Vətən müharibəsinin şəhidi Əhməd Əhmədlinin xatirəsi anılıb
- 21.01.2022, 13:26, Baxış sayı:
- 403
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən müharibəsində şəhid olan Əhmədli Əhməd Anar oğlunun xatirəsi yad edilib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Anım günündə şəhidin ailəsi ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, döyüşçü yoldaşları, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Çıxış edənlər bildiriblər ki, Əhməd Əhmədli 2001-ci ilin 20 yanvarında Sabirabad rayonunun Poladtuğay kəndində anadan olub.
Təhsilinin bir qismini Salyan rayonu Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbində, bir qismini isə Sabirabad rayonunun Poladtuğay kəndində Mahir İsmayılov adına tam orta məktəbində alıb və 2020-ci ilin 6 yanvarında hərbi xidmətə yollanıb.
Əsgərliyini Goranboy “N” saylı hərbi hissəsinin quru qoşunlarının daxilində çəkib.İri çaplı ağır silahdan atəş açmağın sirlərini dərindən öyrənib və atıcı kimi fərqlənib. Müharibə başlayanda Əhməd doqquz aya yaxın idi ki, düşmənlə sərhəddə xidmət edirdi, son vaxtlar daha çox mülki əhali yaşayan kəndlər hədəf seçilir, dinc əhali arasında ölən və yaralananlar olurdu. Bu hamı kimi əsgərlərimizin də qəzəbini alovlandırır, düşmənə olan nifrətini artırır, döyüş ruhunu yüksəldirdi.
Müharibə başlayanda haqq savaşına qalxan oğullardan biri də Əhməd idi. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində döyüşlərə qatılıb, üç oktyabr günü ağır və şiddətli döyüşlərdən birində şəhidlik məqamına ucalıb.
Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan əsgər Əhmədli Əhməd Anar oğlu ölümündən sonra “Vətən uğrunda “ medalı ilə təltif edilib.