- Telefon kodu - 02161
- Poçt indeksi - AZ27
- Ərazisi - 3705 hektar
- Əhalinin sayı - 5486
- Təsərrüfatların sayı –1173
- Əkin sahəsi 2.842 hektar,
o cümlədən,
bələdiyyə torpaqları
1966 hektar
- 876 hektar pay torpağı
990 nəfər arasında
bölüşdürülmüşdür
TARİXƏ NƏZƏR
Qasımbəyli kəndi Kür-Araz ovalığında, Kürün cənub sahilində yerləşir. Ərazi baxımından bura Mil düzü adlanır və şimaldan Kür çayı, cənubdan Araz çayı, qərbdən isə Sarısu gölü ilə sərhəddir.
Kəndin keçmiş adı Mirqasımbəyli olmuşdur. Sonralar “mir” (“seyid” mənasında) sözü unudulmuşdur. Kənd salındığı ərazinin adı ilə keçmişdə Əyribucaq da adlanmışdır. Qeyd edək Sabirabad rayonunun Qasımbəyli kəndinin yaranması barədə kitablarda və dəqiq mənbələrdə heç bir məlumat yoxdur, amma kənd ağsaqqallarının dilindən belə rəvayət edilir ki, 1800-1810-cu illərdə burada 7 ev mövcud olub. Sonradan digər bölgələrdən - əsasən Kürdəmir rayonundan gələnlərin hesabına böyüyərək yaşayış yeri kimi formalaşmışdır.
Digər mənbələrin məlumatına görə XIX əsrin əvvəllərində Şirvan xanlığında mülkədar Qasım bəyə məxsus 15 kənd varmış. O kəndlərdən çıxmış ailələr tərəfindən salındığı üçün həmin yaşayış məskəni Qasımbəyli adlanmışdıır.
Bu kəndin adamları lap qədimdən əkinçilk və heyvandarlıqla məşğul olmuşlar. Aqrar islahatlar aparılanadək bu kənddə “Muğan” kolxozu fəaliyyət göstərmişdir. Qasımbəyli kəndi dairənin inzibati mərkəzidir. RİHB-nin Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi də həmin kənddə yerləşir.
Nümayəndəlik 4 kəndi-Qasımbəyli, Əsgərbəyli, Muradbəyli və Yuxarı Axtaçı kəndlərini əhatə edir.
Muradbəyli- Kənd Mil düzündə, Kür çayının sahilində yerləşir. Bəzi məlumatlara görə kəndi XIX əsrdə Murad bəy adlı bir şəxs saldırdığına görə onun adından da Muradbəyli adlanıb.
Əsgərbəyli- XIX əsrdə Əsgər bəy adlı şəxsə mənsub olan ailələrin həmin ərazidə məskunlaşması nəticəsində yaranan kənd Əsgər bəyin adı ilə Əsgərbəyli adlandırılmışdır.
Yuxarı Axtaçı-“Axtaçı” toponimi və “axtaçı”lar barədə nə demək olar? Hər şeydən əvvəl göründüyü kimi, toponimin özündən çıxan mənaya əsasən kəndin camaatı, şübhəsiz, maldar olmuşdur. Kür çayının o tayında-sağ sahilində digər Axtaçı kəndi də mövcuddur. Haqqında danışdığımız Yuxarı Axtaçı kəndi isə çox güman ki, o taydan ayrılıb gəlmədir. Yəqin ki, bu da bir vaxt Kür çayının daşması və məcrasının dəyişilməsi ilə əlaqədar olmuşdur.
ŞƏHİDLƏR
Vətəni düşünüb, xalqı düşünüb faşist qiyafəli erməni quldurlarına qarşı Qasımbəyli dairəsindən də igid oğullarımız birinci və ikinci Qarabağ müharibəsində mərdliklə vuruşmuşlar.
“Azərbaycan bayrağı” ordenli Daşdiyev Maqsud Xankişi oğlu (Muradbəyli kəndi), Quliyev Rahim Ələddin oğlu (Qasımbəyli kəndi), Ənnağıyev Hilal Əlağa oğlu (Qasımbəyli kəndi), Hüseynov Murad Tehmir oğlu (Əsgərbəyli kəndi), Mehtiyev Mirzeynal Mirəli oğlu ((Yuxarı Axtaçı kəndi) birinci Qarabağ müharibəsində, Ənnağıyev Babək Oqtay oğlu (Qasımbəyli kəndi), Musayev Bayram Mehman oğlu (Qasımbəyli kəndi) ikinci Qarabağ müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə yüksəlmişlər.
Sarısu gölü respublikamızın ən böyük gölü, Sabirabad, Saatlı və İmişli rayonları ərazisində Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan və bir-biri ilə əlaqəli dörd göldən biri olmaqla, çay-dərə eroziya mənşəlidir, nisbətən böyük göllər sırasına daxildir.
“Möhtərəm Prezidentimizin tapşırığı ilə burada
cənnətməkan yaradıldı”
2010-cu ilin mayında Kür çayının daşması ilə yaranan təbii fəlakət nəticəsində dairənin kəndlərinə külli miqdarda ziyan dəymiş, demək olar ki, bütün infrastruktur dağılmışdı.
Kür və Araz çaylarının daşması nəticəsində dəymiş ziyanın aradan qaldırılması və dağılmış infrastrukturun bərpası qısa müddətdə təmin edilmişdir. Zərər çəkən insanlara kompensasiya ödənilmişdir. Təbii fəlakət nəticəsində evlərini itirən Qasımbəyli kənd İnzibati Ərazi dairəsinin əhalisi üçün bütün standartlara uyğun və yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilməklə 412 yeni ev inşa olunmuşdur. Çaylar boyunca kompleks mühafizə tədbirləri həyata keçirilmiş, əhalinin təhlükəsizliyinin maksimum müdafiəsi sahəsində ciddi işlər görülmüşdür.
2010-cu ildəki təbii fəlakət nəticəsində kəndlərin məktəbləri tamamilə yararsız vəziyyətə düşmüşdü. Dövlət başçısının tapşırığına əsasən məktəblərin binaları qısa müddətdə müasir tələblər səviyyəsində tikilmiş, yenidən qurulmuşdur. Əsgərbəyli və Yuxarı Axtaçı kəndlərində məktəb binaları tikilib istifadəyə verilmiş, Qasımbəyli və Muradbəyli kəndlərində isə məktəb binaları əsaslı təmir edilmişdir. 20 kilometr uzunluğunda asfalt yol çəkilmişdir. İcra nümayəndəliyi üçün inzibati bina, uşaq bağçası, tibb məntəqəsi və digər obyektlər inşa edilmişdir.
Kəndlər təbii qazla təmin edilmişdir. Elektrik təsərrüfatının yenilənməsi işləri həyata keçirilmişdir. Elektrik naqilləri və dirəklər müasir üslubda yenilənmişdir. “Smart” kart, elektron tipli müasir sayğaclar quraşdırılmışdır. Kəndlərdə modul tipli sudurulducu qurğular vardır. Keçən il 3 kilometr yolda əsaslı təmir işləri aparılmışdır.
Ağsaqqallardan Qəzənfər Şirinov (Əsgərbəyli kəndi) və Pəhlivan Əliyev (Qasımbəyli kəndi) təbii fəlakətlə bağlı söhbət zamanı bildirdilər ki, kəndlərimiz 2010-cu ildə sel və daşqınlar nəticəsində subasmaya məruz qalmışdı. Evlərimiz uçmuşdu, qəzalı vəziyyətə düşmüşdü. Əkin sahələrimiz su altında idi. Fəlakət baş verən zaman biz çətin vəziyyətə düşəndə təhlükəsiz yerlərə köçürüldük, insanlar üçün şərait yaradıldı. Çadırlar quruldu, isti yeməklər təşkil olundu. Yəni, bütün xalqımız səfərbər olundu. Baş verən fəlakət zamanı cənab Prezident bizə arxa durdu.
Həmin vaxt biz təlaş içərisində idik. Ancaq köməyimizə gələn müasir texnikanı, maşınları, canlı qüvvəni görəndə doğrudan da ürəyimiz dağa döndü ki, bizim belə Prezidentimiz vardır. Möhtərəm Prezidentimiz bizimlə görüşə gəldi. Bizim problemlərimizi həll etmək üçün verdiyi tapşırıqların icrasını yerindəcə yoxladı. Evlərin bərpası, yenidən tikilməsi prosesi getdi, qısa müddət ərzində gözəl evlər tikildi. Eyni zamanda, məktəblərin tikintisi, təmiri işləri də sürətlə aparıldı. Həyatımız boyu biz belə abad yol görməmişdik. Əvvəlki dövrlərdə hazırkı yol torpaq yol idi. Torpaq yol yayda toz, qışda palçıq olurdu Heç vaxt asfalt vurulmamışdı. Ancaq indi gözəl asfalt yol çəkilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə burada cənnətməkan yaradıldı. Bütün təmir-bərpa işləri qısa müddət ərzində öz həllini tapdı. Evlərimizin çoxu çiy kərpicdən tikilmişdi. Su dəyən kimi uçub dağılmışdı. İndi yaxşı şəraitli gözəl daş evlərdir, gözəl məktəblərdir. Obyektlərin açılışına cənab Prezident özü də gəlmişdi. Dövlətimizin başçısını hərarətlə qarşılayaraq dedik ki, bizə gözəl şərait yaratdığınıza görə çox sağ olun. Sizin himayəniz sayəsində Qasımbəyli kənd İnzibati Ərazi dairəsinin yaşayış məntəqələri çox gözəlləşib.
Bütün bu işlərə görə Prezidentimizə bir daha dərin təşəkkürümüzü, minnətdarlığımızı bildirir, uzun ömür, möhkəm cansağlığı, səadət arzulayırıq.
Məhsuldarlığın artırılması əsas vəzifələrdəndir
Ötən il 27 hektar sahədə pambıq əkilmişdir. Hər hektardan cəmi 28 sentner pambıq götürülmüşdür ki, bu da rayon səviyyəsindən xeyli aşağıdır. Cari ildə isə ötən ildəkindən az sahədə-23 hektarda pambıq əkilmişdir. Ötən il fermerlərdən Xanbaba Xəlilov ən yüksək məhsuldarlığa nail olmuşdur. Torpaq mülkiyyətçiləri 8 hektar sahənin hər hektarından 40 sentner pambıq götürmüşlər. Bu il kollektiv 10 hektar sahədə pambıq əkmiş, bol məhsul yetişdirmişdir. Hazırda bütün qüvvələr məhsulun tez və itkisiz yığılmasına yönəldilmişdir.
Bu il 442 hektar zəminin hər hektarından 35 sentner taxıl götürülmüşdür. Fermerlərdən Sevil Əhədova, Zaur Mehdiyev və başqaları 35 sentner həddini ötsələr də, rayon səviyyəsinə yaxınlaşmamışlar. Qeyd etmək lazımdır ki, cari ildə rayon üzrə məhsuldarlıq 41,8 sentner olmuşdur.
Fermerlər məhsuldarlığın aşağı düşməsini torpağın xassələrinin pisləşməsi, humusun miqdarının azalması, torpaq strukturunun pozulması və sair ilə əlaqələndirirlər. Bildirirlər ki, bütün bunların nəticəsində torpağın münbitliyi aşağı düşür.
Barama tədarükü tapşırığı 83 faiz yerinə yetirilmişdir. Kümçülərdən yalnız Əhsən Soltanov nəzərdə tutulan hədəfə çatmışdır.
Dairədə 4122 baş iribuynuzlu, 3073 baş xırdabuynuzlu heyvan vardır. Cəfər Babaşov, Əziz Əzizov, Pənah Hüseynov və başqaları qabaqcıl heyvandarlar kimi tanınırlar.
Qasımbəyli inzibati ərazi dairəsində 8 məscid fəaliyyət göstərir. Burada balıq gölləri (sahibkarlar Əli Əhmədov, Zöhrab Əliyev, Reyhan Mahmudova) var. Həmin göllərdə balıq yetişdirilib satılır. Kəndlərdə 14 mağaza, 1 ictimai-iaşə obyekti və s. vardır.
Qasımbəyli kənd inzibati ərazi dairəsində koronavirus (COVİD-19) infeksiyasına qarşı vaksinasiya prosesinə başlandığı gündən indiyədək 90 faizdən çox vətəndaş peyvənd olunub.
Problemlər
Burada ilk növbədə əsaslı meliorasiya işlərinin aparılmasına ehtiyac vardır. Kəndarası yollara çınqıl döşənməlidir. Muradbəyli və Yuxarı Axtaçı kəndlərində tibb məntəqələri tikilməlidir.
Elçin NƏSİB,
“Muğanın səsi”