Ermənistan hakimiyyəti məğlubiyyətin acısını günbəgün çəkməyə davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibə erməni siyasi dairələrində şok effekti yaradıb. Müharibədən tam dərs çıxarmayan dövlətə İlham Əliyev yenidən öz yerini göstərib. Həmçinin onların havadarlarına erməniləri yalan yerə həvəsləndirməməyi məsləhət görüb.
Prezident İlham Əliyevin İkinci Qarabağ müharibəsinin gedişinin, aparılan danışıqların, üçtərəfli Bəyanatın imzalanmasının detalları, azad olunmuş ərazilərdə quruculuq işləri barədə fikirləri rusiyalı və xarici ölkələrin rusdilli oxucularına təqdim olunub.
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya jurnalına verdiyi müsahibədə əsas tezislər bundan ibarətdir ki, Azərbaycan müharibədə çox böyük qələbə qazandı, işğalçını cəzalandırdı, işğalçı böyük itgilər verdi və yenə də əgər təxribat haqqında düşünərlərsə, Azərbaycan “Dəmir Yumruq” əməliyyatını dayandığı yerdən davam etdirməyə hazırdır.
Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə Vətən müharibəsindən, zəfəri təmin edən uğurlu hərbi əməliyyatlardan, ordumuzun şücayətindən, verilən doğru qərarlardan, düşmənin məkrli planlarından bəhs etmişdir. Müsahibəsində qısa müddət ərzində Cəbrayıl rayonunun azad olunması ordumuzda ruh yüksəkliyi yaratdığını deyən cənab Prezident həmçinin uğurlu Hadrut əməliyyatına da toxunub. Eləcə də Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi nəticəsində Laçın dəhlizinə nəzarət etmə imkanımızın yarandığını bildirib.
Təbii ki, müharibənin gedişatında ən unikal əməliyyat Şuşa əməliyyatı idi və ölkə başçımız hər bir çıxışında olduğu kimi bu dəfə də bu mövzuya toxunmuşdur: “Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır”.
Bildiyimiz kimi, böyük Zəfərimizdən sonra cənab Prezidentin tapşırığı ilə Hərbi qənimətlər Parkı yaradılmışdır. Məhz bu kompleksdə 30 il torpaqlarımızı işğal altında saxlayan, Qarabağın maddi-mənəvi dəyərlərini çapıb-talayan, məhv edən təcavüzkar Ermənistana məxsus döyüş texnikasının qüdrətli Azərbaycan ordusu tərəfindən darmadağın edilmə nişanələri öz əksini tapır. Cənab Prezident çıxışında bu parkın yaradılmasının vacibliyinə də toxunaraq demişdir: “İlk növbədə, bu, qələbənin nümayişi, həlak olanlara ehtiram əlaməti, gənc nəslin, artıq qalib xalqın nümayəndələri kimi yaşayacaq insanların nəsillərinin tərbiyəsi üçündür”.
Müsahibəsində Azərbaycan-Rusiya iki tərəfli münasibətlərinə də toxunan Prezident İlham Əliyev Qarabağda Rusiya sülhməramlılarının fəaliyyətini yüksək qiymətləndirmişdir.
Eyvaz FƏRZƏLİYEV,
rayon Ağsaqqallar Şurasının sədri