Nizami Gəncəvi adına 5 nömrəli Sabirabad şəhər tam orta məktəbində “Narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.
N.Gəncəvi adına 5 nömrəli Sabirabad şəhər tam orta məktəbində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyəti, rayon Polis Şöbəsi və Təhsil Şöbəsi ilə birlikdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məhsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışaraq ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıb: “Bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda, vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir”.
Rayon Polis Şöbəsinin rəisi Namiq Camalov, Təhsil Şöbəsinin müdir müavini Azər Quliyev çıxış edərək rayonda narkomaniyaya qarşı keçirilən tədbirlər, məktəblərdə görülən profilaktiki işlər barədə məlumat veriblər. Natiqlər narkomaniyanın cəmiyyətimizin və ümumilikdə, bəşəriyyətin bəlasına çevrildiyini bildirərək, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə həmçinin “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olunub, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Tədbirin yekununda iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar təqdim edilib.