Avqust 1977-ci il. Heydər ƏLİYEV Sosialist Əməyi Qəhrəmanı Zəminə Aslanovanın pambıqçılıq briqadasının üzvləri ilə.- Telefon kodu - 0212376
- Poçt indeksi - AZ5423
- Ərazisi - 2057 hektar
- Əhalinin sayı - 7697
- Təsərrüfatların sayı –1516
- Əkin sahəsi 1490 hektar,
o cümlədən,
həyətyanı sahə - 317 hektar
bələdiyyə torpaqları -
250 hektar
- 1017 hektar pay torpağı
5500 nəfər arasında
bölüşdürülmüşdür
KEÇMİŞƏ NƏZƏR
Qalağayın ən qədim etnotoponimlərdən biridir. “Qalaqayın” etnotoponiminin izahında fikir müxtəlifliyi mövcuddur.
Qədim əsrlərə aid tarixi mənbələrdə bildirilir ki, “qalaqayın” sözü qala və türkdilli kayın (qayın) tayfasının adından götürülmüşdür. Söz iki hissədən – “qala” və “qayın” sözlərinin birləşməsindən yaranaraq, “qayın qalası” mənasını verir.
Qalaqayın sözünün “qala” və “qayım” sözlərinin birləşməsindən yarandığı da iddia edilir. “Qayım” sözü qədim türk dilində (indi də bu sözə rast gəlinir) “möhkəm” deməkdir. Ona görə də bu sözün mənasının “möhkəm qala” olduğu göstərilir.
Bütün bunlardan bu nəticəyə gəlmək olar ki, tarixi ədəbiyyatlarda, toponimlərdə kain, qain, qayın kimi mövcudluğunu saxlayan tayfanın əsl adı elə qayı tayfasıdır.
Söz əslində “qayın qalası” yox, “qayıların qalası” formuluna daha çox yaxındır.
Balakənd kəndi Muğan düzündədir. Oykonim “bala” və “kənd” komponentlərindən düzəlib, “kiçik yaşayış məntəqəsi” deməkdir.
Həyatın hər üzünü görmüş, kollektivləşmə, repressiya illərinin, ikinci cahan savaşının, ondan sonrakı illərin canlı şahidi olmuş, ömrünün 58 ilini bir çox məsul vəzifələrdə çalışmış mərhum Bulud Qurbanov Qalağayın kəndinin keçmişi barədə vaxtilə bunları söyləmişdi: “Əvvəllər indiki Sabirabad şəhəri Qalağayın adı ilə tanınmışdı. Ruslar bura köçürüldükdən sonra Qalağayın Petropavlovka adlandırlmışdı. Yaxşı yadımdadır, yaşadığım Qalağayın kəndində məscidin minarə və gümbəzini sökmüşdülər. Orada “Çadra daloy” tədbirləri keçirilirdi. Hər dəfə qadınlar məscidə gedib çadralarını atırdılar. Kənddə kolxozun yaranması da yadımdadır. O vaxtlar bizim kəndin ərazisində iki kolxoz yaranmışdı. Əliqulu və Güləhməd ilk kolxoz sədrləri olmuşdular. Artellər təşkil olunması da xatirimdədir. Xalq arasında buna “tozlanma” deyirdilər. Artel yaratmaq üçün hərə bir əmlak qoyurdu. Mənim atam da balaca bir dana aparıb artelə üzv yazıldı. Kolxoza üzv yazılmaq istəməyən tək təsərrüfatları məcbur elətdirirdilər. Bunun bir nəticəsi olmadıqda isə kolxozun ümumi yığıncağı qərar çıxarırdı ki, qolçomaqlar kollektivləşməyə maneçilik törədirlər. Nəticədə onların malını, mülkünü müsadirə edirdilər. Hakimiyyət qorxu üzərində qurulduğundan adamların çoxu dövlətin qanunları ilə razılaşırdılar.
Kəndə ilk traktor gəlməsini də xatırlayıram. Traktorun torpağı yara-yara getməsinə möcüzə kimi baxırdılar. 26 Bakı Komissarı kolxozunda traktoru idarə etməyə qadınlar da həvəs göstərirdilər. Şəkər, Səkinə, Soltan kolxozun ilk qadın traktorçuları olmuşdular. Sonralar kəndimizdə staxanovçu, ilk briqadir olan Soltan Rüstəmova Ali Sovetin deputatı seçilmişdi”.
ŞƏHİDLƏR
Məmləkətimizin hər yerindən olduğu kimi, Qalağayın kənd İnzibati Ərazi Dairəsindən də igid oğullar Vətənimizin bu günü, sabahı üçün ürəklərini məşəl etmişlər. Onlardan 9 igid şəhidlik zirvəsinə yüksəlmişdir. Məmmədov Mehman Sahibəli oğlu (1971-1990) 20 Yanvar şəhididir. Əhmədov İltifat Səmidağa oğlu (1973-1993), Miriyev Sahib Paşa oğlu (1974-1993), Abuşov Fikrət Nərçə oğlu (1975-1993), Əliyev Bəxtiyar Məzlum oğlu (1974-1994), Məmmədov Elman Əlqənbər oğlu (1975-1994), Mirzəyev Elşən Barat oğlu (1975-1994) birinci Qarabağ müharibəsi şəhidləridirlər. Qarayev Süleyman Əlbağış oğlu (1995-2020), Əhmədov Bəhruz Səttar oğlu (1997-2020) ikinci Qarabağ müharibəsində torpaqlarımızın erməni qəsbkarlarından azad olunması zamanı qəhrəmanlıqlar göstərərək şəhid olmuşlar.
Bu dairədən Vətən müharibəsinə yollanaraq mərdliklə vuruşanlar sırasında Salahov Natiq Rasim oğlu da olmuşdur. O, torpaqlarımızın müdafiəsi uğrunda döyüşdə qəhrəmanlıq göstərərək hər iki ayağını itirmişdir.
AQRAR SAHƏ DİRÇƏLİR
Bu dairənin ərazisində aqrar islahatlar aparılanadək “Qalağayın” kolxozu (əvvəlki adı 26 Bakı komissarı adına kolxoz) fəaliyyət göstərmişdir. Kolxoz sovet dönəmində qabaqcıl təsərrüfatlardan olmuşdur. Yaxın keçmiş kolxozun əhatə etdiyi kəndlərin tarixinə sosial-iqtisadi həyatın geniş vüsət aldığı və bu baxımdan böyük nəticələr əldə olunduğu illər kimi daxil olmuşdur. Kəndlərin inkişafı, adamların yaşayışı, firavanlığı naminə xeyli işlər görülmüşdür. Ümumilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Qalağayında da dəfələrlə olmuş, kənd camaatı, zəhmət adamları ilə görüşmüş, onların qayğıları ilə maraqlanmışdır.
Kolxozun fəaiyyətinə xitam verilərək, əkin sahələri torpaq payı almaq hüququ olan vətəndaşlara paylanmışdır. Aqrar islahatlardan bəhrələnən torpaq mülkiyyətçiləri kənd təsərrüfati məhsulları istehsalında yüksək nəticələr qazanırlar.
Bu il 405 hektar sahədən bol taxıl istehsal edilmişdir. Hər hektardan məhsuldarlıq 41 sentnerə çatdırılmışdır. Fermerlərdən Möhübbət Vəliyev, Fətəli Əhmədov, Qardaşxan Hacıyev zəmilərin hər hektarından 48-50 sentner taxıl götürmüşlər..
Ötən il 240 hektar sahənin hər hektarından 38 sentner pambıq istehsal edilmişdir. Torpaq mülkiyyətçilərindən Qardaşxan Hacıyev, Mirsaleh Mənsimov, Əlibağış Qarayev, Səbiri Əhmədov ötən il daha yüksək məhsuldarlığa nail olmuşlar.
Cari ildə dairənin torpaq mülkiyyətçiləri 250 hektar sahədə pambıq yetişdirmişlər. Yığım kampaniyası mütəşəkkil təşkil edilən həmin kollektivlər bu il də yüksək göstəricilər uğrunda mübarizə aparırlar.
Heyvandarlıq sahəsində aparılan islahat nəzərə çarpacaq səmərə vermişdir. İribuynuzlu mal-qaranın, davarların baş sayında hər il artım müşahidə olunur. Hazırda kəndlərdə 3122 baş iribuynuzlu, 4080 baş xırdabuynuzlu heyvan bəslənilir. Məzahir Ələkbərov, Əsgər Mənsimov, Vəli Əliyev heyvandarlıq sahəsində qabaqcıl fermerlər kimi tanınırlar.
Baramaçılığın inkişafına da xüsusi əhəmiyyət verilir. Ötən il 380 kiloqram barama tədarük edilmişdir. Bu il isə kümçülər 401 kiloqram barama istehsal etmişlər. Kümçülərdən Seymur İmanov və Zahid Əhmədov barama tədarükündə daha çox fərqlənmişlər.
İNKİŞAF YOLLARINDA
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Qalağayın kənd İnzibati Ərazi Dairəsində bir sıra mühüm infrastruktur layihələri reallaşdırılır. Bu istiqamətdə xeyli işlər görülmüşdür. Kəndlər təbii qazla təmin edilmişdir. Yenidən qurulan, asfaltlaşan yollar da sakinlərə böyük qayğının ifadəsidir. 7 kilometr uzunluğunda yol asfaltlaşdırılmışdır.
Kəndlərdə elektrik təsərrüfatının yenilənməsi işləri həyata keçirilmişdir. Elektrik naqilləri və dirəklər müasir üslubda yenilənmişdir. “Smart” kart, elektron tipli müasir sayğaclar quraşdırılmışdır.
Dairənin yaşıllıq səviyyəsinin keyfiyyətcə yüksək səviyyəyə çatdırılması məqsədilə kəndlərdə yol kənarlarında ağac və gül kolları əkilmişdir.
Məmləkətimizin suverenliyi və ərazi bütövlüyü naminə canını qurban vermiş igid oğullarımızın uyuduqları Şəhidlər Xiyabanı dairənin ərazisində salınmışdır.
Sabirabad rayon Mərkəzi Xəstəxanası, “Muğansutikinti” ASC, “Azərişıq” ASC Sabirabad Elektrik Şəbəkəsi, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzi, Sabirabad Olimpiya İdman Kompleksi bu dairənin ərazisindədir.
Dairənin ərazisində yerləşən Sabirabad Sənaye Məhəlləsi də qeyri-neft sektorunun inkişafına təkan vermək və əhalinin məşğulluğunu artırmaq məqsədi daşıyır.
Qalağayın kənd İnzibati Ərazi Dairəsində 4 məscid vardır. Bundan başqa, burada “Seyid Rəsul Ağa ocağı” kimi tanınan ziyarətgah mövcuddur.
Kəndlərdə 50 mağaza, 17 ictimai-iaşə obyekti, 11 avtomobil təmiri sexi, 7 bərbərxana, 1 aptek və s. vardır.
Qalağayın kənd İnzibati Ərazi Dairəsində koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiya olunanların sayı gündən-günə artır. Prosesə başlandığı gündən indiyədək dairə üzrə 80 faizdən çox vətəndaşa vaksin vurulub.
TANINMIŞLAR
Mərhum Zəminə Sərdar qızı Aslanova 1 iyun 1940-cı ildə Sabirabad rayonunun Qalağayın kəndində kolxozçu ailəsində anadan olmuşdur. O, 26 Bakı komissarı adına kolxozda əvvəlcə sıravi pambıqçı, sonra isə briqadir işləmişdir. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil alaraq alim-aqronom ixtisasına yiyələnmişdir. Bakı Ali Partiya məktəbini bitirmişdir. 1996-1998-ci illərdə əvvəllər pambıqçılıq briqadiri işlədiyi “Qalağayın” ( 26 Bakı komissarı adına kolxoz) kolxozunun sədri vəzifəsində çalışmışdır.
Zəminə Aslanova 1976-cı ildən başlayaraq pambıqçılıq sahəsində yüksək əmək göstəriciləri əldə etmişdir. Uzun illər Azərbaycan KP Mərkəzi Komitəsinin plenum üzvü seçilmiş, 1976-1986-cı illərdə Sov.İKP MK-nın Təftiş Komissiyasının üzvü, həmçinin SSRİ Qadınlar Şurasının və SSRİ Həmkarlar İttifaqı Mərkəzi Şurasının plenum üzvü olmuşdur. Kolxozçuların 3-cü Ümumittifaq qurultayının(1969, Moskva), həmçinin Sov.İKP XXIV və Azərbaycan KP XXVIII və XXIX qurultaylarının nümayəndəsi olmuşdur. Azərbaycan KP MK Təftiş komissiyasının üzvü olmuşdur(1976). Azərbaycan SSR Ali Sovetinin (7, 8 və 9-cu çağırış) deputatı seçilmişdir. Uzun illər Sabirabad rayon PK-nin büro üzvü kimi fəaliyyət göstərmişdir..
Zəminə Aslanova Sabirabad rayon PK-nin büro üzvü olduğu dövrdə hər hansı məsələ müzakirə edilərkən daim haqq-ədalət tərəfdarı olmuşdur. Ömrü boyu məzlumlara, kasıblara arxa, dayaq durmuşdur.
Onun əməyi layiqincə qiymətləndirlmişdir. Zəminə Aslanova bir neçə dəfə Lenin, Oktyabr İnqilabı ordenləri və medallarla təltif edilmişdir. Azərbaycanın pambıq ustası (1973), 1976-cı ildə SSRİ Dövlət mükafatı laureatı olmuş, 1980-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adını almışdır. 1999-cu ildən Prezident təqaüdçüsü idi.
Bütün ömrünü yüksək ixtisaslı əczaçı kadrların hazırlanmasına, Azərbaycanın florasındakı dərman bitkilərinin öyrənilməsinə, elmi araşdırılmasına həsr etmiş, Respublikanın Əməkdar əczaçısı, əczaçılıq elmləri doktoru, professor mərhum İsrafil Dəmirov əslən Qalağayın kəndindən idi.
Əməkdar iqtisadçı, iqtisad elmləri doktoru, professor mərhum Bəybala Xankişiyev 10 oktyabr 1939-cu ildə Qalağayın kəndində doğulmuşdur. Respublikanın maliyyə, sığorta, iqtisadiyyat sistemində rəhbər vəzifələrdə çalışmış, bir sıra dərslik və tədris vəsaitlərinin müəllifi olmuş Bəybala Xankişiyev olduqca vətənpərvər, təəssübkeş və mərd insan idi.
Qalağayın kəndindən olan mərhum Hacı Hacıyev Prokurorluq sistemində çalışmış ilk sabirabadlı olmuşdur. O, ikinci cahan savaşında 416-cı Taqanroq atıcı diviziyasının tərkibində Berlinədək döyüş yolu keçmiş, igidliklər göstərərək, orden və medallarla təltif edilmişdir. Müharibədən gözdən əlil qayıtdığına görə prokurorluq sistemində işini davam etdirə bilməmişdir.
Seyid Rəsul Ağanın oğlu Mirhəmid Ağa, Mirtağı Həsənov da dairənin tanınmışları sırasındadırlar.
PROBLEMLƏR
Qalağayın kənd İnzibati Ərazi Dairəsinin kəndlərində problemlər də mövcuddur. Dairənin ərazisində içməli su, suvarma suyu sarıdan çətinliklər vardır. Kəndarası yollara çınqıl döşənməsinə, Qalağayın kəndində məktəb tikintisinə, tibb məntəqəsinin təmirinə ciddi ehtiyac duyulur.
Elçin NƏSİB,
“Muğanın səsi”