Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonun Cavad kənd sakinləri ilə səyyar görüş-qəbul keçirmişdir.
Görüş-qəbulda hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır.
Sonra kənd sakinləri şəhid atası Fuad Abbasov, Taleh Nuriyev, Sərhəd Məmmədov, Rafiq Hüseynov və başqaları çıxış edərək onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürmüşlər.
Kənd sakinləri görüş-qəbul zamanı əkin sahələrinin su ilə təminatının yaxşılaşdırılmasını, bələdiyyənin ehtiyat fondundan icarə qaydasında torpaq sahələrinin ayrılmasını və s. xahiş etmişlər.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.