş gördük, tələbə", "Sabahın ustaları" adlı verilişlərə ssenarilər yazırdı. Özü də o proqramlara aparıcılıq edirdi.
Azər Mirzəyev 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti fəxri adına layiq görülüb.
Aktyor 19 iyul 2014-cü ildə ürək çatışmazlığından dünyasını dəyişib. O, uzun müddət idi ki, insult və ürək çatışmazlığından əziyyət çəkirdi. Bakı şəhərində vəfat edən aktyor Sabirabad rayonunda dəfn olunub.
Azər Mirzəyevin son günü ilə bağlı sualları mərhumun bacısı Esmira Mirzəyeva və yaxın dostu, aktyor Yasin Qarayev cavablandırıb.
Mərhumun bacısı Esmira Mirzəyeva: “Azər yaxşı oğul, qardaş, ailə başçısı, övladlarına yaxşı ata idi. Hədsiz zarafatcıl insan idi. Azər çox gözəl qardaş idi. Hər səhər mütləq bizə zəng edib hal-əhvalımızı soruşardı. İndi onun zənginə çox həsrətəm”.
Bacısı deyir ki, Azər Mirzəyev yubiley yaşlarını qeyd etməyi sevirdi: “Onun 50 illik yubileyi televiziya səviyyəsində keçirildi. 2012-ci ildə isə 60 illik yubileyini ailə, qohum, dost-tanış arasında keçirdi. Bəzən deyirlər ki, yubiley yaşını qeyd etmək düşərli olmur, doğrudan da belə oldu”.
Ad gününün ertəsi işdən evə gələn Azər Mirzəyev sol tərəfində keylik hiss etdiyini deyir. Ailə üzvləri həkim çağırır və Azər Mirzəyevin insult olduğu üzə çıxır.
Esmira xanım: “Azər 1 il 8 aya qədər xəstə oldu. Xəstə olduğu müddətdə ssenarilər yazırdı, amma evdən çıxa bilmirdi. Bir dəfə Akademik Milli Dram Teatrında sənət dostlarından birinin yubileyi qeyd olunurdu. Azəri də dəvət etmişdilər. Çətin yeriyirdi, amma Azər o yubileyə getdi. Daha çox ayağından əziyyət çəkirdi. Sonra isə yavaş-yavaş beyninə qan sızdı”.
Azər Mirzəyevin yaxın dostu, Xalq artisti Yasin Qarayev onunla Mədəniyyət və İncəsənət Universitetində eyni dövrdə təhsil alıb: “Mən universitetə Azərdən əvvəl qəbul olunmuşdum. Azər dram və kino aktyorluğu fakültəsində oxuyurdu, mən isə musiqili komediya aktyorluğunda. İkimiz də 1974-cü ildə universiteti bitirdik”.
“1974-cü ildə-biz Gənc Tamaşaçılar Teatrına gəldiyimiz dönəmdə bilmədiyim səbəbdən 15-16 nəfər teatrdan ayrılmışdı. Bizim gəlişimiz sanki o boşluğu doldurdu”.
“Azər çox yaxşı insan, əsl sadiq dost idi. Gülşənlə də tələbə yoldaşı olmuşdu. Sonralar bu yoldaşlıq dostluğa çevrilmişdi. Həm də mülayim xasiyyətli insan idi. Məsələn, mən hesab etmirəm ki, ətrafından kiminsə Azərdən xoşu gəlməyəydi. Həddindən artıq zarafatcıl idi. Kimisə qanıqara görsəydi həmin dəqiqə zarafat edər, onun könlünü açardı”.
“Azərin son günündə bizim kollektivin 5-6 nəfər işçisi – o vaxtkı müdirimiz Mübariz Həmidov, Almaz Mustafayeva, Şəfəq Əliyeva, mən və digərləri – onun yanına getmişdik. Biz Azərlə görüşməyə gedəndə o çox pis vəziyyətdə idi, hissiyatı yox idi, adam tanımırdı. Girdik yanına, anası bizi görüb qışqırdı ki, “Azər dostların gəlib!”. Mən qabağında diz çökdüm, əlini tutdum, anası “Yasin gəlib!” deyəndə hissiyatı olmayan insanın gözünün altı tərpəndi. İnsult olandan sonra onda bu hal başlamışdı, sinir sistemində problem yaranmışdı və gözünün altı atırdı. Mən onun əlini tutanda bunu hiss elədi, gözü tərpəndi və gördüm ki, əlimi qaldırıb öpmək istəyir, qoymadım.
Bizimlə İradə adlı işçimiz də Azərə baş çəkməyə getmişdi, inanclı xanım idi. O baxdı və “Azər, kəlmeyi-şəhadət oxuyaqmı?!”,- dedi. Azər onun gözünün içinə baxıb işarə elədi ki, “hə”. İradə kəlmeyi-şəhadəti deyirdi və Azərin də dodaqları tərpənirdi. Hiss edirdik ki, içində oxuyur. İncəsənət aləmində yeganə insan sanıram ki, Azər kəlmeyi-şəhadətini aktyor dostları ilə birgə oxudu”.
Allah Azərə rəhmət eləsin.

İ.DƏMİRQAYA,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter