Böyük və şərəfli tarixi keçmişi olan, tarixdə buntürk adı ilə tanınan Ahıska türkləri vaxtilə Gürcüstanın Türkiyə sərhəddi boyu yaşayırdılar. 1944-cü ilin noyabrında öz dədə-baba torpaqlarından qoparılıb “siyasi əqidəsinə” görə müəmmalı şəkildə Orta Asiyaya, Qazaxıstana, Sibirə sürgün olunmuşdular. Ahıska türkləri qürbətdə yaşasalar da ürəkləri daim Vətən həsrəti ilə döyünüb. Vətənə bağlılıq, Vətən həsrəti hissini onlara unutdurmaq mümkün deyil. Bir neçə dəfə köçürülmələrə məruz qalmış Ahıska türkləri Azərbaycanda da məskunlaşmışlar. Mədəniyyətimizin görkəmli nümayəndələri Ömər Faiq Nemanzadə, Əli Səbri, professor Fuad bəy Əfəndiyev, Sovet İttifaqı Qəhrəmanı Bəkir Mustafayev və başqaları Ahıska türklərindəndir.
Ahıska türkləri Sabirabad rayonunun Əhmədabad kəndində də sıx halda yaşayırlar. Kənd 1961-ci ildə yaranmışdır. Bu kəndin adının haradan qaynaqlandığı barədə tarixi mənbələrdə məlumat yoxdur. Amma vaxtilə Navadan kəndində (indiki Nərimankənd) dünyagörmüş yaşlı bir kişi (təəssüflər olsun ki, adını unutmuşam) mənə demişdi ki, Ahıska türkləri məskunlaşmamışdan əvvəl bu ərazinin yaxınlığında Əhmədabad adında kənd olub. Onun sözlərinə görə həmin kəndin əsasını Əhməd adlı bəy qoyub. Bu fikir nə dərəcədə doğrudur, deyə bilmərəm. Amma onu bilirəm ki, Azərbaycan toponimlərində şəxs adlarının əksəriyyəti keçmişdə yaşamış bəylərin adlarıdır. Həmin kəndlərin ilk sakinləri də bu bəylərin rəiyyəti olmuşlar. Deməli, onun sözlərində həqiqət vardır.
1962-ci ildə kəndə ilk dəfə yol çəkilmiş və su kanalları qazılmışdır. 1964-cü ildə elektrik xətləri çəkilmişdir. Səkkizillik və orta məktəb binaları 1968-ci və 1974-cü illərdə inşa edilmişdir. 1979-cu ildə kəndin əsas yolu və 1980-ci ildə həkim məntəqəsi istifadəyə verilmişdir və s.
Əhməd Muradovla
söhbətimizdən...
Yazı-pozu adamı kimi işimlə əlaqədar vaxtilə Əhmədabad kəndində çox olmuşam. “Avrora” kolxozunun sədri olmuş mərhum Əhməd Muradovla, əmək adamları ilə çox söhbətlər etmişəm. Onların əmək fəaliyyəti barədə məqalələr yazmışam. Bu o vaxtlar idi ki, ötən əsrin 70-ci illərində “Avrora” kolxozu qabaqcıl təcrübəni, elmin nailiyyətlərini istehsalatda düzgün tətbiq edərək, əkinçiliyin inkişafında, xüsusilə taxılçılıqda nailyyətlər qazanmışdı. Kolxoza onun təşkil olunduğu gündən bacarıqlı kənd təsərrüfatı mütəxəssisi Əhməd Muradov başçılıq edirdi. Bir dəfə söhbətimizin əvvəlində taxılçılıq barədə qazanılan nailiyyətlərdən danışarkən Əhməd Muradov bunları söyləmişdi:
-Kolxozumuzda nümunənin gücünə hamı inanır. Qabaqcıl iş üsullarının tətbiq edilməsi bir sünbülün yerində ikisini yetişdirməyə imkan verir.
Sədr daha sonra öz təcrübəsindən misal gətirərək demişdi:
-1972-ci illərin axırları idi. Azərbaycan SSR kənd təsərrüfatı əməkçiləri nümayəndə heyətinin tərkibində mən də Qazaxıstana getmişdim. Cambul vilayətindəki əkinçilik təcrübə stansiyasında “Qafqaz” buğda sortundan yüksək məhsul yetişdirilməsi təcrübəsi məni çox maraqlandırdı. Axı orada bu buğda sortundan hər il yüksək məhsul götürülürdü. Hər hektardan 50-55 sentner və daha çox. Biz bunun sirrini soruşduq.
- Bol taxıl məhsulunun sirri yaxşı sort, herik şumu, yüksək aqrotexnika, üstəgəl gübrələmədir,-dedilər.
Biz də onların təcrübəsini öz təsərrüfatımızda tətbiq etməyə başladıq. Nəticədə hər hektardan 54 sentner taxıl götürdük.
Qeyd etmək lazımdır ki, bu təsərrüfatda Əhməd Muradov başda olmaqla əmək adamlarından Ömər Muradov, Əlləz Məmmədov, Zeynal Bilalov, Alim Rüstəmov, Yazdan Əhmədov, partiya təşkilatı katibi İsa Əlləzov (sonralar kolxozun sədri olub) və başqaları böyük ad-san, nüfuz qazanmışdılar. Onların hamısı orden və medallarla mükafatlandırılmışdılar. Dünyasını dəyişənlərə Allah rəhmət eləsin, yaşayanlara can sağlığı versin.
Ulu Öndər kolxozçulara
faydalı məsləhətlər verir, əməli köməkliklər göstərirdi
Əhmədabad kəndinin ağsaqqalı, vaxtilə “Avrora” kolxozunun sədri işləmiş İsa Əlləzov keçmiş xatirələrini dilə gətirərək bunları söylədi:
-Ulu Öndər Heydər Əliyevin sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi illər respublikamızın qızıl dövrü olmuşdur. Onda hər bir adam öz işini, öz yerini bilirdi. Bütün sahələrdə o qədər ciddi nizam-intizam, işə məsuliyyət hissi var idi ki...Hamının zəhməti layiqincə qiymətləndirilirdi. Adamlar xırda hisslərlə yaşamırdılar. Sözün yaxşı mənasında böyük bir rəqabət vardı. Hamı dərk edirdi ki, öz işi ilə Vətənə sədaqətlə xidmət edən hər bir kəs respublika rəhbərinin diqqətindən yayınmırdı. Onun yorulmaz iş rejimi hamıya nümunə idi. Respublikamıza rəhbərlik etdiyi illərdə tez-tez rayonumuzda olur, kənd adamları ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Ulu Öndər “Avrora” kolxozuna dəfələrlə gəlmişdi. Pambıq tarlasının düz ortasınacan gələr, məhsuldarlıqla maraqlanardı. Pambıqçılarla süfrə arxasında oturub çay içər, səmimi söhbət edərdi. Halal zəhmət adamlarına daim arxa duran, kömək olan Ulu Öndərin rayona, eləcə də kəndimizə hər gəlişi bir çox problemin həllinə təkan verirdi. Ümummilli Lider Heydər Əliyev kolxozçulara faydalı məsləhətlər verir, əməli köməkliklər göstərirdi.
İsa Əlləzov onu da vurğuladı ki, Ümummilli Lider Heydər Əliyevin məmləkətimizə rəhbərlik etdiyi dönəmdə illər ötdükcə pambıq sahələri genişləndirilmiş, onun becərilməsi texnologiyası təkmilləşmiş, məhsul istehsalı, məhsuldarlıq qat-qat artmışdır və bu sahədə yüksək zirvələr fəth edilmişdir. 1981-ci ildə “Avrora” kolxozu yüksək nəticə qazanmışdır. 1800 tondan çox pambıq istehsal edilərək hər hektardan 43,5 sentner məhsul götürülmüşdü.
Əkinçilik və heyvandarlıq məhsulları ilbəil artır
RİHB-nin Əhmədabad kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Xaqani Qasımov indiki uğurlardan danışdı:
- Hazırda ölkəmizdə pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi həmin sahə ilə məşğul olan fermerlərin bu qiymətli bitkinin əkininə marağını daha da artırmışdır. Ölkəmizdə, rayonumuzda olduğu kimi, bizim dairədə də pambığa münasibət xeyli yaxşılaşmışdır. İndi Əhmədabad kəndində bir sıra fermer təsərrüfatları pambıq əkini sahələrinin məhsuldarlığının, keyfiyyətinin yüksəldilməsi üçün mütərəqqi nə varsa hamısının həyata keçirilməsinə səy göstərirlər.
Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı ildə pambıqçılığın inkişafı ilə bağlı xüsusi tapşırığı olmuşdur. Əhmədabad kənd inzibati ərazi dairəsində pambıqçılığın inkişaf etdirilməsi, ölkə rəhbərinin tapşırığının layiqincə yerinə yetirilməsi üçün bir sıra tədbirlər həyata keçirilmişdir. Nəticədə yüksək nailiyyətlər qazanılmışdır. Torpaq mülkiyyətçiləri ilbəil məhsul istehsalını artıraraq pambıqçılığın itirilməkdə olan şöhrətinin bərpasına nail olmuşlar.
2016-cı ilədək kənddə cəmi 18 hektar sahədə pambıq əkilirdi. Torpaq mülkiyyətçiləri 2016-cı ildə 80 hektar sahədə pambıq yetişdirməyə başladılar. Həmin ildə 154 ton pambıq tədarük edildi. 2017-ci ildə 443 ton, 2018-2019-cu illərdə isə 1000 tonadək pambıq istehsal edilmişdir. Ötən il 321 hektar sahədə pambıq yetişdirən torpaq mülkiyyətçiləri 1040 ton məhsul tədarük etmişlər.
Ayrı-ayrı fermerlər yüksək məhsuldarlığa nail olmuşlar. Torpaq mülkiyyətçilərindən Kərim Dərvişov, İbrahim Muradov, Nəzakət Farukova, Mustafa Şaburov, Ümid Allazov hər hektardan 55-60 sentnerədək pambıq istehsal etmişlər.
Fermerlər torpaq sahələrini genişləndirmədən intensiv metodlar əsasında yüksək məhsuldarlığa nail olmaq niyyətindədirlər. Odur ki, onlar bu il 308 hektar sahədə pambıq yetişdirərək hər hektardan 40 sentner məhsul götürməyi qarşılarına məqsəd qoymuşlar. İndi sahələrdə son becərmə işləri aparılır. Becərmənin sürətini artırmaq üçün imkanlardan bacarıqla istifadə edilir. Eyni zamanda pambıq yığımına da mütəşəkkil hazırlıqla başlamaq üçün bütün səylər birləşdirilir.
Kəndin taxılçıları keçmiş ənənəni indi də davam etdirirlər. İbrahim Paşalıyev 2018-ci ildə əkib-becərdiyi sahənin hər hektardan 50 sentner taxıl istehsal edərək “Tərəqqi” medalına layiq görülmüşdür. O, eyni zamanda kombaynçıdır. Biçin zamanı İbrahim Paşalıyevi boş dayanan görməzsən. Torpaq mülkiyyətçilərinin pay torpaqlarında çalışır. Yaxşı işinə görə onu ətraf rayonlara da dəvət edirlər.
Kəndin digər əmək adamı Baxşı Abdıyev isə hektarların məhsuldarlığını 52 sentnerə çatdıraraq ötən il kəndin taxılçıları arasında ən yüksək göstəriciyə nail olmuşdur. O, bu il də ötənilki göstəricini təkrarlamışdır.
Kənddə aqrar sahənin digər bölmələri ilə yanaşı, heyvandarlığın inkişafına da xüsusi diqqət yetirilir. Rayonda bu sahənin inkişafını sürətləndirmək, heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni-yeni heyvandarlıq təsərrüfatları yaradılır, mal-qaranın cins tərkibi yaxşılaşdırılır. Həyata keçirilən tədbirlər sayəsində kənddə heyvanların baş sayı, məhsul istehsalı ilbəil artır. İribuynuzlu mal-qaranın sayı 2169 baş, xırdabuynuzlu heyvanların sayı isə 5399 baş təşkil edir.
Daha məhsuldar olan cins mal-qaranın yetişdirilməsi məqsədilə ölkəmiz müstəqillik qazandıqdan sonra respublikada ilk dəfə olaraq bu kənddə süni mayalandırma məntəqəsi yaradılıb. Mayıl Xazikov, Mustafa Abbasov, Cəfər Müxtəsimov, Yadigar Əsədov kəndin qabaqcıl heyvandarlarıdırlar.
Kənddə barama istehsalında da göstəricilər ildən-ilə artır. Cari ilin barama tədarükü tapşırığı yerinə yetirilmişdir. Kümçülərdən Telman Aslanov və Mail Əlləzov barama tədarükündə xüsusilə fərqlənmişlər.
İnkişaf yollarında
Ötən illər ərzində kəndin infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Əhmədabad kənd İnzibati Ərazi Dairəsi təbii qazla təmin edilmişdir. 5 kilometr uzunluğunda yol asfaltlaşdırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 45 bulaqdan ibarət modul tipli su durulducu qurğu əhalinin istifadəsinə verilmişdir.
Əhmədabad Folklor Evinin “Halay” folklor rəqs qrupu bir sıra rayon tədbirlərində yaxından iştirak etmişdir.
Kənddə iki məscid fəaliyyət göstərir. Burada 5 mağaza, 3 ictimai-iaşə obyekti, 2 maşın təmiri sexi, 1 bərbərxana və s. vardır.
Əhmədabad kənd inzibati ərazi dairəsində koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiya prosesinə başlandığı gündən indiyədək 95 faizdən çox vətəndaş peyvənd olunub.
ŞƏHİDLƏR
Azərbaycanda yaşayan Ahıska türkləri Qarabağ müharibəsi zamanı döyüşlərdə aktiv şəkildə iştirak etmişlər. Əhmədabad kəndindən 6 igid şəhidlik zirvəsinə yüksəlmişdir: Mühiddinov Gədir Vəhto oğlu (1974-1992), Şabanov Bahadur Əmirşah oğlu (1974-1993), İsmayılov Mizam Əmri oğlu (1974-1994), Mərdəliyev Xalid Hafiz oğlu (1963-1995), Xurşudov Rövşən Aslan oğlu (1978-1998), Muradov Elxan Murad oğlu (2001-2020).
Qarabağ müharibəsi əlilləri Abdulla Eyyubov, Sabir Paşalıyev torpaqlarımızın müdafiəsi uğrunda şücaət göstərmişlər.
Vətən müharibəsinə könüllü gedənlər arasında Əhmədabad kəndinin də igid oğulları olmuşdur. Onlar mərdliklə vuruşmuşlar. Həmin dövrdə əsgəri xidmətdə olmuş Elxan Muradov torpaqlarımızı yağı düşməndən azad edərkən qəhrəmancasına şəhid olmuşdur.
Digər əsgər Mövlud Muştakov yaralansa da yenidən döyüşə yollanmış, düşmənə həddini qandıraraq sağ-salamat geri dönmüşdür.
***
Problemlər də mövcuddur
Əhmədabad kəndində problemlər də vardır. Əhmədabad kənd tam orta məktəbinin binası bərbad vəziyyətdədir. Yeni məktəb binasının tikintisinə ehtiyac vardır. Əhmədabad kəndində elektrik xətləri köhnəlib, dirəklər sıradan çıxıb. Yağış yağanda, külək əsəndə kənddə sakinlər işıqsız qalırlar. Kəndin çox yerində naəlac qalıb elektrik xətlərini ağac budaqları ilə aparmışlar. Odur ki, elektrik dirəklərinin və naqillərinin yenilənməsinə ciddi ehtiyac vardır.
Elçin NƏSİB,
“Muğanın səsi”