Düşmənə rəzalət damğası vuran, bizə qürur yaşadan mərd Vətən oğullarından biri də Əhməddir.
Əhmədli Əhməd Anar oğlu 20 noyabr 2001-ci ildə Sabirabad rayonunun Poladtuğay kəndində anadan olub. Poladtuğay kənd tam orta məktəbini bitirib, hərbi xidmətə yollanıb.
Əhmədin atası Anar Əhmədov oğlunu belə xatırlayır:
-Əhmədi hərbi xidmətə yola salanda müharibənin başlayacağını ağlımıza belə gətirmirdik. Oğlum əsl vətənpərvər idi. Xalqını və torpağını çox sevirdi. Hər cəhətdən mükəmməl idi. İstər zəhmət, istərsə də dözüm cəhətdən.
Əhmədin əsgəri xidmətə getdiyi 9 ay idi ki, İkinci Qarabağ müharıbəsi başladı. Müharibənin ilk günlərindən düşmənlə döyüşə atıldı. Vətəni, torpaqlarımızı qorumaq hər birimizin borcudur. Mən özüm də silahlanıb düşmən qarşısına çıxmağa hazır idim. Anasının daha çox darıxdığını görüb, Əhmədlə telefon bağlantısı yaratmağa çalışdım. Nəhayət, əlaqə yarada bildim. Çox qısa danışdıq. Hal-əhvalını soruşdum. Sonda “Siz də döyüşə qatılmısınız?” sualına amiranə cavab verdi: “Ayıb olar ki!”,- dedi. Düzü, həyəcanlandım. Gözlərim doldu. Onunla fəxr etdim. Ürəyimdə isə “Halal olsun sənə, oğlum”, - dedim. Həmin andan onun səsi və sözləri yaddaşıma birdəfəlik həkk olundu (araya sükut çökür). Onu da deyım ki, hər şəhidin bir taleyi var. Müharıbə Qələbə ilə başa çatandan sonra da uzun müddət Əhməddən bir xəbər almamışdıq.Təsəvvür edin ki, ailəmiz hansı hissləri yaşayıb. Anası sübh açılar-açılmaz küçə qapısının kəndarında durub hey bu sözləri deyirdi: “Hamının balası gəldi, bəs mənim balam hanı?”
Əslində Əhməd oktyabrın 3-də şəhid olubmuş. Lakin DNT analizi, şəxsiyyətini təyin etmək xeyli çəkib. Onunla bir yerdə olanların çoxu şəhid olubmuş. Yanvarın 6-da kəndimizdə torpağa tapşırdıq. Dünən şəhidlər verməsəydik, bu gün Qələbə bizimlə olmazdı.
Atasının dediyinə görə Əhməd döyüşlərə Goranboyun Yuxarı Ağcakəndindən qatılıb. Talış, Suqovuşan, Goranboyun Gülüstan tərəfdən Murov istiqaməti üzrə gedən döyüşlərdə iştirak edib və burada da yoldaşları ilə birgə şəhid olub. Məkanları cənnət olsun!
Nə yaxşı ki, bu gün şəhid ailələrinə də, qazilərə də dövlət və xalq səviyyəsində ali ehtiram və böyük qayğı göstərilir. Əlbəttə, bu, belə də olmalıdır və heç vaxt unutmamalıyıq ki, bizim onlara namus, qeyrət və şərəf borcumuz var.
Rauf QARAYEV,
“Muğanın səsi”