Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya müsahibə verib. Əhatəliliyi baxımından olduqca geniş olan müsahibədə səsləndirilən fikirlər müharibəyə qədərki hazırlıq dövrünə, müharibənin başlandığı 27 sentyabr gününə və sonrakı qalibiyyətlərlə zəngin günlərə ayna tutub. Ölkə başçımız bəlkə də ilk dəfə müsahibəsində bu qədər detallı açıqlamalar verərək müharibənin gedişatını, 10 noyabr Bəyənatının pərdə arxasını, Azərbaycanın haqq mübarizəsində xalqın, dövlətin və Ordunun birgə mövqeyini, Azərbaycanın uzun illər boyu öz ərazi bütövlüyünün təmin edilməsi istiqamətində atdığı addımların, həyata keçirilən siyasətin, görülən işlərin mahiyyətini ən incə detallarına kimi açıqlayıb, Azərbaycan xalqının, dövlətinin 30 ilə yaxın zaman kəsiyində davam edən, misli görünməmiş mücadiləsini dəyərləndirib. Müsahibənin önə çıxan detallarına yaxından nəzər salmaq istərdik.
Müsahibədə xüsusilə önə çıxan bir neçə başlıqlar var idi ki, bunlardan biri də müharibənin başladığı dövrə qədər ölkədə gedən hazırlıqlarla bağlı idi. Əslində hamıya aydındır ki, müstəqilliyinin ilk günlərindən etibarən ərazi bötüvlüyü təhdidlərlə qarşılaşan və torpaqlarının beşdə biri işğal altında olan ölkə daima hazırlıqlı olmalı və bu istiqamətdə öz gücünü artırmağa çalışmalıdır. Azərbaycanda həyata keçirilmiş və yekunda qələbə qazanmağa kömək etmiş hərbi, siyasi, iqtisadi və digər dəyişikliklərin gedişi də onu deməyə əsas verir ki, Azərbaycan tərəfi daima bugünlər üçün hazırlıq görüb və bütün sahələrdə qələbəni yaxınlaşdırmaq məqsədilə addımlar atıb. İstər iqtisadi müstəqilliyin əldə olunması üçün atılan addımlar, istər ordu quruculuğu sahəsində aparılan düzgün və düşünülmüş strategiya, istər sistematik şəkildə beynəlxalq qurumlarla aparılan məqsədyünlü danışıqlar, istərsə də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün aparılan informasiya savaşı yekunda Azərbaycanın bütün sahələrdə qələbəsi ilə nəticələnən 44 günlük müharibənin təməl daşları idi. Ancaq ilk növbədə qələbəyə inanan, heç vaxt görmədiyi torpaqların düşmən işğalından qurtulması üçün canını ortaya qoya biləcək, ölkəsinin ərazi bütövlüyünü hər şeydən üstün tutan qalib xalqın formalaşması lazım idi. Bu məqamda ölkə başçımızın daha əvvəl səsləndirdiyi bir fikir yada düşür. “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq. Bütün xalqımız bu Qələbəni yaxınlaşdırırdı və bütün amillər birləşərək bu müharibənin nəticələrini şərtləndirdi”. Bəli, Qarabağ uğrunda gedən 44 günlük müharibənin Azərbaycanın üstünlüyü ilə nəticələnməsinin ən böyük səbəbi bu idi. Vətən uğrunda, torpaq uğrunda canından keçməyə hazır gənc nəslin formalaşması, yekdil şəkildə Qarabağın azadlığını hər şeydən üstün tutan və bir yumruq kimi birləşən xalq. Həmin xalqın, Ordunun güvən duyduğu, bir sözü ilə ölümə gedəcəyi liderinin olması idi. Müsahibədə bununla bağlı da danışan ölkə başçımız bildirdi ki, bəzi qərbli müxbirlər müsahibə zamanı və ya müsahibələrdən sonra həlak olmuş insanların dəfnlərində iştirak etdiyi barədə məlumat verir və bildirirdilər ki, insanlar heç bir halda narazılıq etmir, hətta əksinə, ölkə başçımızın bu işi sonlandırması üçün dəstəklərini ifadə edirdilər. Bu təbiidir ki, qərbli jurnalistləri təəccübləndirirdi. Bununla bağlı bir epizodu xatırlatmaq istərdim. Ötən ilin noyabr ayının 6-da, Azərbaycanın Şuşa zəfərinə cəmi iki, tarixi 10 noyabr bəyanatının imzalanmasına dörd gün qalmış Prezident İlham Əliyevin “BBC News”a müsahibəsi hələ də bir çoxlarının xatirindədir. Jurnalistin qərəzli mövqeyi və daha da əsası sanki prokurormuş kimi Azərbaycanı və onun prezidentini ittiham etməsi bütün xalqımızın qəzəbinə səbəb olmuşdu. Jurnalist xanım ölkə başçımıza belə bir sual ünvanlamışdı: “Niyə Siz hərbi itkilərinizlə bağlı rəqəmləri açıqlamırsınız? Siz narahatsınız ki, insanlar bu müharibədə nə qədər gənc insanın həlak olduğunu görsə, dəstək zəifləyə bilər?”. Ölkə başçımızın cavabı isə qəti və birmənalı idi. “.......Yaxın qohumlarını, oğullarını, qardaşlarını itirən insanlar bizdən dayanmamağı xahiş edirlər. Təsəvvürünüzə gətirə bilərsiniz? Hər gün mən minlərlə məktub alıram, minlərlə məktub. O məktubların heç birində mən “Dayanın” sözünü görməmişəm. Onlar deyirlər, mən oğlumu itirmişəm, qardaşımı itirmişəm, həyat yoldaşımı itirmişəm, xahiş edirik, sona kimi gedin. Xahiş edirik, sona kimi gedin. Çünki bizim xalqımız bu vəziyyətdə, demək olar ki, 30 il yaşayıb”. Bəli, həmin günlərin xarakteristikası məhz belə idi. Ölkənin demək olar ki, hər bir guşəsinə, hətta ən ucqar kəndinə belə şəhidlərin getdiyi, hər gün yaralılarımızın olduğu, mülki əhalimizin arasından belə itkilərimizin olduğu bir vaxtda bir an belə tərəddüd etmədən bütün xalq ölkə başçısına, Ali Baş Komandana müraciət edərək dayanmamağı, irəliləməyi və torpaqlarımızı azad etməyi xahiş edirdi. Çünki, bu müharibə Azərbaycan xalqının, dövlətinin keçmiş və hətta gələcək nəsillər qarşısında borcu, öhdəliyi idi. Biz bunu tariximizə və gələcəyimizə borclu idik. Bu həm də Ulu Öndərimiz Heydər Əliyevin xalqına və özünün layiqli davamçısı olan oğluna, Ali Baş Komandanımıza, Prezidentimizə vəsiyyəti idi. Şuşanın işğaldan azad edildiyinin elan olunduğu gün, 8 noyabr tarixində ölkə başçımızın xalqa müraciətində də ifadə etdiyi kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Həmin günləri xatırlayarkən qürur duymamaq, sevinc göz yaşları axıtmamaq nə qədər çətindir. Biz, Azərbaycan gəncləri, Azərbaycan Ordusu, Azərbaycan xalqı həmin günlərdə bir yumruq kimi birləşərək tarixi missiyamızı yerinə yetirdik. Şuşanı, Qarabağı azad etdik. Bugün Ali Baş Komandanımız müzəffər, Ordumuz və xalqımız qalibdir. Bundan sonra hər birimiz qürurla deyə bilərik ki, biz qalib xalqın nümayəndələriyik. Biz Vətən uğrunda can qoyan xalqın nümayəndələriyik. Bu qürur bizim gələcək nəsillərə qoyduğumuz miras və əmanətimizdir. Sonda ölkə başçımızın bir sitatı ilə yazını yekunlaşdırmaq istərdim. “Bunu hər kəs bilməlidir və biz bütün dünyaya göstəririk ki, biz böyük xalqıq, yenilməz xalqıq. Biz döyüş meydanında, siyasi müstəvidə Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik, tərəqqi dövrü olacaqdır.
Rəna Hacızadə,
Sabirabad rayon Heydər Əliyev Mərkəzinin direktoru