Sabirabad rayonunda Vətən müharibəsində qəhrəmanlıqları ilə seçilən şəhidlərin anım mərasimləri keçirilib.
Rayonun Zəngənə kəndində Fərid Nağıyevin , Bala Həşimxanlı kəndində Nüsrət Mehdiyevin şəhid olmalarının birinci ildönümü və Qaratəpə kəndində Toğrul Məmmədzadənin doğum günü qeyd edilib. Şəhidləri anım mərasimində ailələri ilə bərabər, rayon icra hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Nağıyev Fərid Poladxan oğlu 8 avqust 1999-cü ildə Zəngənə kəndində anadan olub. Orta təhsilini Zəngənə kənd tam orta məktəbində alıb. Əsgəri xidmət keçib. O, Vətən müharibəsinin ilk günlərindən döyüşə qatılanlar sırasında idi. 2020-ci ilin sentyabrın 28-də qəhrəmancasına şəhid olub.
Mehdiyev Nüsrət Telman oğlu 1999-cu il yanvarın 3-də Bala Həşimxanlı kəndində anadan olub. Kənd məktəbində orta təhsil alıb. Hərbi xidmət keçib. Qarabağın azadlığı uğrunda savaşıb və 2020-ci ilin sentyabrın 29–da şəhid olub.
Məmmədzadə Toğrul Pərviz oğlu 2001-ci il oktyabrın 1-də Qaratəpə kəndində anadan olub. Hərbi xidmətdə olarkən döyüşlərə qatılıb. O, bir çox uğurlu tapşırıqların icrasında şücaəti ilə seçilib. Ötən il oktyabrın 18-də şəhid olub.
Hər üç qəhrəman ölümlərindən sonra medallarla təltif ediliblər.
Şəhidlərin məzarları ziyarət edilib, ruhlarına dualar oxunub. Həmçinin şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gündə əldə etdiyi şanlı qələbədən söhbət açıblar. Qeyd edilib ki, məhz bu qəhrəman oğullarımız Vətənin harayına səs verərək, torpaqlarımızı yağı düşməndən azad etdilər. Şəhidlərimiz haqq döyüşündə ölümün gözünə dik baxaraq, gələcək nəsillər üçün qəhrəmanlıq dastanı yazdılar.