Tarix boyu ermənilər hər zaman azərbaycanlılara qarşı düşmənçilik mövqeyində olublar. Son 200 ildə ermənilərin qədim Azərbaycan torpaqlarında məskunlaşdırılmasından sonra ermənilər düşmənçilik siyasətini daha da genişləndirməyə başladılar. Özlərini bütün dünyaya yazıq, məzlum bir xalq kimi təqdim etməyə çalışıblar. 1915-ci ildə "soyqırıma" məruz qaldıqlarını bütün dünyaya sübut etdirməyə çalışan ermənilər əslində istər çar Rusiyası, istərsə də sonrakı dövrlərdə azərbaycanlılara qarşı kütləvi soyqırımlar törətmişlər. 1905-1907 və 1918-ci illərdə 100 minlərlə azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilmişdir. 1918-ci ilin mart qırğınları xalqımızın yaddaşından heç zaman silin məyəcək. Bu tarixdə ermənilər Qarabağda, Zəngəzurda, Şamaxıda, Göyçayda on minlərlə soydaşlarımız ermənilər tərəfindən soyqırıma məruz qalmış, yaşadıqları yurd yerlərindən qovulmuşlar. Azərbaycanlıların öz tarixi torpaqlarından qovulması Sovetlər dövründə də davam etmişdir. 1948-1953 və 1988-ci illərdə 500 mindən çox soydaşlarımız öz ata yurdlarından ermənilər tərəfindən deportasiya olunaraq Azərbaycanda yerləşdirilmişdir. Acınacaqlı şəraitdə yük vaqonlarında köçürülən minlərlə azərbaycanlı yollarda həlak olmuşlar. Baş vermiş bütün bu vəhşilik və soyqırım siyasətinə məhz ulu öndər Heydər Əliyev tərəfindən siyasi qiymət verilmişdir. Ümummilli liderin 1998-ci ildə imzaladığı Fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü elan edilmişdir.
Ermənilər hər zaman dünyada baş verən əlverişli tarixi proseslərdən məharətlə istifadə etmişlər. Sovetlər birliyinin dağılma ərəfəsində Ermənistan öz havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarını işğal etdi. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar 30 il işğala göz yumdular. BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qəbul etdiyi 4 qətnaməsi icra olunmadı. BMT 30 ilə yaxın tərəfləri sülhə dəvət etməklə kifayətləndi. Heç zaman Ermənistana işğala son qoymaq üçün təzyiq göstərmədi. Çıxarılan 4 qətnamə kağız üzərində qaldı.
Bütün bu illər ərzində Ermənistan işğalçılıq siyasətini davam etdirdi. Dəfələrlə təxribatlar törətdi. Təxribatlar nəticəsində hərbiçiıərimizlə yanaşı mülki dinc əhalimiz də qətlə yetirildi. Buna cavab olaraq Azərbaycan Ordusu tərəfindən 2016-ci ildə Lələtəpə döyüşlərində və 2020-ci ilin iyul ayında Tovuz istiqamətində düşmənə layiqli cavab verildi və Ermənistana mesaj verildi ki, Azərbaycan heç vaxt işğalla barışmayacaq.
Işğal zamanı ermənilər mülki obyektlərlə yanaşı tarixi - mədəni abidələrimizə qarşı da vandallıq törətdilər. Onlarla dünya əhəmiyyətli, yüzlərlə misilsiz abidələrimiz məhv edildi. Azərbaycan dövləti ermənilərin bu vəhşiliklərini bütün dünyaya nümayiş etdirdi. Özlərini "qədim" və "mədəni" xalq adlandıran ermənilərin əsl simaları dünyaya məlum oldu.
Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz bu gün Prezident, Ali Baş Komandan cənab lham Əliyevin başçılıq etdiyi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordu sıralarındadır. Ordumuz döyüş hazırlığına görə MDB məkanında ön sıralarda yer alır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman Azərbaycanda güclü Ordu quruculuğuna böyük diqqət ayırır. Bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın ən güclü və müasir silahları yer alır. Bunun nəticəsidir ki, 27 sentyabr 2020-ci il tarixindən başlayaraq Azərbaycan Ordusu 44 gün ərzində "güclü ordu" imici yaratmış Ermənistan Ordusunu darmadağın etdi. Işğal altında olan torpaqlarımız işğaldan azad edildi. Ali Baş Komandan cənab İlham Əliyevin başçılıq etdiyi Ordumuzun Vətən Müharibəsi zamanı tətbiq etdiyi döyüş taktikası istər ABŞ, istərsə də digər böyük dövlətlərin ordu generalları tərəfindən yüksək qiymətləndirilib. Bu döyüş texnikasını ABŞ başda olmaqla bir çox böyük dövlətlər öz hərbi məktəblərində tədris olunması barədə qərar qəbul ediblər. Prezident İlham Əliyev hər zaman Ordu quruculuğunun dövlət siyasətinin ən əsas prioritetlərindən biri olduğunu qeyd edir.
Müharibə zamanı Azərbaycan Ordusunun qabağında tab gətirə bilməyəcəyini görən Ermənistan ordusu daha bir müharibə cinayətinə əl atmış oldu. Azərbaycan şəhərlərini ballistik raketlərlə atəşə tutdu. Aralarında uşaqlar da olmaqla 100-dən çox dinc əhalimiz gətlə yetirildi. Müharibə zonasından uzaqda yerləşən şəhərlərimizin atəşə tutulması və nəticədə dinc əhalinin gətlə yetirilməsi əsl müharibə cinayəti sayılır. Ermənistan buna görə beynəlxalq məhkəmələrdə cavab verməli olacaq.
Ermənistanın hərbi cinayətkar olmasının bir sübutu da işğal zamanı minalanmış ərazilərin xəritələrinin Azərbaycan tərəfinə verməməsidir. Basdırılmış yüz minlərlə mina regionda bərpa işlərini ləngidir, eləcə də mülki əhalimizin və hərbiçilərimizin həyatını təhlükə altına alır. Müharibədən sonra 150-dən çox mülki şəxs və hərbiçimiz minaya düşərək həyatlarını itiriblər. Beynəlxalq təşkilatlar bu məsələdə də ikili standartlar sərgiləyirlər. Minalanmış ərazilərin xəritələrin Azərbaycan tərəfinə verilməsi ilə bağlı Ermənistana heç bir təzyiq ğöstərilmir. Müharibədə olduğu kimi Azərbaycan özü Ermənistanı xəritələrin verilməsinə məcbur edəcək.
Vətən Müharibəsində Azərbaycan Ordusu böyük Zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. İstər birinci, istərsə də ikinci Qarabağ Müharibəsində şəhid olmuş hərbiçilərimizin və mülki əhalimizin qisasını aldılar. Vətən Müharibəsi zamanı şəhid olmuş hərbiçilərimizin ailə üzvləri, eləcə də qazilərimiz hər zaman dövlətimizin diqqətindədir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış hərbiçilərimiz döyüşdə göstərdikləri qəhrəmanlıqlara görə Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamları ilə dövlətin ən ali orden və medalları ilə təltif edilmişdilər. Bu gəbildən olan hərbiçilərimizin bütün maddi və mənəvi ehtiyacları dövlət tərəfindən həll edilir. Onlar evlərlə, mənzillərlə təmin edilirlər. Ölkə başçımız cənab İlham Əliyev hər zaman yaralı əsgərlərimizin yanında olacağını qeyd etmiş və onların bütün problemlərinin həll olunacağını vurğulamışdır. Bu gün də şəhidlərimizin ailə üzvləri və qazilərimiz dövlətimizin onlara göstərdiyi qayğıdan razı olduqlarını bildirirlər.
Azərbaycan döyüş meydanında istədiyinə nail oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi. Tarixi qələbə unudulmaz şəhidlərimizin, qazilərimizin qanı, canı, mərdliyi ilə savaş meydanında qazanılmışdır.
Qələbənin əldə olunmasında Sabirabad rayon gənclərinin də xidmətləri böyük olmuşdur. Belə ki, Sabirabad rayonu üzrə 1500 yaxın nəfər gənc Vətən Müharibəsində iştirak etmişdir. Onlardan 43 nəfəri torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuşdur. 185 nəfər döyüşçü sağlamlığını itirmiş, 14 nəfər döyüşçü isə əlillik statusu almışdır.
Şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və qaziləri daima Sabirabad rayon İcra Hakimiyyətinin diqqət mərkəzindədir. Onları narahat edən problemlərin həlli ilə bağlı dərhal zəruri tədbirlər görülür. Həmçinin bu təbəqədən olan vətəndaşlarımızın münasib işlə təmanatı istiqamətində də lazımi işlər görülür və bu istiqamətdə işlər davam etdirilir.
Bir neçə gündən sonra 27 sentyabr Vətən Müharibəsində qəhrəmancasına vuruşaraq şəhid olmuş zabit və əsgərlərimizin anım günü qeyd olunacaq. Prezident cənab İlham Əliyev 27 sentyabr - Vətən Müharibəsinin başladığı günü Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Dövlətimiz və xalqımız heç vaxt Vətən, torpaq, dövlət uğrunda canından keçmiş qəhrəmanlarını unutmayacaq. Onların xatirəsi hər zaman anılacaq və xatırlanacaq.
Ağarəhim Ağayev,
Sabirabad şəhər sakini, Şəhid atası