Şəhidlərin xatirəsi anılıb
- 29.09.2021, 14:59, Baxış sayı:
- 464
Facebook
Вконтакте
Одноклассники
Google+
Vətən müharibəsi şəhidləri Əliyev Asim Asəf oğlunun və Ağayev Ramil Ağarəhim oğlunun doğum günü uyuduqları qəbirstanlıqlarda ehtiramla yad edilib.
Anım mərasiminə gələn rayon rəsmiləri, ictimaiyyət nümayəndələri, şəhidin dostları və ailə üzvləri Asim Əliyevin və Ramil Ağayevin məzarı üzərinə çiçəklər düzüb, xatirəsini ehtiramla anıblar. Mərasimdə çıxış edənlər vətənpərvər, el-obaya bağlı olan şəhidlərin həyat tarixçələrindən xatirələr söyləyib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb, Asimin, Ramilin və onlar kimi digər şəhidlərimizin qanının yerdə qalmadığını, 44 gündə düşmənin diz çökdürüldüyünü vurğulayıblar.
Şəhidlərin valideynləri şəhidlərimizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirib, mərasimə gələnlərə təşəkkür ediblər.
Qeyd edək ki, Əliyev Asim Asəf oğlu 17 sentyabr 1998-ci ildə Sabirabad rayonunun Əsədli kəndində anadan olub. Orta məktəbi də bu kənddə bitirib. 2016-ci ildə Daxili Qoşunların Bakıdakı N. saylı hərbi hissəsində qulluq keçib. 2020-ci ilin sentyabrın 25-də könüllü olaraq Dağlıq Qarabağ uğrunda müharibəyə səfərbər olunub. Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndi uğrunda gedən qanlı döyüşlərdə mərdlik, şücayət göstərərək şəhid olub. Ailənin tək övladı olan Asim yenicə evlənmişdi. Özündən sonra bir qız övladı qalmışdır.
Ağayev Ramil Ağarəhim oğlu 20 sentyabr 1994-cü ildə Sabirabad şəhərində anadan olub. N. Gəncəvi adına Sabirabad şəhər 5 saylı tam orta məktəbin və Memarlıq İnşaat Universitetinin məzunu olub. Daxili Qoşunların Bakıda yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmət keçib. Ötən ilin sentyabrın 29-da hərbi xidmətə səfərbər olunub. 3 günlük təlimlərdən sonra ön cəbhəyə yola salınıb. Əvvəl Füzuli istiqamətində döyüşüb. Xüsusi xidmətlərinə görə təşəkkür belə alıb. Oktyabrın 9-da isə Hadrut uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ramil ailənin tək oğlu idi. İki il idi ki, ailə həyatı qurmuşdu. İndi şəhid Ramildən qız övladı yadigar qalıb.
Hər iki şəhid ölümlərindən sonra Prezidentin Sərəncamı ilə medallarla təltif olunublar.
“Muğanın səsi”