Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Nizami kəndində Nizami kənd inzibati ərazi dairəsinə daxil olan Nizami, Nəsimi, Rüstəmli, Qardaşkənd, Hacıbəbir və Çöl Dəllək kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siqaqəddin Cabbarov çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Mirzəbaba Babayev, Kazım Cəbrayılov, Cavid Əliyev və başqaları kəndin mövcud problemlərdən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon icra hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.