• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

KÜRKƏNDİ KƏND İNZİBATİ ƏRAZİ DAİRƏSİ

  • 22.09.2021, 14:55, Baxış sayı:
  • 641
KÜRKƏNDİ  KƏND  İNZİBATİ ƏRAZİ DAİRƏSİ
KÜRKƏNDİ  KƏND  İNZİBATİ ƏRAZİ DAİRƏSİ
- Telefon kodu - 02123
- Poçt indeksi - AZ5422
- Ərazisi - 5169 hektar
- Əhalinin sayı - 6915
- Təsərrüfatların sayı –1418
- Əkin sahəsi 2303 hektar,
o cümlədən,
həyətyanı sahə - 445 hektar
bələdiyyə torpaqları -
2778 hektar
- 1758 hektar pay torpağı
943 nəfər arasında
Bölüşdürülmüşdür

Kürkəndi kəndi dairənin inzibati mərkəzidir. RİHB-nin Kürkəndi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi də burada yerləşir. Nümayəndəlik dörd kəndi-Kürkəndi, Suqovuşan, Bulaqlı və Yastıqobu kəndlərini əhatə edir. Dairədəki kəndlərin adlarının etimologiyası ilə bağlı bunları söyləmək olar:
Kürkəndi-Toponim “kür” və “kənd” komponentlərindən əmələ gəlib. “Kür keçən kənd”, “Kürün yaxınlığında kənd” mənasını verir. Qədim yunan, latın, ərəb, fars, türk mənbələrində onun adı Kor, Kur, Kir, Əl-Kurr və s. kimi çəkilir. Tədqiqatçıların fikrincə “su”, “çay” mənasını bildirən “kür” sözü yerli alban (Qafqaz) tayfalarından birinin dilindən götürülmüşdür.
Suqovuşan-Kənd Muğan düzündə yerləşir. “Su” və “qovuşan” (qovuşmaq felinin feli sifət forması) sözlərindən əmələ gəlib. Kür və Araz çaylarının qovuşduğu yerin adı ilə bağlıdır Bir vaxtlar Suqovuşan kəndi çayların qovuşduğu ərazidə yerləşirdi. Lakin suların daşması kəndin təsərrüfatına ciddi ziyan vururdu. XX əsrin əvvəllərində indi də mövcud olan Beşçətvəl kanalının çəkilişi ilə əlaqədar burada yaşayanlar həmin ərazidən uzaqlaşaraq kanalın sahilinə köçmüş, yeni kəndə Suqovuşan adı vermişlər. Onu da deyim ki, bir çox tarixi mənbələrdə XVI əsrədək bu kəndin adı Qovuşan kimi də qeyd olunur.
Görkəmli yazıçı Mirzə İbrahimov “Böyük dayaq” romanını qələmə alarkən Sabirabad rayonunun Suqovuşan kəndinə gələrək kolxoz həyatını izləyib, özünə lazım olan faktlar toplayıb. Yazıçının həmin əsəri əsasında çəkilmiş “Böyük dayaq” filminin bir neçə epizodu Sabirabadda lentə alınıb. Ekran əsərinin sonundakı mənzərə isə Kürlə Araz çayının qovuşduğu yerdir.
Qeyd etmək lazımdır ki, əsərdə əksər qəhrəmanlar, hadisələr real həyatdan götürülüb. Filmin baş qəhrəmanı Rüstəm kişi (Rüstəm Abbas oğlu Tağıyev) 1909-cu ildə İrəvanın Sərdarabad rayonunun Xeyirbəyli kəndində doğulub. Orada kolxoz sədri işləyən Rüstəm kişi ailəsi ilə birlikdə ötən əsrin 50-ci illərinin əvvəlində deportasiya olunaraq Sabirabad rayonunun Suqovuşan kəndinə gəlib və burada məskunlaşıb. Ömrünün sonuna kimi Həzi Aslanov adına kolxoza rəhbərlik edib. Mirzə İbrahimov Sabirabada gələrkən Rüstəm kişi onu öz evində qonaq edib. Onun həyat yoldaşı Rübabə xanım yazıçının qulluğunda dayanıb.
Bulaqlı- Bu kəndin yaranması tarixi barədə yazılı mənbələrdə heç bir məlumat yoxdur. Amma sovetlər dönəmində Bulaqlı kəndinin yerləşdiyi ərazidə “Tinglik” deyilən sovxoz olmuşdur. Sonralar həmin ərazidə təbii bulaq əmələ gəlmişdir. Kəndin adı da buradan götürülmüşdür.
“Qobu” sözü “qurumuş çay yatağı” mənasını verir. Yastıqobu kəndinin camaatı vaxtilə Kürkəndi ərazisində yaşamışlar. 1932-ci ildə Kür çayının daşqınları zamanı əhali nisbətən təhlükəsiz yerlərə üz tutmuşlar. Əhali bu ərazidə məskunlaşaraq yeni kənd salmışlar. Orada vaxtilə duz yataqları olmuşdur. Kəndin camaati duzdan həm özləri bəhrələnmiş, həm də öküz arabaları ilə onu sataraq gəlir əldə etmişlər.

Yaxın keçmİşdən üzü bərİ

Sovet hakimiyyəti dövründə bu dairənin ərazisində general Həzi Aslanov adına kolxoz (əvvəlki adı Stalin) fəaliyyət göstərmişdir. Sovet İttifaqının tərkibində olarkən Ümumilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan böyük nailiyyətlər əldə etmişdir. O cümlədən Sabirabad rayonu da, Həzi Aslanov adına kolxoz da böyük əmək qələbələri qazanmışdır. Kolxoz respublikanın qabaqcıl təsərrüfatlarından olmuşdur. O illərdə təsərrüfat 5 min tondan çox pambıq istehsal etmişdir.
Yaxın keçmiş kolxozun əhatə etdiyi kəndlərin tarixinə sosial-iqtisadi həyatın geniş vüsət aldığı və bu baxımdan böyük nəticələr əldə olunduğu illər kimi daxil olmuşdur. Kəndlərin inkişafı, adamların yaşayışı, firavanlığı naminə xeyli işlər görülmüşdür. Öncüllər sırasında olmuş kolxozun heyvandarlıq kompleksi respublikada qabaqcıl təcrübə məktəbi kimi tanınmışdır. Ümummilli Lider Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə tez-tez Sabirabad rayonunda olur, kənd adamları ilə görüşür, onların qayğıları ilə maraqlanırdı. Ulu Öndər Həzi Aslanov adına kolxozda da dəfələrlə olmuş, buranın zəhmət adamları ilə görüşmüşdür.

Torpaqlar xüsusİ mülkİyyətdə
Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində kənd təsərrüfatında aqrar islahatlar aparılmış, xüsusi mülkiyyətə əsaslanan yeni istehsal formaları, özəl qurumlar əmələ gəlmişdir. Yeni iqtisadi sistemə keçid təsərrüfat struktutunu əsaslı şəkildə dəyişmişdir. Nəticədə Sabirabad rayonunda, habelə Kürkəndi kənd inzibati ərazi dairəsindəki kəndlərdə də aqrar islahatlardan bəhrələnmişlər. Həzi Aslanov adına kolxozun fəaliyyətinə xitam verilmişdir. Əkin sahələri torpaq payı almaq hüququ olan vətəndaşlara paylanmışdır.
Aqrar islahatlar kəndliyə işıqlı yol açmış, sərbəst fəaliyyət göstərmələri üçün geniş imkanlar yaratmışdır. Taxılçılığa münasibət xeyli yaxşılaşmışdır. Bu il 900 hektar sahədən bol məhsul götürülmüşdür. Fermerlərdən Rusif Nəsirov, Xalıq Zülfüqarov, Əlisəfa Hüseynov daha yüksək məhsuldarlığa nail olmuşlar. Hər hektardan 40 sentnerdən çox taxıl götürmüşlər.
Vaxtilə pambıq bu kəndlərin ən aparıcı və ən gəlirli sahəsi olmuşdur. Bu sahənin inkişaf etdirilməsi, pambığın əvvəlki şöhrətinin qaytarılması üçün məqsədyönlü tədbirlər görülür. Ötən il 303 hektar sahənin hər hektarından 31 sentner pambıq istehsal edilmişdir. Torpaq mülkiyyətçilərindən Mirhəmid Həmidov, İxtiyar Mehdiyev, Nail Musayev ötən il daha yüksək məhsuldarlığa nail olmuşlar. Hər hektardan 35 sentner məhsul götürmüşlər. Yığım kampaniyası mütəşəkkil təşkil edilən həmin kollektivlərdə bu il daha yüksək göstəricilər uğrunda mübarizə aparılır.
Heyvandarlıq sahəsində aparılan islahat nəzərə çarpacaq səmərə vermişdir. İribuynuzlu mal-qaranın, davarların baş sayında hər il artım müşahidə olunur. Hazırda kəndlərdə 4248 baş iribuynuzlu, 6159 baş xırdabuynuzlu heyvan bəslənilir. Vaqif Şıxəliyev, Əli Ağaşirinov heyvandarlıq sahəsində qabaqcıl fermerlər kimi tanınırlar.
Baramaçılığın inkişafına da xüsusi əhəmiyyət verilir. Barama tədarükü tapşırığı artıqlamasilə yerinə yetirilmişdir. Kümçülərdən Hədiyyə Kərimova və Natiq Qafarov barama tədarükündə daha çox fərqlənmişlər.

Şəhidlər
Məmləkətimizin hər yerindən olduğu kimi, Kürkəndi kənd İnzibati Ərazi dairəsindən də igid oğullar Vətənimizin bu günü, sabahı üçün ürəklərini məşəl etmişlər. Əliyev Zəbulla Xeyrulla oğlu (1946-1990) 20 Yanvar şəhididir. Vətənimizin, doğma Azərbaycanımızın suverenliyi və ərazi bütövlüyü naminə canını qurban vermişdir.
Bu Ərazi Dairəsindən də igid oğullarımız Qarabağ müharibəsi zamanı döyüşlərdə aktiv şəkildə iştirak etmişlər. Onlardan 9 igid birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksəlmişdir: Əliyev İbrəhim Əlihüseyn oğlu (1968-1992), Quliyev Vüqar Hacağa oğlu (1973-1993), Qasımov Tahir Xanlar oğlu (1971-1993), Sadıqov Nurlan Sadıq oğlu (1974-1994), Bağırov İsmayıl Yusif oğlu (1975-1994), Həsənov Faiq Əli oğlu (1974-1994), Rüstəmov Rüstəm Xanqulu oğlu (1975-1994), Məmmədov Vahid Zakir oğlu (1965-1994), Abbasov Şakir Əsəd oğlu (1975-1994).
Dairədən 50 nəfər gənc müharibəyə könüllü yollanmış, Vətən müharibəsində düşmənə həddini qandıraraq, qəhrəmanlıqlar göstərərək sağ-salamat geri dönmüşlər. 25 nəfər isə hərbi xidmətdə Vətən qarşısındakı borclarını yerinə yetirmişdir.

Tanınmışlar
Əjdər Əziz oğlu Zeynalov dairənin tanınmışları sırasındadır. O, 1922-ci ildə Suqovuşan kəndində doğulmuşdur. II Dünya müharibəsinin fəal iştirakçısı olmuş Ə.Zeynalov Sabirabad rayon Komsomol Komitəsinin birinci katibi, rayon Partiya Komitəsi təşkilat şöbəsinin müdiri və ikinci katibi, rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri vəzifələrində işləmişdir.
O, eyni zamanda istedadı və prinsipial qələmi ilə sayılıb-seçilən jurnalistlərdən idi. BDU-nun jurnalistika fakültəsində qiyabi təhsil almışdı. 1955-ci ildən 1962-ci ilədək rayon qəzetinə redaktorluq etmişdir. Ə.Zeynalov rayon Partiya Komitəsinin büro üzvü, rayon Sovetinin deputatı idi. Rəhbər vəzifələrdə işləyərkən adamların dərd-səri, qayğıları ilə yaxından maraqlanarmış. Ona müraciət edən şəxs heç vaxt naümid qalmazmış.
Ə.Zeynalov cəmi 40 il ömür sürmüşdür. O, müharibədən qalmış mərmi qəlpəsinin cərrahi müdaxilə ilə xaric edilməsi zamanı vəfat etmişdir.
Uzun illər Sabirabad rayonunda məsul vəzifələrdə çalışmış mərhum Zeynal Məlikov Kürkəndi kəndində doğulmuşdur.. O, dərin biliyi, savadı ilə seçilmiş ziyalılardan olmuşdur. Onu “iqtisadiyyatın atası” adlandırırdılar.
Sabirabad rayon Mədəniyyət Evi xalq çalğı alətləri ansamblının solisti olmuş mərhum Mirələm Usub oğlu Cəfərov da bu diyardandır. Onun ifasında səslənən “Qarabağ şikəstəsi” və “Muğana ceyran” mahnıları Azərbaycan radiosunun qızıl fondunda saxlanılır.
Bu diyarda doğulub boya-başa çatmış mərhum Hikmət Muxtarov və Yusif Muxtarov da tanınmışlar sırasındadırlar.
Əslən Suqovuşan kəndindən olan Azad Əsgərov qaydasız döyüş və güləş üzrə dünya çempionudur.

İnkİşaf yollarında
Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Kürkəndi kənd İnzibati Ərazi Dairəsində bir sıra mühüm infrastruktur layihələri reallaşdırılır. Bu istiqamətdə xeyli işlər görülmüşdür. Kəndlər təbii qazla təmin edilmişdir.
Yenidən qurulan, asfaltlaşan yollar da sakinlərə böyük qayğının ifadəsidir. 10 kilometr uzunluğunda yol asfaltlaşdırılmışdır. Evlərə içməli su xəttləri çəkilmişdir. 22 bulaqdan ibarət modul tipli su durulducu qurğu əhalinin istifadəsinə verilmişdir.
Kəndlərdə elektrik təsərrüfatının yenilənməsi işləri həyata keçirilmişdir. Elektrik naqilləri və dirəklər müasir üslubda yenilənmişdir. “Smart” kart, elektron tipli müasir sayğaclar quraşdırılmışdır.
Dairənin yaşıllıq səviyyəsinin keyfiyyətcə yüksək səviyyəyə çatdırılması məqsədilə kəndlərdə yol kənarlarında ağac və gül kolları əkilmişdir.
Kürkəndi kənd inzibati ərazi dairəsində 7 məscid vardır. Dairədə sahibkarlıq obyektləri də fəaliyyət göstərir. İstixana şəraitində tərəvəz məhsulları yetişdirilir. İki göldə (sahibkarlar Mehdi Əzizov və Elçin Muxtarov) balıq yetişdirilib-satılır. 11 hektar ərazidə nar bağı (sahibkar Elçin Muxtarov) salınmışdır. Kəndlərdə 8 ictimai-iaşə obyekti, 6 mağaza, 2 yanacaqdoldurma məntəqəsi, 2 inkubator sexi, 2 maşınyuma obyekti və s. vardır.
Kürkəndi kənd inzibati ərazi dairəsində koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiya olunanların sayı gündən-günə artır. Prosesə başlandığı gündən indiyədək dairə üzrə 70 faizdən çox vətəndaş peyvənd olunub.
Problemlər
Dairənin ərazisində uşaq bağçasına, dren-kollektorların lildən təmizlənməsinə, kəndarası yollara çınqıl döşənməsinə, Suqovuşan kəndində mədəniyyət evinə, Kürkəndi kəndində yol kənarında səkilərin salınmasına ehtiyac vardır.
Elçin NƏSİB,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter