- Telefon kodu - 2334, 2335
- Poçt indeksi - AZ5436, AZ5446
- Ərazisi - 5457 hektar
- Əhalinin sayı - 6191
- Təsərrüfatların sayı –1473
- Əkin sahəsi 4491 hektar,
o cümlədən,
həyətyanı sahə - 476 hektar
bələdiyyə torpaqları - 810 hektar
- 2672 hektar pay torpağı
866 nəfər arasında
bölüşdürülmüşdür
Bu dairənin ərazisində XIX əsrin ortalarından “malokan”lar yaşayıb. Sonralar onlar ərazidən müxtəlif səbəblərdən uzaqlaşıblar. Ötən əsrin ikinci yarısında Cəlilabad rayonunun İranla sərhəd kəndlərində yaşayan bəzi tayfalar bu dairənin ərazisinə köçürülmüşdür.
Şəhriyar kənd İnzibati Ərazi Dairəsi 3 kənddən - Şəhriyar, Xəlfəli, Axtaçı kəndlərindən ibarətdir.
Şəhriyar: Dairənin mərkəzinə 1 sentyabr 2004-cü ildə o taylı, bu taylı dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın (əvvəlki adı: Aleksandrovka) adı verilmişdir.
Xəlfəli: Yerli əhalinin əksəriyyəti Şahsevən tayfalarındandır. Onlar Şah Abbasın hakimiyyətə gəlişindən sonra Şimali Azərbaycana köçüblər. Kolxoz sistemi yaranandan sonra əhalinin tərəkəmə həyat tərzinə son qoyulmuş, kənddə oturaq həyat tərzinə keçilmişdir.
Axtaçı: Muğan ərazisində yaşayan Padar elinin bir qolu “Axtaşı” adlanıb.
Sovet hakimiyyəti dövründə bu dairənin ərazisində Telman adına kolxoz fəaliyyət göstərmişdir. Kolxoz qabaqcıl təsərrüfatlardan olmuşdur.
Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Telman adına kolxozda dəfələrlə olmuş, buranın zəhmət adamları ilə görüşmüşdür.Ulu Öndər Heydər Əliyev Ağayar Qurbanovu yaxından tanıyıb
Dairədə olarkən Şəhriyar kəndində ağsaqqallarla görüşüb söhbət etdik. Kənd sakinləri Hüseynxan Muradov, Həmid Məmmədov, Ağaverdi Amanov vaxtilə Telman adına kolxoxda sədr işləmiş mərhum Ağayar Qurbanov haqqında ürək dolusu məhəbbətlə xoş xatirələr danışdılar.
Dedilər ki, elin yaddaşında yaşayan unudulmaz insanlardan söz düşəndə mərhum Ağayar Qurbanovu həmişə ehtiramla xatırlayırıq.
Öyrəndik ki, o, çox erkən zəhmətə qatlaşıb. İlk dəfə 1942-ci ildə traktorun sükanı arxasında oturanda 15 yaşı olub. Yer şumlayıb, pambıq əkib, kultivasiya çəkib, maşınla məhsul yığıb, əkin suvarıb, taxıl biçib, ot çalıb. Şöhrətin, ad-sanın təməlini də elə o vaxtlarda qoyub. Onu Sabirabad rayonunda keçmiş Lenin adına kolxozda (sonralar həmin təsərrüfat onun adını daşımışdır) geridə qalan pambıqçılıq briqadasına briqadir təyin ediblər. Ağayar Qurbanovun briqadası qısa müddət ərzində nəinki kolxozda, rayonda, hətta respublikada şöhrət qazanıb.
Tələbkarlığına, işə məsuliyyətlə yanaşdığına, təşkilatçılıq bacarığına görə o, 1970-ci ildə Telman adına kolxoza sədr seçilib və 1982-ci ilədək həmin vəzifədə çalışıb. Ağayar Qurbanov o dövrün ən yüksək mükafatlarına-orden və medallarına layiq görülüb. SSRİ Ali Sovetinin deputatı, Sov.İKP XXIII qurultayının, kolxozçuların III Ümumittifaq qurultayının nümayəndəsi olub.
Ağayar Qurbanov sədr işlədiyi illərdə Telman adına kolxoz maşınla məhsul yığımında ən qabaqcıl təsərrüfatlardan olub. Ulu Öndər Heydər Əliyev bu zəhmət adamını yaxından tanıyıb. Hər dəfə Sabirabada gələndə onun işlədiyi kolxoza gedərdi.
... Bir dəfə kolxozda olarkən onun əməyini yüksək qiymətləndirərək deyib ki, Telman adına kolxoz maşınla pambıq yığımında başqalarına nümunə göstərilməlidir.
Kəndin ağsaqqalları dedilər ki, Ağayar Qurbanov sadə, səmimi insan idi. Orden, medal alanda, deputat seçiləndə onda heç bir dəyişiklik hiss olunmazdı. Xeyirxah, haraya çatan adam olub. Lazım gələndə traktorçuya deyərdi ki, get, bir az istirahət elə, yorulmusan. Özü sükanın arxasına keçərdi. Uzunboğaz rezin çəkməsi, bir də əl fanarı var idi. Bir də görürdün ki, kolxozçularla çiyin-çiyinə gecə tarla suvarır.
Onlar vurğuladılar ki, Telman adına kolxozda heç iki il sədr işləyə bilmirdilər. Amma Ağayar Qurbanov bu təsərrüfatda 11 il sədr oldu. Həmin illərdə kolxozu qabaqcıl təsərrüfatlar sırasına çıxartdı. Onu camaatdan ayrı təsəvvür etmək olmazdı. Sadə insanlarla qaynayıb-qarışardı. Ağayar Qurbanov, necə deyərlər, bizə çörək verdi, camaatımızı firavanlığa çıxartdı.
Ağayar Qurbanov cəmi 55 il ömür sürsə də elin yaddaşında qalan, el sevgisi qazanan, şərəfli ömrü ilə insanların qəlbində, mənəviyyatında heykəl ucaldan insanlardan olub.
Aqrar islahatlardan
bəhrələnmişlərKolxozların fəaiyyətinə xitam verildikdən sonra əkin sahələri torpaq payı almaq hüququ olan vətəndaşlara paylanmışdır. Yeni iqtisadi sistemə keçid təsərrüfat struktutunu əsaslı şəkildə dəyişmişdir Digər yerlərdə olduğu kimi, Şəhriyar kənd İnzibati Ərazi Dairəsindəki kəndlərdə də aqrar islahatlardan bəhrələnmişlər.
Taxılçılığa münasibət xeyli yaxşılaşmışdır. Ötən il 1600 hektar sahədən bol məhsul götürülmüşdür. Hər hektardan məhsuldarlıq 42 sentnerə çatdırılmışdır. Fermerlərdən Fəxrəddin Səfərov, Əhmədağa Mirəliyev, Ağamusa Qasımov daha yüksək məhsuldarlığa nail olmuşlar. Taxılçılar cari ilin məhsulu üçün indidən möhkəm zəmin yaradırlar.
Keçən il 824 hektar sahənin hər hektarından 32,6 sentner pambıq istehsal edilmişdir. Torpaq mülkiyyətçilərindən Pənahalı Heydərov (47 sentner), Əvəz Əmirov (46 sentner), Faiq Güləliyev (45 sentner) əvvəlki ildə də yüksək göstəricilər qazanmışlar.
Heyvandarlıq sahəsində aparılan islahat nəzərə çarpacaq səmərə vermişdir. İribuynuzlu mal-qaranın, davarların baş sayında hər il artım müşahidə olunur. Hazırda kəndlərdə 6433 baş iribuynuzlu, 8944 baş xırdabuynuzlu heyvan bəslənilir. Səxavət Nurəliyev, Ədilağa Həsənov, Əlifağa Əsgərov heyvandarlıq sahəsində qabaqcıl fermerlər kimi tanınırlar.
Lakin barama tədarükü tapşırığı kəsrdə qalmışdır. Kümçülərdən yalnız Habil Muradov, Əhliman Soltanov və Şamama Tapdıqova nəzərdə tutulan hədəfə çatmışlar.
İnkişaf yollarında
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Şəhriyar kənd İnzibati Ərazi Dairəsində bir sıra mühüm infrastruktur layihələri reallaşdırılır. Bu istiqamətdə xeyli işlər görülmüşdür. Kəndlər təbii qazla təmin edilmişdir.
Yenidən qurulan, asfaltlaşan yollar da sakinlərə böyük qayğının ifadəsidir. Modul tipli su durulducu qurğu əhalinin istifadəsinə verilmişdir.
Kəndlərdə elektrik təsərrüfatı yenidən qurulmuşdur. Elektrik naqilləri və dirəklər müasir üslubda yenilənmişdir. “Smart” kart, elektron tipli müasir sayğaclar quraşdırılmışdır.
Dairənin yaşıllıq səviyyəsinin keyfiyyətcə yüksək səviyyəyə çatdırılması məqsədilə kəndlərdə yol kənarlarında ağac və gül kolları əkilmişdir.
Şəhriyar kənd İnzibati Ərazi Dairəsində 3 məscid vardır. Dairədə Şəhriyar quşçuluq təsərrüfatı, 9 mağaza, 7 ictimai-iaşə obyekti, 4 bərbərxana, 2 maşın təmiri sexi, 1 yanacaqdoldurma məntəqəsi və s. fəaliyyət göstərir.
Problemlər
Şəhriyar kənd inzibati ərazi dairəsinin kəndlərində problemlər də mövcuddur. Şəhriyar və Axtaçı kəndlərinin məktəb binalarında əsaslı təmir işlərinin aparılmasına, Xəlfəlidə uşaq bağçasının təmirinə ciddi ehtiyac vardır.
Elçin NƏSİB,
“Muğanın səsi”
2-ci fotoda: Heydər Əliyev Ağayar Qurbanovun (sağdan ikinci) pambıqçılıq briqadasının qonağıdır. Sentyabr 1970-ci il.
3-cü fotoda: Şəhriyar kənd ağsaqqalları