Tarixi mənbələri araşdırarkən Sabirabadın Qaralar kəndi barədə verilən məlumatlarda göstərilir ki, Muğanda bir sıra qədim tayfalarla yanaşı, Qaray tayfası da yaşamışdır. Qaray tayfasının mənbəyi məlum deyildir. Güman etmək olar ki, bu el əslində oğuzların Qaraköylü tayfasının adının təhrifidir. Qaray tayfası Qaralar kəndinin əsasını qoymuşdur. Bu kənd Sabirabadın qədim yaşayış məskənlərindən biridir. Bu kəndin adamları lap qədimdən əkinçilk və heyvandarlıqla məşğul olmuşlar. Aqrar islahatlar aparılanadək bu kənddə Tofiq İsmayılov adına kolxoz (keçmiş Kuybışev adına kolxoz) fəaliyyət göstərmişdir. Qaralar kəndi dairənin inzibati mərkəzidir. RİHB-nin Qaralar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də həmin ərazidə yerləşir. Nümayəndəlik 4 kəndi-Qaralar, Əsədli, Məmişlər və Qəfərli kəndlərini əhatə edir.
Qədimdə bu bölgənin adamları respublikamızın başqa yerləri kimi, torpaqdan şəxsi mülkiyyət formasında istifadə etmişlər. Bildiyimiz kimi, Sovet hakimiyyəti qurulduqdan sonra kollektivləşmə dövründə torpaq da, kənd əhalisinin əlində olan əmlak da kollektivləşdirilərək kollektiv təsərrüfat yaradılmışdır. Həmin təsərrüfatlar dövlət tərəfindən idarə edilmişdir. Sovet İttifaqının tərkibində olarkən Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan böyük nailiyyətlər əldə etmişdir. O cümlədən Sabirabad rayonu da, Qaralar kəndinin ərazisində yerləşən Kuybışev adına kolxoz da böyük əmək qələbələri qazanmışdır. Kolxoza Hacıbaba Hüseynovun sədrlik etdiyi dövrdə təsərrüfat 5 min tondan çox pambıq, 2 min tondan çox taxıl istehsal etmişdir.
Yaxın keçmiş kolxozun əhatə etdiyi kəndlərin tarixinə sosial-iqtisadi həyatın geniş vüsət aldığı və bu baxımdan böyük nəticələr əldə olunduğu illər kimi daxil olmuşdur. Kəndlərin inkişafı, adamların yaşayışı, firavanlığı naminə xeyli işlər görülmüşdür. Kolxoz öncüllər sırasında olmuş, qabaqcıl təcrübə məkanı kimi tanınmışdır.
Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə tez-tez Sabirabad rayonunda olur, kənd adamları ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Ulu Öndər Kuybışev adına kolxozda da dəfələrlə olmuş, buranın zəhmət admları ilə görüşmüşdür.
Lakin sonralar kənd təsərrüfatı sahəsində bu sistemin axsaması müşahidə olunmağa başlamışdır. Buna görə də aqrar islahatların aparılması zərurəti yaranmışdır.
Torpaqlar xüsusi mülkiyyətdə
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində kənd təsərrüfatında aqrar islahatlar aparılmış, xüsusi mülkiyyətə əsaslanan yeni istehsal formaları, özəl qurumlar əmələ gəlmişdir. Yeni iqtisadi sistemə keçid təsərrüfat struktutunu əsaslı şəkildə dəyişmişdir. Nəticədə Sabirabad rayonunda, habelə Qaralar kənd inzibati ərazi dairəsindəki kəndlər də aqrar islahatlardan bəhrələnmişlər. Tofiq İsmayılov adına kolxozun fəaiyyətinə xitam verilmişdir. 1392 hektar sahə torpaq payı almaq hüququ olan 4210 nəfər vətəndaşa paylanmışdır.
Aqrar islahatlar kəndliyə işıqlı yol açmış, sərbəst fəaliyyət göstərmələri üçün geniş imkanlar yaratmışdır. Hamı bilir ki, taxıl bolluğun açarıdır. Taxıl boldursa, adamların rifahı da yaxşıdır. Bu əsrlərdən keçib gələn həqiqətdir. Taxılçılığa münasibət xeyli yaxşılaşmışdır. Bu il 678 hektar sahədən 2848 ton arpa və buğda istehsal edilərək hər hektardan 42 sentner məhsul götürülmüşdür. Fermer Zeynəb Nəsirova daha yüksək məhsuldarlığa nail olmuşdur.
Vaxtilə pambıq bu kəndlərin ən aparıcı və ən gəlirli sahəsi olmuşdur. Kəndlinin çörəyi ondan çıxırdı. Qız köçürən, oğul evləndirən, özünə yurd-yuva quran gözünü pambıqdan gələn gəlirə dikirdi. Zəhməti, ağrı-acısı olsa da sevinci də az deyildi. Bu sahənin inkişaf etdirilməsi, pambığın əvvəlki şöhrətinin qaytarılması üçün məqsədyönlü tədbirlər görülür. Ötən il 188 hektar sahədən 620 ton pambıq istehsal edilmişdir. Torpaq mülkiyyətçisi Rüstəm Nəsirov ötən illərdə yüksək məhsuldarlığa nail olmuşdur. Hər hektardan 44 sentner məhsul götürmüşdür. Bu il daha yüksək göstəricilər uğrunda mübarizə aparılır.
Heyvandarlıq sahəsində aparılan islahat nəzərə çarpacaq səmərə vermişdir. İribuynuzlu mal-qaranın, davarların baş sayında hər il artım müşühidə olunur. Hazırda kəndlərdə 7500 baş iribuynuzlu, 9743 baş xırdabuynuzlu heyvan bəslənilir. Rəhman Nuriyev, Xanzadə Yaqubov heyvandarlıq sahəsində qabaqcıl fermerlər kimi tanınırlar.
Baramaçılığın inkişafına da xüsusi əhəmiyyət verilir. Barama tədarükü tapşırığı artıqlamasilə yerinə yetirilmişdir. Kümçü Fərəc Həsənov barama tədarükündə daha çox fərqlənmişdir.
Qaralar inzibati ərazi dairəsində bir çox sahibkarlıq obyektləri də fəaliyyət göstərir. İstixana şəraitində (sahibkar Səid Zülfüqarov) tərəvəz məhsulları yetişdirilir. 45 hektar sahədə bağçılıq təsərrüfatı (sahibkarlar Miribrahim və Zülfəli Zülfiqarovlar) yaradılmışdır. Kəndlərdə 6 ictimai-iaşə obyekti, 8 mağaza, 6 maşın təmiri sexi,1 aptek və s. vardır.
Dairədə bir sıra mühüm
infrastruktur layihələri reallaşdırılır
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Qaralar İnzibati Ərazi Dairəsində bir sıra mühüm infrastruktur layihələri reallaşdırılır. Kəndlər təbii qazla təmin edilmişdir. Yenidən qurulan, asfaltlaşan yollar da sakinlərə böyük qayğının ifadəsidir.
Kəndlərdə elektrik təsərrüfatında əsaslı işlər həyata keçirilmişdir. Elektrik naqilləri və dirəklər müasir üslubda yenilənmişdir. “Smart” kart, elektron tipli müasir sayğaclar quraşdırılmışdır. Lakin elektrik təsərrüfatının yenilənməsi işləri tam başa çatdırılmamışdır.
Qəfərli kəndində 40 şagird yerlik modul tipli məktəb tikilib istifadəyə verilmişdir.
Qaralar kəndində fəaliyyət göstərən “P-Aqro” MMC Sabirabad filialı (direktor Xalid Məmmədov) 2017-ci ildə tikilib istifadəyə verilmişdir. Pambıq qəbulu 8 min ton təşkil edir. Həmin obyekt genişləndirilərək gələcəkdə zavod kimi istismara buraxılacaqdır.
Məmişlər kəndində “SEDA” qeyri-hökumət təşkilatının və Məmişlər icmasının vəsaiti hesabına 2 layihə həyata keçirilmişdir. Həmin layihə əsasında yeni tibb məntəqəsi və “Sudtoplama məntəqəsi” tikilərək vətəndaşların istifadəsinə verilmişdir.
Qaralar inzibati ərazi dairəsində koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiya olunanların sayı gündən-günə artır. Prosesə başlandığı gündən indiyədək dairə üzrə 60 faizdən çox vətəndaş peyvənd olunub.
Dairənin tanınmış şəxsləri
Bu diyarın Sovet dövrünün yüksək orden və medalları ilə təltif edilmiş mərhum Zahid Bağırov, Züleyxa Həsənova kimi əmək qəhrəmanları olmuşdur. Onlar dəfələrlə Ulu Öndərlə görüşmüşlər.
İkinci dünya müharibəsinin mərd mübarizlərindən mərhum Zülfəli Əliyev də Qaralar kəndindəndir.
Seyid Miriş Ağa adı ilə tanınmış, vaxtilə rayonun axundu olmuş mərhum Seyid Mirhəbib Kərbəlayi Seyid Əhməd oğlu Həbibov da bu dairədəndir.
Bakı Biznes Universitetində tədris işləri üzrə prorektor və “Bələdiyyə idarəetməsi və iqtisadiyyatın hüquqi tənzimlənməsi” kafedrasının müdiri, professor İbrahim Məmmədov, mərhum Yavər Gülməmmədov, digər elm adamı, Azərbaycan Milli Elmlər Akademiyasının məsul işçisi, filologiya elmləri doktoru Hafiz Abıyev də bu yerdəndir.
Şərəfli ömrünü vicdanla Azərbaycanın qaz sənayesinə həsr etmiş “Şərəf nişanı” ordenli Kamil Qəniyev də bu diyarda doğulub boya-başa çatmışdır.
ŞƏHİDLƏRİMİZ
Birinci Qarabağ
müharibəsinin şəhidləri:
QASIMOV SƏMƏD SALEH OĞLU
Səməd Saleh oğlu Qasımov 1967-ci ildə Qaralar kəndində anadan olmuşdur. 174 nömrəli texniki-peşə məktəbini bitirdikdən sonra hərbi xidmətini Rusiyanın İrkutsk şəhərində başa vurmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra qaynaqçı işləmişdir. 1993-cü ildə könüllü olaraq Qarabağda gedən döyüşlərə yollanmışdır. 1994-cü il martın 29-da Ağdamın Seyidlər kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Hazırda Qaralar kənd ümümi məktəbi onun adını daşıyır. Səməd Qasımov üç övlad atası idi.
QULİYEV MUSEYİB
RAMAZAN OĞLU
Museyib Ramazan oğlu Quliyev 1972-ci il yanvarın 28-də Saatlı rayonunun Əlisoltanlı kəndində doğulmuşdur. Ailə 1973-cü ildə Sabirabad rayonunun Məmişlər kəndinə köçmüşdür. O, 1990-1992-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. Museyib Quliyev 1992-ci ilin avqustunda könüllü olaraq Qarabağ uğrunda döyüşlərə qatılmış, qəhrəmanlıqla vuruşmuşdur. Oktyabrın 20-də Ağdamda itkin düşmüşdür. Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Museyib Quliyevə məhkəmənin qərarı ilə şəhidlik statusu verilmişdir.
İkinci Vətən müharibəsinin şəhidləri:
ƏLİYEV ASİM ASƏF OĞLU
Asim Asəf oğlu Əliyev 1998-ci il sentyabrın 17-də Əsədli kəndində anadan olmuşdur. 2016-cı ildə Bakıda “N” saylı hərbi hissədə əsgərlikdə olmuşdur. Əsgərliyini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmətdəydi. Ötən il Vətən müharibəsi başlayarkən könüllü olaraq döyüşlərə qatılmışdır. 14 oktyabr 2020-ci ildə Füzuli rayonunun Yuxarı Əbdülrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olmuşdur. Asim Əliyev ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
HÜSEYNOV FƏRİD YAŞAR OĞLU
Fərid Yaşar oğlu Hüseynov 2015-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. Xidmət etdiyi müddətdə dəfələrlə təşəkkürlər almışdır. Fərid Hüseynov 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə çağırılmışdı. Təlimdən sonra o, Füzuli rayonunun kəndlərində, Hadrutda döyüşlərə yollanmışdır. Fərid Hüseynov 2020-ci il oktyabrın 31-də Hadrutun Tuğ kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 17 iyun 1997-ci il təvəllüdlü Fərid Hüseynov Məmişlər kənd sakini idi. Fərid Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
BALAKİŞİYEV ZAMİN
DADAŞ OĞLU
Zamin Dadaş oğlu Balakişiyev 27 aprel 2001-ci ildə dünyaya gəlmişdir. 2019-cu ilin yaz çağırışında həqiqi hərbi xidmətə yollanmışdır. Ötən il sentyabrın 27-də digər igid oğullarımız kimi, Zamin Balakişiyev də Vətən müharibəsində iştirak etmişdir. Zamin Balakişiyev uzaq məsafədən açılan snayper atəşi ilə başından ağır yaralanaraq Gəncə şəhər Mərkəzi Xəstəxanasına aparılmışdır. Burada ilk əməliyyat keçirən Zamin sonra Bakı Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilmişdir. Koma vəziyyətində qalan Zaminin səhhətində irəliləyiş olmamış, aradan keçən beş ay müddətdə dəyişməz qalmış, şəhidlik zirvəsinə yüksələrək, 8 mart 2021-ci ildə doğulub boya-başa çatdığı Qaralar kəndində torpağa tapşırılmışdır.
Zamin Balakişiyev “Laçının azad olunmasına görə” və “Vətən uğrunda”(ölümündən sonra) medalları ilə təltif edilmişdir.
Kənddə şəhidlərin xatirəsinə abidə kompleksi ucaldılmışdır.
Qaralar kənd inzibati ərazi dairəsindən olan qazilər Ceyhun Mehdiyev, Saleh Qənbərov, Elmin Abdullayev Vətən müharibəsi zamanı döyüş tapşırıqlarını yerinə yetirərək geri dönmüşlər.
Torpağı Vətən edən bu igid oğulların qanı yerdə qalmadı. Azərbaycan xalqı ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin səyi nəticəsində hərbi və diplomatik sahədə ən böyük zəfərə nail olundu. Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun gücü və xalqımızın iradəsi ilə 30 ildən xeyli müddətdə işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində erməni faşistlərindən azad edildi.
***
Problemlər də var
Bu ərazi dairəsinin kəndlərində problemlər də mövcuddur. Əsədli və Qaralar kəndlərində məktəb tikintisinə, Kür çayının Məmişlər və Qaralar kəndləri ərazisində olan hissəsində sahilbərkitmə işlərinin aparılmasına, beton su kanallarının tikintisinə, kəndarası yollara çınqıl döşənməsinə ehtiyac var.
Elçin NƏSİB,
“Muğanın səsi”