Şəhidin ad günü məzarı yanında anıldı
- 06.04.2021, 08:25, Baxış sayı:
- 565
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda II Vətən müharibəsində qəhrəmancasına şəhid olan Sabirabad rayonunun Bulduq kənd sakini Əliyev Vahıb Ramiz oğlunun doğum günü uyuduğu kənd qəbiristanlığında məzarı yanında anılıb. Anım mərasimində rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhidin yaxınları, kənd sakinləri, qonşu kəndlərdən şəhid valideynləri iştirak ediblər. Yaşasaydı, Vahıbın 24 yaşı olacaqdı.
Mərasim iştirakçıları əvvəlcə şəhidin boya-başa çatdığı ata evinə gəlib, ailə üzvləri ilə görüşüb, başsağlığı verərək qayğıları ilə maraqlanıblar. Sonra kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə çiçəklər düzüblər.
Mərasimdə çıxış edənlər şəhid Vahıb Əliyevin keçdiyi qısa və şərəfli ömür yolundan danışıblar. Qeyd edilib ki, Vahıb 24 mart 1997-ci ildə Sabirabad rayonunun Bulduq kəndində anadan olub. Bulduq kənd tam orta məktəbini bitirib. 2015-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Gəncə, Ağstafa və Qazaxda xidmət keçib. Nümünəvi xidmətə görə bir neçə dəfə hərbi hissə komandirinın tərifnaməsini alıb. Bu ilin sentyabrın 29-da könüllü olaraq Vətən müharibəsinə yola düşüb.Qubadlı uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə medalla təltif olunub.
Çıxışlarda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ötən ilin sentyabrın 27-də başlanan və 44 gündə qələbə ilə başa çatan Vətən müharibəsinin tarixi əhəmiyyətindən də danışılıb, Vahıb və onun kimi şəhidlərimizin qanının yerdə qalmadığı söylənilib.
Şəhid Vahıbın anası Dilfudə xanım övladı ilə fəxr etdiyini söyləyib, şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib.